“Titrəmə” filminin çəkilişləri sona çatıb
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Titrəmə” filminin çəkilişləri sona çatıb. Ötən il çəkilişlərinə start verilən, “art house” janrında lentə alınan film fevralın əvvəlində son hazırlıq işlərini bitirib.
Medeniyyet.az saytının məlumatına görə, Mədəniyyət nazirliyinin sifarişi ilə çəkilən “Titrəmə” qısametrajlı filmin artıq post-prodakşn mərhələsi başlayıb.
Filmin rejissoru Amil Amal bildirb ki, ekran əsərinin çəkilişləri qarlı hava şəraitində Qubanın Qəçrəş, 1-ci Nügədi və Qrız kəndlərində aparılıb.
A.Amal bundan əvvəl bir çox filmlər ərsəyə gətirb. Onun rejissor və ssenarisi özünə aid olan “Kor-koranə”(qısametrajlı 2010), “Neft şəhərinin sakini”(qısa. film 2011), “Qara bağ”(qısa.film 2016, “Son Seçim”(qısametrajlı-2017), bundan başqa rejissor kimi çəkdiyi “Abşeron”(serial-2016, “Lənkəran”(sənədli film 2016) və s. mövzu müxtəlifliyi ilə diqqəti çəkir.
Xatırladaq ki, filmin mövzusu bir ayağını mina partlayışı zamanı itirmiş əsgərin dramı üzərində qurulub. Ayağını itirən əsgər ra böyük sarsıntılar keçirir və bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur. Əslində filmin əsas mesajı müharibənin törətdiyi dəhşətləri bəşəri dəyərlər çərçivəsində tamaşaçıya çatdırmaqdan ibarətdir.
“Titrəmə” filmini rejissorun digər filmlərindən fərqləndirən əsas cəhətlərdən biri də filmdə söz, mətnin yer almaması, musiqinin olmamasıdır.
Filmdə əsas rolları əməkdar artistlər Bəhruz Vaqifoğlu və İlqar Cahangirin canlandırır.
Filmin yaradıcı heyəti: ssenari müəllifləri Amil Amal (Məmibəyli), Aqşin Evrən, Ayşad Səfərəliyev, operatoru Əli Sultanov, bədii rəhbəri və prodüseri Cəmil Quliyevdir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı