VI DokuBaku Beynəlxalq Sənədli Film Festivalının qalibləri elan edildi
VI DokuBaku Beynəlxalq Sənədli Film Festivalı öz işini yekunlaşdırdı.
21-25 sentyabr tarixində baş tutan festivalın bu il üçün seçilən mövzusu “Təkamülə qarşı inqilab” idi. Belə bir mövzunun seçimi bəşəriyyətin artıq təkamülə arxalanmaması ilə izah olunur. Bu il festivalda 33 müxtəlif ölkədən 60-dan çox sənədli film nümayiş olundu. Bundan başqa, proqramda sənədli film ustası Sergey Dvortsevoyun filmlərinin retrospektivi də yer alıb.
Sentyabrın 25-də Nizami Kino Mərkəzində bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirildi.
- “Ən Yaxşı Beynəlxalq Qısa film” nominasiyası üzrə qalib Marita Tevzadze və Ana Jeqnaradzenin (Gürcüstan) “Hey, Günəş” filmi olub.
- “Ən yaxşı Yerli Qısametrajlı Film”ə rejissor Mətləb Muxtarovun “12/35” filmi layiq görülüb. Rejissor Amil Amalın çəkdiyi “Vulkan üzərində ev” filmi isə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Rişi Çandnanın “Festival Posteri” (Hindistan) və Sarah Bahramcahanın (İran) “Uşaqsız” filmləri də xüsusi mükafatlara layiq görülüb.
- İlkin Yusifin “Mən Qəhrəman Axtarıram” (Azərbaycan) və Səid Taci Farukinin “Min alov” (Fransa) filmi “No-Main” müsabiqəsində “Ən Yaxşı Tammetrajlı Sənədli Filmlər”dir. ”No-Main” müsabiqəsində Mileyn Quiard-Şmidin (Belçika) “Paça Hekayələri” filmi “Ən Yaxşı Qısametrajlı Sənədli Film” elan edilib. Münsiflər heyətinin xüsusi mükafatına Siril Kornunun (Fransa) “Mamodi, Sonuncu Baobab Qazıcısı” filmi layiq görülüb.
- “Ən Yaxşı Tammetrajlı Sənədli Film” nominasiyasında qalib isə polşalı rejissor Pavel Lozinskinin “Balkon” filmi olub. Festivalın münsiflər heyətinin xüsusi mükafatı Helmut Dosantosun “Meksika Tanrıları” və Nikolas van Hemelrik və Kler Vayskopfun “Alis” filmlərinə verilib.
Qaliblərin elan edilməsi ilə yanaşı, kinematoqrafiyada xüsusi xidmətlərinə görə, Azərbaycan və beynəlxalq kino sənəti ustalarına xüsusi iCyborg mükafatları da təqdim edilib. Onların arasında Sergey Dvortsevoy, Pavel Lozinski, Reza Deqati və Ceyhun Mirzəyev də var. Səhnə adı ilə daha çox “Ələkbər Əmi” kimi tanınan Ələkbər Hüseynov da uşaqlar üçün teatr sənətinin inkişafındakı xidmətlərinə görə “iHuman” mükafatına layiq görülüb.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının 2022-ci il üçün ənənəvi mükafatına İlkin Yusif “Mən qəhrəman axtarıram” sənədli filminin uğurlu rejissor həllinə görə layiq görülüb. Bundan başqa, AKİ rejissor Amil Amalın “Vulkan üzərində ev” qısametrajlı sənədli filminə isə maliyyə dəstəyi ayırıb. .
Festivalın sponsorlarına gəlincə, Free Art Pro, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.
2017-ci ildə Bakıda əsası qoyulan festival dünyanın hər yerindən sənədli filmləri nümayiş etdirmək məqsədi daşıyan ilk müstəqil beynəlxalq sənədli filmlər festivalıdır. Festival həmçinin yeni adlar tapmaq və yerli sənədli film istehsalçılarına dəstək olmaq niyyəti ilə həyata keçirilir.
aki.az