Dəyərli söz, səs ustası Əminə Yusifqızının adını eşidərkən öncə gözlərimiz önündə onun Azərbaycan, eləcə də xarici film istehsalçılarının filmlərində dublyaj etdiyi xarakterlər canlanır. Daha sonra isə bədii qiraət ustası kimi səsləndiriyi şerlər yadımıza düşür, bu seçmə şerlər ruhumuzu oxşayır. Mikayıl Müşfiqin həsrətlə qələmə aldığı “Yenə o bağ olaydı” şerindəki duyğu yükünü duymaq və geniş auditoriyaya çatdırmaq Əminə Yusifqızı peşəkarlığının sadəcə kiçik bir nümunəsidir.
…Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi?
Səsləndirdiyi şerlər vasitəsilə onun səsinin sehrinə düşmək, sözün məna dəyərini anlamaq, hiss etmək və bütün bunları dinləyicisinə yaşatmaq bədii qiraət ustasının necə bir ustalıq nümayiş etdirməsinə bağlıdır. Təcrübə nə qədər çox rol oynasa da, yenə də yaranışdan olan güclü səs imkanları əsas götürülür. Onun sənət sevgisi də bütün bu duyğulardan qaynaqlanırdı.
Ə.Yusifqızı üçün teatr başqa bir dünya idi…Canlı ifa, tamaşaçıların varlığını hiss edərək obraza köklənmək çətin olıduğu qədər də böyük məsuliyyət idi. Kino isə, cansız kamera qarşısında ifa nümayiş etdirməsinə baxmayaraq möcüzəli bir dünya idi. Bu sehrli dünyanın içində olmaq ona hər şeyi ifadə edirdi.
1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Dublyaj, səsləndirmə sahəsində böyük işlər görüb. Onun iştirak etdiyi “Şərikli çörək”, “Sən niyə susursan?”, “Bizim küçənin oğlanları”, “Musiqi müəllimi” və s. filmlərdəki rolları ikinci dərəcəli, epizod rollar olsa da, yaddaqalan xarakterlərdən ibarətdir.
Aktrisa “Şərikli çörək” filmində Südabə obrazını oynayıb. Obraz epizodik olmasına baxmayaraq maraqlı alınıb. Film barədə deyirdi ki, ssenari müəllifinin, rejissorun, operatorun, rəssamın, aktyorların, işıqçıların və bir çox başqa peşə sahiblərinin iştirak etdiyi yaradıcılıq işi doğrudan da şərikli idi: “1969-cu ildə mən Gənc Tamaşçılar teatrında çalışırdım. Çoxdan tanış olduğum Şamil Mahmudbəyovu daim tamaşaçı salonunda görmək olardı. Yaxşı yadımdadır ki, rejissor hər dəfə məni görəndə, hal-əhval tutduqdan sonra deyərdi ki, səni mütləq filmlərimə çəkəcəyəm. Və bir gün məni yanına çağıraraq dedi ki, səni çəkilişinə başladığım “Şərikli çörək” filmində olan Südabə obrazına təsdiq etmişik. Həmin filmdən əvvəl mən Həsən Seyidbəylinin quruluş verdiyi “Sən niyə susursan?” filmində epizodik satıcı roluna çəkilmişdim. Şamil müəllim bir rejissor kimi uşaq filmlərini əvəzsiz çəkirdi. O, uşaq dünyasına varmağı çox gözəl bacarırdı, uşaq psixologiyasına yaxşı bələd idi. Filmdə mənim bazarda çəkiləcəyim səhnə ssenaridə yox idi. Sadəcə olaraq Şamil müəllim mənə demişdi ki, belə bir epizod olacaq və sənin nələr söyləyəcəyini də məhz həmin səhnənin çəkilişi günü deyəcəyəm. Doğrudur ki, çəkiliş günü yağış yağması hər şeyi alt-üst etdi. Ancaq sonrakı çəkiliş günündən mənim xəbərim olmadı. Təbii ki, buna görə rejissor bərk acıqlandı və köməkçisini günahlandırdı. Mən çox təəssüflənirəm ki, həmin səhnə çəkilmədi. Ancaq bu film mənim üçün uğurlu oldu”.
Kinostudiyada fəaliyyətə başladığı ilk illərdən səs imkanları uyğun olan obrazlarda rejissorlar onu çəkdikləri filmin dublyajına da dəvət ediblər.
Vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslərin tərənnüm olunduğu, Anarın ssenarisi əsasında Tofiq Tağızadənin 1975-ci ildə çəkdiyi “Dədə Qorqud” filmində Banıçiçək (Leyla Şıxlinskaya) rolunu, Alla Axundovanın ssenarisi əsasında Arif Babayevin 1975-ci ildə çəkdiyi “Alma almaya bənzər” filmində Mədinə (Səfurə İbrahimova) obrazını, lirik-psixoloji janrda, həqiqi dostluq haqqında olan, Rüstəm İbrhimbəyovun ssenarisi əsasında Rasim Ocaqovun 1977-ci ildə çəkdiyi “Ad günü” filmində Rəna (Şükufə Yusupova) obrazını, musiqili-komediya janrında çəkilən, mənəvi-məişət mövzusuna həsr edilən, Hüseyn Seyidzadəni 1978-ci ildə quruluş verdiyi “Qaynana” filmində Zərifə (İnarə Quliyeva) rolunu, macəra janrında, Genuya konfransının açılışı ərəfəsində gənc Azərbaycan çekistlərinin inqilabdan sonra xaricdə sığınacaq tapmış neft maqnatlarının hazırladıqları təxribatçılıq əməliyyatını necə puça çıxarmalarından bəhs edən, Rasim İsmayılovun öz ssenarisi əsasında 1988-ci ildə quruluş verdiyi “Alman klinikasına şəxsi səfər” ekran əsərində Tatyana (Liliya Makarova) və s. filmlərdə səsləndirdiyi obrazları səsləndirməklə yanaşı, eyni zamanda onları özününküləşdirib.
Filmlərdə aktrisanın səsinə bürünən obrazlar sanki onun görüntüsünü yaradır. Əslində bu təsəvvürün yaranması Əminə xanımın obraza tam hakim olmasından irəli gəlirdi. Hətta sadəcə öz üzərinə düşən rolu öyrənməklə kifayətlənən sənət adamlarından deyil, əksinə həm də tərəfmüqabilinin oynadığı rolun daxili dünyası ilə maraqlanar, eyni zamanda ümumi ssenarini tam mənimsəyirdi.
Əminə Yusifqızı hərtərəfli aktrisa idi… Peşəkarlığı, sənət sevgisi, səmimiliyi, yüksək mədəniyyəti onunla tamaşaçı arasında gözəl bünövrəsi olan körpü salmışdı. Yaşadı, yaratdı, duyğulandırdı, düşündürdü və haqq dünyasına üz tutdu…
Allah rəhmət eləsin!

