“Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinin müddəti uzadıldı
Mədəniyyət Nazirliyinin elan etdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinın müddəti uzadıldı.
Xəbər verdiyimiz kimi, müsabiqə tammetrajlı bədii film kateqoriyasında sərbəst mövzuda keçirilir. Əsas məqsəd milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaqdır.
Mədəniyyət Nazirliyinin saytından əldə etdiyimiz məlumata görə, 2021-ci il dekabr ayının 1-dən elan olunmuş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinə layihələrin qəbulu reqlamentə əsasən yanvar ayının 17-də başa çatır.
Müsabiqəyə göndərilən sənədlərin toplanması və bəzi müəlliflər tərəfindən ssenarilərinin tamamlanması üçün əlavə vaxt verilməsi ilə bağlı edilən müraciətləri nəzərə alaraq müsabiqənin layihələrin qəbulu mərhələsinin yanvar ayının 31-ə qədər uzadılmasına qərar verilib. Məlumat üçün bildiririk ki, müsabiqənin digər mərhələləri reqlamentə uyğun olaraq davam edəcək.
Reqlamentlə http://mct.gov.az/az/bfdestek2022 linki vasitəsilə ətraflı şəkildə tanış olmaq mümkündür.
Aki.az