“Ulu türkün Təbrizi” sənədli filminin təqdimatı keçiriləcək
Fevralın 26-da “Ulu türkün Təbrizi” sənədli filminin təqdimatı keçiriləcək. Nizami Kino Mərkəzində təşkil olunan təqdimat Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbirində baş tutacaq.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Kəmalə Musazadənin ssenarisi və rejissor işi nəticəsində ərsəyə gələn sənədli film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında lentə alınıb. Rejissor Kəmalə Musazadə “Adsız məzar”(2006), “Cavanşir”(2013) və s. filmləri ilə tanınır.
Yeri gəlmişkən, rejissor “Ulu türkün Təbrizi” sənədli filmini Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyliyə həsr edib.
T.Xəlilbəyli 12 fevral 1964-cü ildə xalq şairi Xəlil Rza Uluturkün ailəsində dünyaya göz açıb. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini kütləvi tamaşalar üzrə rejissor fakültəsində qiyabi yolla davam etdirir, eyni zamanda “Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlayıb. Azərbaycan torpaqlarının işğalçıların təzyiqinə məruz qaldığı bir vaxtda o, 1991-ci ilin sonlarında könüllü olaraq cəbhəyə yola düşüb. Cəbhədə cəsarəti ilə böyük nüfuz və hörmət qazanır. Döyüş şücaətlərinə görə Daxili İşlər Nazirliyinin “Boz qurd” mükafatına layiq görülüb. 1992-ci il yanvar 31-ində baş verən döyüşdə qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqı