VIII Türk Dünyası Sənədli Filmlər Festivalında Azərbaycan uğuru

20-22 oktyabr tarixlərində Ankarada VIII Türk Dünyası Sənədli Filmlər Festivalı keçirilib.

Əsas məqsədi sənədli film rejissorlarını birləşdirmək, eyni zamanda, türk dünyasının mahiyyətini və əsas dəyərlərini ortaya qoymaqdan ibarət olan festivala bu il 23 ölkədən 372 film qatılıb. Festivalın müsabiqə proqramında 3 nominasiya üzrə 15 ölkədən 49 film iştirak edib.

Festivalın bağlanış mərasimində “Azərbaycanfilm”in 100 illiyinə həsr olunmuş Azərbaycan filmlərinin afişa sərgisi keçirilib. Sərgidə Türkiyənin incəsənət və ictimai xadimləri ilə yanaşı, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov və TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı qatılıb.

Sərgidə Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç kinomuzun tarixi ilə bağlı məlumat verib. Daha sonra festivalın bağlanış tədbiri keçirilib.

Qeyd edək ki, “Azərbaycanfilm-100” xüsusi mükafatını rejissor Hüseyn Erdemin “Deprem və ovakentli özbekler” filminə görə alıb. Mükafatı kinorejissor Tahir Tahiroviç təqdim edib.

“Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasının qalibi rejissor Ərturan Nəcəfi Gölün  “Növruz” filmi olub.

“Ən yaxşı qısametrajlı sənədli film” jürinin xüsusi mükafatını Leylaxanım Qənbərlinin “Böyük qırmızı ev” filmi qazanıb. “Ən yaxşı tammetrajlı sənədli film” mükafatını isə kinorejissor Vaqif Mustafayevin “Fikrət Əmirov” filmi qazanıb.

VIII Türk Dünyası Sənədli Filmlər Festivalının təşkilatçısı Türk Dünyası Jurnalistlər Birliyinin sədri Menderes Demirdir. O, bildirib ki, tədbir Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsi, bir sıra bələdiyyələr, birliklər, QHT-lər, universitetlər, media şirkətləri və digər təşkilatların dəstəyilə reallaşıb. Tədbirdə türk dünyasına verdiyi töhfələrə görə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri mərhum Qənirə Paşayevanın adına təsis edilən şərəf mükafatı, Azərbaycan Mədəniyyət Nazirliyinin “Azərbaycanfilmin 100 illiyi” kimi bir sıra mükafatlar sahiblərinə təqdim edilib.

Festivalın münsiflər heyətinin üzvü Tahir Tahiroviçin səfər xərcləri AKİ tərəfindən qarşılanıb.

aki.az