Tahir Tahiroviç: Rüstəm İbrahimbəyov səviyyəsində kinematoqrafçı yetişdirmək çətin olacaq

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, rejissor Tahir Tahiroviç Xalq yazıçısı Rüstəm İbrahimbəyov haqqında olan düşüncələrini aki.az-la bölüşüb.

“Rüstəm İbrahimbəyov Azərbaycan kinosu üçün imkanlarından da artığını elədi. Dünya  kinosunda “Oscar”, “Qızıl şir”, “Nika” mükafatlarına adını  yazdırdı. Söhbət ondan getmir ki, qazandığı mükafatlar digər ölkələrin filmlərinə aiddir. Burda söhbət azərbaycanlı adından gedir. Rüstəm İbrahimbəyov adında azərbaycanlı yaşayaraq özünə heykəl qoyduran insan idi” deyən T.Tahiroviç onu da əlavə edir ki, ümumiyyətlə onun səviyyəsində nəhəng kinematoqrafçını, yaxın 50 ildə üfüqdə belə görmür: “Mən bunu, Azərbaycan kinosunun sabah hər hansı bir festivalda qalib gəlmək şansını sıfıra endirmək mənasında demirəm. Amma sözün həqiqi mənasında ola bilər, hər hansısa bir ən yaxşı rejissorumuz, operatorumuz, aktyorumuz  gedib ən yaxşı bir mükafat alar. Amma və lakin Rüstəm müəllim kimi olmaq çətindir. Söhbət nəinki öz ölkəsində  kinematoqrafiya sahəsində nüfuz qazanmaqdan, başqa ölkələrdə, başqa kinematoqrafçılar tərəfindən də qəbul olunmaqdan gedir. O, belə şəxsiyyət idi.  Fərman Salmanov Azərbaycan nefti üçün, Tahir Salahov Azərbaycan rəssamlığı, Müslüm Maqomayev Azərbaycan musiqisi üçün kim idisə, Rüstəm İbrahimbəyov artıq keçmiş sovet məkanını aşıb keçmiş biri idi. Belə baxanda adlarını çəkdiyim şəxslər ancaq sovet məkanında tanıyırdılar”.

T.Tahiroviç onu da qeyd edir ki, Rüstəm İbrahimbəyov yeganə insan idi ki, kinematoqrafiya sahəsində onu bütün dünya tanıyırdı: “R. İbrahimbəyov səviyyəsində kinematoqrafçı yetişdirmək Azərbaycan üçün çox çətin olacaq. Bununla yanaşı, o sadəliyin, cəsarətin, ictimai-siyasi düşüncələrin də bir insan ürəyində cəmləşməsi çox nadir məsələdi. Rüstəm müəllimin vücudu qədər də böyük ürəyi var idi”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

.