VIII ``Visla`` Polşa film festivalının açılışı olub
Azərbaycan Kinematoqrafçılar İttifaqının “Visla” Polşa film festivalı ilə əməkdaşlığı çərçivəsində səkkizinci dəfə keçiriləcək Polşa Film Festivalına start verilib. Oktyabrın 10-da təqdim olunan ilk film Maçey Kavalskinin “Təhlükəli centlmenlər” bədii filmi olub.
Nümayişdən öncə festivalın açılışı keçirilib. Festivalın koordinatoru və layihə meneceri Yanna Neka kinoşünas Sevda Sultanovanın suallarını cavablandırıb.
Yanna Neka Polşada film sektorunun inkişafından danışıb. Bildirib ki, inkişafın əsas səbəbi ölkədə yüksək keyfiyyətli kino məktəbinin olması və bu sahədə çalışan gənclər üçün azad mühitin yaradılmasıdır. Bundan əlavə, gənc kino işçilərinə dövlət dəstəyinin də olduğunu vurğulayıb.
Yanna Neka Polşa kinolarının özəlliklərindən də söz açıb. Dediyinə görə, polyak filmlərinin əsas özəlliyi yumoristik olmasıdır. Hətta onlar drama da yumor qatmağı bacarırlar.
“Təhlükəli centlmenlər” filminə gəldikdə isə, bu, kriminal və komediyanın yumoristik sintezidir. Qanqsterlər, incəsənət xadimləri, siyasətçilər və müəmmalı cəsəd. Nümayişdən əvvəl Sevda Sultanova film haqqında qısa məlumat verib. “Təhlükəli centlmenlər” tarixi-bioqrafik filmdir. Orada siyasi parodiyalar da var. Filmdə iştirak edən dörd əsas qəhrəman əslində Polşanın tanınmış ziyalılarıdır”, – deyə kinoşünas bildirib.
Filmi tamaşaçılar gülüş, qorxu, təəccüb hisslərilə izləyiblər. “Azərbaycan” CinemaPlus-da ümumilikdə 6 polyak filminin nümayişi baş tutacaq .
Növbəti filmlər 11, 12, 17, 24, 31 oktyabr tarixlərində “Azərbaycan” CinemaPlus-da nümayiş olunacaq.
aki.az