Uzun illərin dostundan təbrik

“Hər şeyin təzəsi, dostun köhnəsi”.  Bayramlarda bu məsəl daha çox yada düşür. Çünki təbriklər arasında bizi ən çox sevindirən məhz köhnə dostlarımızın təbrikləri, xoş arzularıdır.
Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının (Ümumrusiya Teatr Cəmiyyəti) sədri, Rusiyanın Xalq artisti Aleksandr Kalyagin Xalq yazıçısı Rüstəm İbrahimbəyova təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Səni qarşıdan gələn Yeni İl və Milad bayramları münasibətilə təbrik etməyimdən böyük fərəh duyuram. Təəssüf ki, 2021-ci il də ondan əvvəlki il kimi çətin keçdi, ağır problemlərdən, çoxlu sınaqlardan sığortalanmadı. Lakin əminəm ki, biz hər halda immunitet qazana bildik, həm də təkcə hərfi mənada deyil, müdafiə olunmaq, qorunmaq üsulları tapmağı, dəyanətli olmağı, nikbinlik hissini itirməməyi, əminlik  duyğusunu, yaxşı əhval-ruhiyyəni qoruyub-saxlamağı öyrəndik.
Uzun illərin dostluğuna görə sənə təşəkkür edirəm. Səni əmin etmək istəyirəm ki, hətta bu əzazil virusun yeni ştammının meydana gəlməsi  belə bizim ən sevimli bayramımızın ovqatını tutqunlaşdıra bilməz, gecəyarı biz arzu tutub onun çin çıxmasına ümid edəcəyik.
Sənə və sənin doğmalarına can sağlığı, can sağlığı, can sağlığı. Sevgi, xoşbəxtlik, xeyirxahlıq həyatınızdan əskik olmasın.
Dəyişməz hörmət hissi ilə səmimi qəlbdən sənin Aleksandr Kalyagin”.

Xatırladaq ki, A. Kalyagin R. İbrahimbəyovun ssenariləri əsasında Rasim Ocaqovun çəkdiyi,”İstintaq”, “Özgə ömür” filmlərində baş rolu ifaçısı olmaqla yanaşı, “Bağlı qapı arxasında”, “Park” filmlərində də maraqlı xarakterlər yaratmışdır.

Aki.az