Vüqar Ağayev haqqında sənədli filmin çəkilişlərinə başlanılıb

“Nova Gorica” kino mərkəzi “Euroclima” şirkətinin dəstəyi ilə Vətən Müharibəsi qəhrəmanı Vüqar Ağayev haqqında sənədli filmin çəkilişlərinə başlayib.

Vüqar Ağayev 4 mart 1973-cü ildə  Qubadlı rayonunun Xanlıq kəndndə anadan olub.

1980-1990-cı illərdə orta təhsil alıb. 1991-1992-ci illərdə hərbi xidmət keçib. 1992-1994-cü illərdə Heydər Əliyev adına Hərbi liseydə təhsil alıb. Hərbi təhsilini bitirdikdən sonra leytenant hərbi rütbəsi alıb.

Hərbçi kimi 1996-cı ildə Naxçıvan MR-da xidmətə başlayıb. I Qarabağ müharibəsinin Milli Qəhrəmanı Əliyar Əliyevin taborunda döyüşüb. 1996-2000-ci illərdə Naxçıvan MR-nın Ordubad rayonu Soyuq dağda, 2000-2004-cü illərdə Naxçıvan şəhərində N saylı hərbi hissədə, 2004-2007-ci illərdə Kəngərli rayonu Qıvraq kəndində, 2007-2008-ci ildə Naxçıvan şəhərində N saylı hərbi hissədə, 2008-2009-cu ildə Şahbuz rayonunda, 2010-2015-ci illərdə Naxçıvan şəhərində N saylı hərbi hissədə xidmət edib. 2017-ci ilin noyabr ayında təqaüdə çıxıb.

Doğma yurdu Qubadlıdan məcburi şəkildə köçməli olan V.Ağayevin ən böyük arzusu düşmən tapdağı altında olan Vətən torpaqlarımızın azad edilməsi olub.

27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsində könüllü iştirak edib. 1 noyabrda Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.

Mayor Vüqar Ağayev ölümündən sonra “Vətən müharibəsi qəhrəmanı”, “Qubadlının azad olunması uğrunda” medalları ilə təltif edilib.

Qeyd edək ki, V.Ağayevə həsr olunan sənədli filmin çəkilişləri Bakıda və Qubadlıda həyata keçirilib. Film 25 oktyabrda (Qubadlının işğaldan azad olunduğu gündə) nümayiş etdiriləcək.

Filmin yaradıcı heyəti: Rejissor Aydan Əhmədova, operator Rafiq Əliyev və Yağmur Firuz, bədii rəhbər Tahir Tahiroviç, prodüseri Aslan Abdullayevdir.

aki.az