Xalq yazıçısı Rüstəm İbrahimbəyova həsr olunmuş jurnal dərc olunub

Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun vəfatından bir il keçir. Bu münasibətlə dramaturqun yaradıcılığına həsr olunan jurnal çapdan çıxıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə çap olunan, Azərbaycan və rus dillərində yayımlanan jurnalın ön sözünü yazıçı, filologiya elmləri namizədi, teatr və ədəbiyyat tənqidçisi Natalya Davidovna Staroselskaya qələmə alıb.

Yazıçı qeyd edib ki, teatr və kino dramaturgiyası ustadı Rüstəm İbrahimbəyov  yaradıcı fəaliyyətinə görə təkcə vətəni Azərbaycanda deyil, eləcə də Rusiya və bir sıra başqa ölkələrin çoxsaylı mükafatlarına layiq görülüb: “Nadir rast gəlinən yüksək mədəniyyətə, intellektə, alicənablığa malik olan R.İbrahimbəyov kimi şəxsiyyəti indiki zamanda əliçıraqlı da tapmaq mümkün deyil. Bu itkinin miqyasını sonadək dərk etmək mümkün deyil. Zəngin mədəniyyət, dəyişməz mənəvi dəyərlər adamı olan Rüstəm İbrahimbəyovun yaradıcılığının əsas hissəsi sovetlər dövrünə təsadüf edir. Amma bu ad vahid olanı parçalamağa, ayırmağa cəhd edən mərhələdə də sonuncu klassik yazıçı kimi yaddaşlarda qaldı, əbədi olaraq da qalacaq”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevin, Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin sədri, Xalq artisti Rasim Balayevin, Xalq yazıçıları – Çingiz Abdullayevin, Natiq Rəsulzadənin, professor Rəhman Bədəlovun, Rusiya kinossenaristi Pavel Finnin, dövlət və ictimai və mədəniyyət xadimi Mixail Şvıdkoyun, kinorejissor, ictimai və siyasi xadim Yuli Qusmanın, Sovet və gürcü kinorejissoru, ssenarist Eldar Şenqelayanın, Özbəkistanın Əməkdar incəsənət xadimi, kinorejissor Zülfiqar Musakovun, Kino Mətbuatı Beynəlxalq Federasiyasının prezidenti Andrey Plaxov və başqalarının xatirələri yer alıb.

Qeyd edək ki, jurnalın tərtibatçısı Fatimə İbrahimbəyova, dizayneri Xəyal Danyal, tərcümə edəni Rəbiqə Nazimqızı, nəşrin koordinatoru Əli İsa Cabbarovdur.

aki.az