Tofiq Mirzəyev – 90
40-a yaxın filmdə bir-birindən maraqlı rollar yaradan, “Azərbaycanfilm”lə yanaşı, “Mosfilm”in, Dovjenko adına kinostudiyanın istehsal etdiyi filmlərə dəvət alan, Azərbaycan Kinematoqrafçılar ittifaqının üzvü, rejissor, musiqiçi, aktyor, Xalq artisti Tofiq Mirzəyevin yubiley günüdür, 90 yaşı tamam olur.
Tofiq Mirzəyev 16 iyun 1932-ci ildə Gədəbəydə anadan olub. Yaradıcılığa musiqi ilə başlamış, sonradan kino ilə davam etmişdir. Azərbaycan Konservatoriyasının klarnet sinifini bitirən T.Mirzəyev maestro Niyazinin dəvətilə Dövlət simfonik orkestrində çalışıb, Azərbaycan, dünya simfonik musiqilərini ifa etməyə başlayıb. Q.Qarayevin, C.Hacıyevin, F.Əmirovun, Niyazinin əsərlərinə, eləcə də Rus və Avropa bəstəkarlarının klassik musiqilərinə yaxından bələd olub, eyni zamanda cazla da maraqlanıb.
“Uşaqlığın son gecəsi, “Ən vacib müsahibə”, “İstintaq”, “Nəsimi”, “Üzeyir ömrü”, “O qızı tapın”, “Onun bəlalı sevgisi”, “Ömrün ilk saatı”, “Şahid qız, “Əlvida, cənub şəhəri” və s. filmlərdə maraqlı obrazlar silsiləsi yaradan aktyor ilk dəfə 1968-ci ildə rejissor Arif Babayevin quruluş verdiyi “Uşaqlığın son gecəsi” filmində Rüfət roluna çəkilib.
Tofiq Mirzəyev ilk filmi haqqında danışarkən deyib ki, ekran əsərində iki cəbhə üz-üz dayanıb: “Birincilər Rüstəm və Murad həyatda təmiz olmaq, xoş əməllər arxasınca getmək, böyük işlər görmək arzusundadırlarsa, onların qarşılaşdıqları Rüfət, Məcnun, Elya kimilər əksinə hərəkət edirlər. Mənim yaratdığım Rüfət bir insan kimi fəndgirdir, öz hiyləsi ilə Muradı da düşdüyü bataqlıq toruna salmağa çalışır. İlk baxışda səliqəli geyinən, boylu-buxunlu, yaraşıqlı bir gəncin cinayətkar olmasına inana bilmirsən. Bu obrazı yaradarkən çalışdım ki, Rüfətin qəlbindəki bütün çirkinlikləri açıb göstərə bilim. Necə deyərlər, onun maskasını çıxarıb, əsl simasını aşkar edə bilim. Deyəsən istədiyimə nail ola bilmişəm. Çünki ilk sınaqdan müvəffəqiyyətlə çıxmağım məni yeni kino obrazlarına həvəsləndirməklə yanaşı, eyni zamanda rejissorların da diqqət mərkəzində saxladı. Sonralar ardıcıl olaraq bir neçə filmdə yaddaqalan obrazlar yaratdım”.
Onun iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir.
Onun “Mosfilm”in istehsalı olan, rus aktyoru Vyaçeslav Tixonovla birlikdə çəkildiyi çoxseriyalı “Cinahsız cəbhə” filmi xüsusilə diqqəti çəkir. Filmdə döyüş zabiti Əliyev rolunu oynayıb.
90 yaşın zirvəsinə yüksələn Tofiq Mirzəyev artıq uzun illərdir ki, İsraildə yaşasa da qəlbi daima Azərbaycan üçün döyünür. Çünki bilir ki, onu Azərbaycanda sevən, yaradıcılığını daima izləyən böyük tamaşaçı kütləsi var.
Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Xalq artisti” və “Şöhrət” ordeni ilə təltif edilən aktyor buna görə öz minnətdarlığını bildirib: “Mən buna görə çox təşəkkür edirəm Prezidentimizə, çox təşəkkür edirəm Vətənimə, Azərbaycan xadimlərinə, xalqımıza. Mən çox minnətdaram, çox razıyam ki, məni unutmayıb, yadda saxlayıblar. Mən çox şadam, çox şadam…”
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından görkəmli aktyor Tofiq Mirzəyevi həm fəxri titullar alması münasibətilə, həm də yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, sağlam həyat arzulayırıq!
aki.az