Tamaşaçı iki filmin məngənəsində

Oktyabrın 3-də Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Azərbaycan” CinemaPlus-da “Yalnız məzar” və “Qütb ulduzu” qısametrajlı bədii filmlərin nümayişi keçirilib.

“Yalnız məzar” filmi ömrünün son günlərini yaşayan Fatmanın öləndə doğma kəndlərində dəfn olunmaq istəyidir. Lakin onun bu arsuzunu gerçəkləşdirmək müşkül işə çevrilir.

Filmin rejissoru, operatoru və ssenari müəllifi Elnur Paşadır. Müəllifin sözlərinə görə filmdə əksini tapan hadisələr rejissorun şəxsi həyatını, məhz, onun doğma nənəsinin əhvalatıdır. Paytaxtdan kənarda aparılan çəkilişlər haqda fikir bildirən müəllif bu prosesin çətinliyini, kino avadanlığı əldə etməyin müşkül olduğunu qeyd etdi.

“Qütb ulduzu” filmi İkinci Qarabağ müharibəsi zamanı oğlu şəhid olmuş ailənin bu hadisədən sonra düşdüyü psixoloji vəziyyətini göstərir.

Filmin rejissoru Şirin Əhmədov, ssenarisi Şirin Əhmədov və Elmar Fərzəliyə məxsusdur. Filmdə Xalq artisti Məmməd Səfa, Əməkdar artist Hüsniyyə Mürvətova, Tunar Əlizadə və Elməddin Zakirli rol alıblar.

Filmlərin nümayişindən sonra Sevda Sultanovanın moderatorluğu ilə tamaşaçılar və filmlərin müəllifləri arasında baş tutan qızğın müzakirədə İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin üzvləri də iştirak edirdilər. Səslənən müxtəlif fikirlərin arasında tənqidi yanaşmalar da yer almışdı. Lakin bütün auditoriyanın gəldiyi ümumi qənaətə görə, Qarabağ münaqişəsinin həqiqətlərini əks edən filmlərin sayı üstünlük təşkil etməlidir.

aki.az