Vüqar İslamzadə. Yolun əvvəlində

“Yaxşı kinorejissor olmaq üçün istedaddan başqa mükəmməl təhsil də vacibdir” deyən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Vüqar İslamzadənin ad günüdür, 35 yaşı tamam olur.

V.İslamzadə 11 noyabr 1986-cı ildə Moskvada anadan olub. İncəsənətə bağlı mühitdə böyüyən Vüqar hələ uşaq yaşlarından fotoqrafiya ilə maraqlanıb. İqtisad Universitetində təhsil alıb. Almaniyada və ABŞ-da təcrübə keçib.

Reklam çarxlarının çəkilişlərilə fəaliyyətə başlayaraq bir çox festivallarda uğur qazanan Vüqar islamzadə 2014-cü ildə Kannda Korporativ filmlər Festivalının və II Bakı Beynəlxalq Turizm Festivalının qalibi olub.

2015-ci ildə çəkdiyi “Zabit şərəfi” qısametrajlı filmi “Qızıl Pəri” nominantı olaraq uğur qazanıb.

Bakıda keçirilən II Bakı Beynəlxalq Turizm Filmləri Festivalında “Reklam filmləri” kateqoriyasında “Ritmik gimnastika üzrə 30-cu Avropa Çempionatı”  video-çarxına görə gümüş mükafat qazanıb.

Bakı – 2014 – Bədii gimnastika üzrə Avropa çempionatı, Bakı – 2015 – Rəsmi reklam çarxı, və Azərbaycan Qolf turniri reklamını çəkmişdir.

Onun iş prinsipində öyrəndiklərini tez bir vaxtda həyata keçirmək artıq şüara çevrilib. Bu baxımdan da təhsildə  öyrəndiklərini həyata keçirmək üçün ilk fəaliyyətə “Butafilm” şirkətində başlayıb. Sonralar isə Bakı Media Mərkəzində fəaliyyətinə davam edib.

2014-cü ildə Bakı Media Mərkəzi Bakıda keçiriləcək Ritmik Gimnastika üzrə 30-cu Avropa Çempionatı ilə bağlı videoçarx hazırlamaq sifarişi alır və bu iş gənc rejissora tapşırılır.

Qısa vaxt ərzində reklam filmi hazırlanır. Film əvvəlcə II Bakı Beynəlxalq Turizm Filmləri Festivalında “Reklam filmləri” kateqoriyasında nümayiş etdirilib və gümüş mükafata layiq görülüb. Daha sonra isə Fransanın Kann şəhərində keçirilən “The Cannes Corparate Media TV Award” festivalında “Gümüş Delfin” mükafatını qazanıb.

V.İslamzadə deyir ki, dünyaca tanınmış münsif və ekspertlərin əlindən belə bir ödülü almaq təbii ki, xoşdur, lakin səmimi deyim ki, mən daha çox bədii filmlə uğur qazanmaq istəyirəm.

Bu arzunu reallaşdırmaq üçün yola çıxan rejissor “Qışqırıq”(qısametrajlı bədii film, rejissor), “Zabit şərəfi”(qısametrajlı bədii film, rejissor), “Əbədi ezamiyyət”(sənədli film-rejissor(Fariz Əhmədovla birgə) filmlərini çəkir.

2015-ci ildə çəkdiyi “Zabit şərəfi” filminin ssenarisi də rejissorun özünə aiddir.

Rejissor “Zabit şərəfi” üzərində bütün komanda üzvlərinin əməyi var” deyir: “Zabit şərəfi”nin ssenari müəllifi və quruluşçu rejissoru kimi demək istəyirəm ki, həyat çox qəribədir və insan mürəkkəb situasiyalara düşür. Belə situasiyalara düşdükcə bəzən yalanın həqiqətdən şirin olduğuna inanmağa məcbur olur”.

2016-cı ildə çəkilən  “Əbədi ezamiyyət”sənədli filmi 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

Filmin yaradıcı heyəti hazırlıq prosesində il yarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Pterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparmış, həmin şəhərlərdə video və fotoçəkilişlər etmiş, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə almışdırlar.

Onun 2018-ci ildə çəkdiyi “Şəki” sənədli filmi Türkiyənin İstanbul şəhərində keçirilmiş  IV Beynəlxalq Turizm Filmləri Festivalında iştirak edərək, festivalın “Ölkə filmləri” kateqoriyasında  “Ən yaxşı film” mükafatına layiq görülmüşdür.

Arzular sonsuz, uzun yol, bir sözlə, görüləcək işlər hələ qarşıdadır. Kinoda iddialı olan rejissor Vüqar İslamzadəni ad günü münasibətilə səmim qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

aki.az