V DokuBaku Beynəlxalq Sənədli Film Festivalı başlayır

3-7 noyabr 2021-ci il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas tərəfdaşlarından olduğu V DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.

Bakıda təşkil olunan festival çərçivəsində nümayiş ediləcək filmlərin əksəriyyəti insanların daxili və xarici metamorfozlarına, öz daxili axtarışlarına və yer üzündəki varlıqlarının mənasına həsr olunacaq.

Xatırladaq ki, builki festivalın əsas mövzusu “Hisslər ±” dır. Bu baxımdan da təqdim olunacaq filmlərin əksəriyyəti insanların daxili və xarici metamorfozlarına, öz daxili axtarışlarına və yer üzündəki varlıqlarının mənasına həsr olunmuşdur.

Festivalın direktoru İmam Həsənov bildirib ki, builki festival Azərbaycanda son illərdə keçirilən ən geniş miqyaslı festival olacaq: “Bu il bir insanın hissləri kimi intim bir sahəyə toxunmaq qərarına gəldik. Bu gün insan təbiətini filmlərlə kəşf edirik və buna görə də bu festivalı keçiririk. İnanıram ki, DokuBaku festivalı tezliklə bütün sənədli film həvəskarları üçün əlamətdar bir hadisəyə çevriləcək və tez bir zamanda insanlar bizim haqqımızda nəinki ölkə daxilində, hətta ölkə hüdudlarından kənarda da danışacaqlar”.

Yeri gəlmişkən, festivalın proqramı 200-dən çox təqdimat arasından seçilmiş 50 filmdən ibarətdir və finalçılar 30 ölkəni təmsil edir. Bundan başqa, Azərbaycan sənədli filmlərinin retrospektivi təşkil olunacaq və mərhum azərbaycanlı senarist və rejissor Çingiz Rəsulzadənin xatirəsinə həsr olunacaq.

DokuBaku festivalı Ən Yaxşı Uzunmetrajlı, Ən Yaxşı Qısametrajlı və Ən Yaxşı Azərbaycan Sənədli Filmi adlı nominasiyaları açıqlayıb. Bütün bunlarla yanaşı, pandemiya zamanı həyatla bağlı yarışmadan kənar filmlərin nümayişi də həyata keçiriləcək.

Seçim komitəsinin festivalın tamaşaçılarına və münsiflər heyətinə təqdim ediləcək bütün filmləri qiymətləndirməsi üç ay vaxt aparıb. Münsiflər heyəti festival boyunca namizədləri qiymətləndirəcək.

Festivalın münsiflər heyətinə Vitaly Mansky və Kristian Feigelson kimi tanınmış sənədli film rejissorları və mütəxəssislər daxildir.

Dəvət olunmuş qonaqlar arasında mükafat laureatları və Azərbaycan sənədli film sənətinin elitasının nümayəndələri də var. Hər kateqoriyada qaliblər diplom və əldə hazırlanmış iHuman heykəli ilə təltif olunacaqlar. Eyni zamanda  festivalın iki xüsusi mükafatı və önəmli xidmətlərinə görə Azərbaycan kinematoqrafiyasının görkəmli nümayəndələrinə təqdim olunacaq iCyborg mükafatı var.

Məlumat üçün bildirək ki, 2017-ci ildə yaradılmış festivalın məqsədi dünyanın hər yerindən qabaqcıl sənədli filmləri təqdim etməkdir. Festival, eyni zamanda, hər il olduğu kimi, yeni müəllifləri aşkarlamaq və yerli sənədli film üzrə filmmeykerlərə dəstək vermək niyyətindədir.

Filmlər orijinal dildə, Azərbaycan dilində altyazılar ilə nümayiş ediləcək builki festival Bu il festival Goethe İnstitut, Free Art və Barza Art Bureau dəstəyi ilə təşkil olunub.

Festivalın tərəfdaşları Azərbaycan Kinematorafçlar İttifaqı, Mədəniyyət Nazirliyi, Bakı Media Mərkəzi, Colibri Arts, Institut Français d’Azerbaïdjan və YARAT Müasir İncəsənət məkanıdır.

Festival proqramına musiqi və teatr tamaşaları, mühazirələr və müzakirələr də daxildir.

Nümayiş məkanları: Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evi, YARAT Müasir İncəsənət Mərkəzi, Cine House, Kapellhaus, Nizami Kino Mərkəzi, Daş Salnamə Muzeyi Informasiya dəstəyi: Aki.az, Trend.az, Day.az, Milli.az, Azernews, Chaikhana Media.

Biletləri iticket.az saytında əldə etmək olar.

Tam proqram www.dokubaku.az saytında mövcuddur.

aki.az