V ANİMAFİLM festivalının müsabiqə iştirakçıları açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşı olduğu V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 7-11 sentyabr 2022-ci il tarixində Bakıda keçiriləcək.

V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib.

Siyahı festivalın www.animafilm.az rəsmi saytında dərc olunub. Bütün seçilmiş filmlərə beynəlxalq və uşaq münsiflər heyəti baxacaq, qaliblər festivalının açılış və bağlanış mərasimlərində elan olunacaq.

Filmlər üzrə seçim komissiyasına aşağıdakılar daxildir: Demetrios Poursanidis (Yunanistan), Carlos Douglas (ABŞ), Liz Manresa (Fransa), Hasan Patası (Belçika), Firəngiz Bağırova (Azərbaycan), Nəzrin Ağamalıyeva (Azərbaycan), Shira Roth (ABŞ), Nitya Ramlogan (ABŞ), Katerina Ku (Çexiya Respublikası), Lewis Barr (İngiltərə), Sonia Sarlak (İran).

Bu ilki festivala 50 müxtəlif ölkədən 230 film daxil olub. Seçim komissiyası müsabiqəyə 29 ölkədən 75 film qəbul edib. Bu filmlər 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə yarışacaq. Bundan başqa, bu il “Tamaşaçı seçimi” müsabiqəsi də elan olunur. “Tamaşaçı seçimi”nin qalibi festival film nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri üzrə müəyyənləşdiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək bu ilki festival “İQLİM DƏYİŞİKLİYİ” mövzusuna həsr olunub. Festival çərçivəsində iqlim dəyişikliyi ilə bağlı filmlərin nümayişi və müzakirəsi ilə yanaşı, geniş xeyriyyə aksiyası keçiriləcək. Belə ki, festivalın bilet satışından əldə olunan bütün vəsait ölkə ərazisində ağac əkilməsinə sərf ediləcək. Bilet satışı ilə bağlı məlumat tezliklə elan olunacaq.

aki.az