“Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində
“Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində qəhrəmanlıq mövzsunda olan filmlərin nümayişi davam edir.
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən bu layihə Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub. “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Qaradağ rayon Heydər Əliyev Mərkəzində, A.R.Qobustanlı adına Mədəniyyət evində, Suraxanı rayon Heydər Əliyev Mərkəzində və Şüvəlan qəsəbə Mədəniyyət evində filmlər nümayiş olunub.Azərtac-ın məlumatına görə, Qaradağ və Suraxanı rayonlarında Milli Qəhrəman Rövşən Əliyevə həsr olunan “Rövşən” filmi (rejissor Natiq Qurbanov), Milli Qəhrəman Məmməd Hüseynova həsr olunan “Müəllim” filmi (rejissor Emin Əfəndiyev) və Şüvəlan qəsəbə Mədəniyyət evində Milli Qəhrəman Səxavət Məhərrəmova həsr olunan “Məni yada salarkən” filmi (rejissor Yavər Rzayev) nümayiş olunub.
Qeyd edək ki, filmlərin nümayişindən öncə “Vətənpərvərlik kinosu həftəsi” layihəsinin məqsəd və məramı haqqında məlumat verilib, yaradıcı heyət, Milli qəhrəmanların ailə üzvləri və silahdaşları onların göstərdikləri igidliklərdən danışıblar.
O da qeyd olunub ki, artıq üçüncü ildir həyata keçirilən layihənin əsas məqsədi Azərbaycanın Milli qəhrəmanlarını gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı