VI DokuBaku Beynəlxalq Sənədli Film Festivalına start verilib

Sentyabrın 21-də DokuBaku Beynəlxalq Sənədli Film Festivalının açılış mərasimi baş tutub.

Festivalın builki mövzusu “Təkamülə qarşı inqilab”dır(Re≈MC2VOLUTiON/OFF). Belə bir mövzunun seçimi bəşəriyyətin artıq təkamülə arxalanmaması ilə izah olunur.

Yeri gəlmişkən, festivalın tərəfdaşlarından biri də Azərbaycan Kinematorafçılar İttifaqıdır.

Bu il festivalda  33 müxtəlif ölkədən 60-dan çox sənədli film nümayiş etdiriləcək. Bütün filmlər 6 kateqoriyada təqdim olunur: “Ən Yaxşı Tammetrajlı Sənədli Film”, “No Main”,  “Ən Yaxşı Beynəlxalq” və “Yerli Qısa Sənədli Film”, “Müsabiqədən kənar”, “DokuKids” və “DokuUA”.

Açılış mərasimi festivalın  İmam Həsənovun təbriki ilə başlayıb, daha sonra avstriyalı kinorejissor Mariya Arlamovskinin “ROBOLOVE” filminin nümayişi ilə davam edib. Bütün filmlər festivalın əsas mövzusuna,  Re≈MC2VOLUTiON/OFF (Təkamülə qarşı inqilab) – a həsr olunub. Mərasimdə beynəlxalq və yerli münsiflər heyəti təqdim olunub. Onların arasında çoxsaylı beynəlxalq mükafatlar laureatı, rejissor Sergey Dvortsevoy, azərbaycanlı yazıçı, dramaturq və rejissor İsmayıl İman, FIPADOC-un idarəedici və bədii rəhbəri Kristin Kamdessus, azərbaycanlı prodüser Leyla Dostalizadə, rumın yazıçısı və rejissoru Boqdan Mureşanu, azərbaycanlı rejissor və senarist Asif  Rüstəmov, iranlı kinorejissor Reza Siami, bolqar jurnalist, senarist və rejissor Emil Spahiyski, Azərbaycanda müstəqil kino təbliğatçısı Rəşad Şirinov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media Şöbəsinin müdiri Rüfət Həsənov da var. Bundan başqa, tədbirdə öz filmlərini təqdim edəcək bir çox beynəlxalq və yerli kinorejissor və prodüserlər – Pavel Lozinski, Helmut Dosantos, Aqneşka Mankieviç, Mətləb Muxtarov, Nihad İsa, Amil Amal və İlkin Yusif də iştirak ediblər.

Sentyabrın 25-də Nizami Kino Mərkəzində festivalın bağlanış mərasimi keçiriləcək.

Xatırladaq ki, 2017-ci ildə yaradılmış DokuBaku Beynəlxalq Sənədli Film Festivalının məqsədi dünyanın hər yerindən qabaqcıl sənədli filmləri təqdim etmək və yeni müəllifləri aşkarlayaraq yerli sənədli film üzrə filmmeykerlərə dəstək vermək niyyətindədir.

aki.az