“Ümid bələdiyyəsi” filminin premyerası
Kino Evində növbəti premyera Elvin Əhmədin “Ümid bələdiyyəsi” filmi olacaq.
Rejissor Elvin Əhmədin quruluşunda çəkilən Ümid bələdiyyəsi” filmi mokumentaldır, yəni, janr olaraq bədii və sənədli kinonun sərhədində lentə alınıb.
Film, iki uşaqlıq dostunun başlarına gələn əhvalatlardan bəhs edir. Elşən Türkiyədə təhsil alır və 2 illik fasilədən sonra yay tətili üçün öz kəndlərinə gəlir və bununla da hadisələr cərəyan etməyə başlayır. Belə ki, qəhrəmanımız günlərin birində bazarın qarşısında uşaqlıq dostu Cahangirlə rastlaşır. Dostların səmimi görüşü və müxtəlif mövzulu söhbət üzərində qurulan dialoqlar nəhayət ki, bələdiyyə institutunun vacibliyi üzərində müzakirə aralarında konflikt yaradır. Yolboyu iki dostun müzakirə və münasibətləri filmin süjet xəttini təşkil edir.
Filmin ssenaristi və rejisoru Elvin Əhməd, görüntü rejissoru Orxan Şahtürk, prodüseri Toğrul İsmayılovdur.
Rollarda iştirak edirlər: Elşən Ədalətli və Cahangir Məlikov.
Film 15 dekabr, saat 17.00-da Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində nümayiş olunacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı