Vaqif Azəryar - 65

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, “Qarabağ şikəstəsi”, “Avtoritet”, “Harmoniya”, “Torpaq”, “Çiçinin çiçəyi”, “Xudafərin – dərdi dərin” və s. filmlərin rejhissoru Vaqif Azəryarın ad günüdür, 65 yaşı tamam olur.

V.Azəryar 1 sentyabr 1956-cı ildə Bərdədə dünyaya göz açıb. 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb. Bir çox filmlərin yaranmasında ssenarist və rejissor kimi çalışıb.

O, yaradıcılıq fəaliyyəti dövründə müxtəlif mövzularda bir çox filmlərə (“Torpaq” (1989, qısametrajlı sənədli film) – rejissor, “Çiçinin çiçəyi”(1990, qısametrajlı sənədli film) – rejissor, “Xudafərin – dərdi dərin” (1990, qısametrajlı sənədli film) – rejissor

Yubiley (II) (1990, qısametrajlı sənədli film) – rejissor, “Bakıda insan ovu” (1991, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, “Qarabağ şikəstəsi” (1996, qısametrajlı bədii film) – rejissor, “Spasibo”(1998, tammetrajlı bədii film) – rejissor, prodüse, “Avtoritet”(2000, tammetrajlı sənədli film) – rejissor, “Harmoniya” (2009, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi, “Kənddə sonuncu yəhudi”(2015, qısametrajlı sənədli film) – ssenari müəllifi) quruluş verib.

Onun 1998-ci ildə Əmir Pəhləvanın ssenarisi əsasında çəkdiyi “Spasibo”(Yaşar Nuri ilə birlikdə) filmi onun yaradıcılığında xüsusi yer tutur.

Azərbaycanın üçrəngli bayrağına ithaf olunan filmin mövzusu maraqlı olduğu qədər də düşündürücüdür. Belə ki, maddi imkansızlıq ucbatından evlənmək istəyini həyata keçirə bilməyən müəllim axırda belə qərara gəlir ki, sovet bayraqlarından bel sapı hazırlayıb pul qazansın və bunu həyata keçirir.

Rejissorun “Qarabağ şikəstəsi” adlı qısametrajlı bədii filmi də orijinal rejissor işi ilə fərqlənir. Bütün bunlarla yanaşı, Vaqif Azəryar eyni zamanda mahir sənədli filmlər ustasıdır.

“Torpaq” filmində 89-cu il hadisələrini bütün çılpaqlığı ilə göstərə bimişdir. Filmin mövzusu humanist prinsiplər üzrə yaşayan hər bir kəsi düşündürür. Ekran əsərində söhbət yaxın vaxtlara qədər Ermənistanda yaşamış, indi isə öz doğma ev-eşiyindən qovulmuş iki yüz min azərbaycanlının acı taleyindən gedir.

Vaqif Azəryarın ssenarisi əsasında çəkilən “Kənddə sonuncu yəhudi” sənədli filminin(Rüfət Əsədovla birlikdə) mövzusu həyatdan götürülüb.

Filmdə XIX əsrin əvvəlində Şamaxı zəlzələsindən sonra yəhudilərin Mücü kəndindən köçərək indiki İsmayıllı rayonunun ərazisindəki Mücü-Həftaran kəndini yaratmasından bəhs edir. Bu mövzu da təsirli olduğu qədər də qürurvericidir. Çünki Azərbaycan torpaqlarında başqa xalqların yaşaması üçün yaradılan şərait məhz bu kimi məqamlarla ortaya çıxır ki, bu da böyül təbliğat rolunu oynayır.

Qaynar iş fəaliyyətini sevən, sənəti yüksək qiymətləndirən Vaqif Azəryarı yubiley yaşı münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

aki.az