``Ümid dayanacağında`` filmi təqdim olunub
Oktyabrın 26-da Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi Ələkbər Muradovun 75 illik yubileyi münasibətilə xatirə gecəsi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi nümayiş olundu.
Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Ələkbər Muradovun kino və televiziya yaradıcılığı haqqında ətraflı məlumat verdi. Sonra rejissor Murad Muradovun yubilyara həsr edilmiş “Ümid dayanacağında” sənədli filmi ilk dəfə tamaşaçılara təqdim olundu.
“Ümid dayanacağında” sənədli filmi Əməkdar incəsənət xadimi, fotoqraf, rəssam, təsvir rejissoru, kinorejissor Ələkbər Muradovun həyat və yaradıcılığından bəhs edir. Filmin yaradıcı heyəti rejissorun həyat mərhələlərini arxiv materialları, bədii səhnələr və müsahiblərin xatirələri vasitəsilə tamaşaçılara çatdırırlar. Filmdə Ələkbər Muradovun “Qırmızı şarla vidalaşma…” adlı kitabından, “Azərbaycanfilm”in istehsalı olan filmlərdən fraqmentlərdən və Ə.Muradovun 2001-ci ildə çəkilmiş müsahibəsindən (Lider TV, “Kinoman” verilişi) istifadə olunub. Bu müsahibədə Ə.Muradovun öz həyatı, filmləri və sənətə baxışı haqqında fikirləri yer alır.
Filmin rejissoru Murad Muradov, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Soltan Abdullayev, montaj rejissoru Anar Bəxtiyaroğludur. Filmin kadrarxası mətnini Vüsal Murtuzəliyev səsləndirib. Filmdə Ələkbər Muradovun uşaqlığını onun nəvəsi Cavad Muradov canlandırıb.
“Ümid dayanacağında” filmi Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə ərsəyə gəlib.
aki.az