Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev ömrünün 78-ci ilində vəfat edib.
Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1955-1965-ci illərdə orta məktəbdə, 1965-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda fakültəsində təhsil almış, 1969–1972-ci illərdə həmin institutun Tədris Teatrında aktyor kimi fəaliyyət göstərmişdir. 1972-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətinə davam etmiş və az müddətdə aktyor kimi özünə geniş tamaşaçı auditoriyası toplamağı bacarmışdır. O, aktyor kimi özünəməxsus ifa tərzi, əxlaq çərçivəsində olan yüksək səhnə mədəniyyəti sayəsində bir-birindən dəyərli rollara, eyni zamanda tarixi obrazlara ekran həyatı verməklə tamaşaçıları öz təsir gücündə saxlamağı bacarmışdır.
R.Balayevin oynadığı filmlərdəki – “Nəsimi”(1973), “Qatır Məmməd”(1974), “Dədə Qorqud”(1975), “Arxadan vurulan zərbə”(1977), “Babək”(1979), “İstintaq”(1979), “Gözlə məni”(1980), “Birisigün, gecəyarısı”(1981), “Köhnə bərə”(1984), “Qanlı zəmi”(1985), “Lətifə”(1989), “Doğma sahillər”(1989), “Həm ziyarət, həm ticarət”(1995), “Cavid ömrü”(2007), “Qala”(2008), “Sübhün səfiri”(2012) və s. obrazların hər biri öz dəyər gücünü qoruyub saxlayır. O, eyni zamanda Türkiyə, Almaniya, İran, Tacikistan, Özbəkistan, Moskva, Gürcüstan və başqa kinostudiyaların istehsal etdiyi bir çox filmlərdə də maraqlı rollar qalereyası yaratmışdır.
Azərbaycan xalqının görkəmli şair və filosofu İmadəddin Nəsiminin obrazını yaratmaqla kinoda ilk böyük işi ilə xalqın sevgisini qazanan, görkəmli sərkərdə və siyasi xadim, qəhrəmanlıq simvoluna dönən Babək obrazı ilə xalqa savaşçı ruhunu aşılayan, Beyrək obrazı ilə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm edən, Nicat obrazı ilə sıravi Qırmızı Ordu döyüşçüsündən dağ rayonunun fövqəladə komissarına qədər yüksələn Nicatın taleyini, onun bəy qızına olan məhəbbət hisslərini yaradan, Cavid obrazı ilə repressiya qurbanı Hüseyn Cavidin keşməkeşli həyatından olan parçaların mənzərəsini gözlərimiz önündə canlandıran və daha neçə-neçə obrazlara təbii rənglər qataraq onu böyük auditoriyaya təqdim etmək Rasim Balayev yaradıcılığına xas keyfiyyətdir.
R.Balayevin yaradıcılığı sadəcə aktyorluqla məhdudlaşmayıb. 1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi kimi fəaliyyət göstərmiş, onlarla önəmli layihələrin, tədbirlərin, kinematoqrafçılar üçün hazırlanan proqramların həyata keçirilməsində böyük rol oynamışdı.
Uzun fasilədən sonra, 11 may 2022-ci il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin keçirdiyi iclasda sədr seçilmiş və ömrünün sonuna qədər fəaliyyətinə davam etmişdir.
Onun sədrliyi dövründə Azərbaycan Kinematoqrafçılar İttifaqı böyük nailiyyətlər əldə edib. Kino ittifaqlarının birləşməsində, birgə fəaliyyət göstərməsində, kinematoqrafçıların problemlərinin ortaq həllində, gənc nəsilə verdiyi dəstək, onların kino üçün yetişməsində başlıca rol oynamışdır ki, bütün bunlar da yaxın tarixdə baş verib.
Rasim Balayevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Əməkdar artist (1976), Xalq artisti (1982) fəxri adlarına, Dövlət mükafatına (1986) layiq görülmüş, “Şöhrət”(1998), “Şərəf”(2018), “İstiqlal”(2023) ordenləri ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Allah rəhmət eləsin!
aki.az

