XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalı üç müsabiqə proqramı üzrə keçiriləcək

13-17 noyabr tarixlərində Azərbaycanın paytaxtında XI Bakı Beynəlxalq Qısametrajlı filmlər festivalı keçiriləcək.

“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən təşkil olunan festival,  Mədəniyyət nazirliyi,  Gənclər və İdman Nazirliyi, Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “02 MEDİA” və “ÖZ FİLM” şirkətlərinin dəstəyi ilə baş tutacaq.

Qeyd edək ki, festival “35 il, 35 dəqiqə” prinsipinə sadiq qalır. Belə ki, 35 yaşına qədər rejissorlar öz filmlərini festivala 35 dəqiqədən çox olmayaraq xronometrajla 1 sentyabr 2020 – ci il tarixinədək təqdim etməlidirlər. Festival üç müsabiqə proqramı – beynəlxalq, yerli və “CİNEMOBİL” üzrə keçiriləcək.

Beynəlxalq proqrama əcnəbi və yerli rejissorlar bədii, sənədli, animasiya filmləri ilə qatıla bilərlər.

Yerli proqramda bədii, sənədli, animasiya ilə yanaşı sosial çarxlar da mübarizəyə qoşulur.

Mobil telefonla çəkilmiş filmlərin yarışdığı “CİNEMOBİL” müsabiqəsi də yerli müəlliflər üçün nəzərdə tutulub. Ötən illərdən fərqli olaraq bu il iştirakçılar maksimum 5 dəqiqəlik ekran əsərlərini müsabiqəyə təqdim edə bilərlər.

Festivalın rəsmi proqramı oktyabrın 20-də elan olunacaq.

“Qızıl Nar ” festivalının əsas mükafatı uğrunda mübarizə aparacaq filmlər yerli və beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Bundan başqa, festival “ən yaxşı qısametrajlı bədii film” və “ən yaxşı qısametrajlı sənədli film”kateqoriyalarında milli proqramın qaliblərinin növbəti layihələri üçün texniki dəstək və postprodakşn həyata keçirəcəkdir.

“Ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyasında qalib üçün yalnız postprodakşnda dəstək veriləcək.

Xatırladaq ki, CINEMA Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis edilən Bakı Beynəlxalıq Qısa Filmlər Festivalı əvvəlki illərdə START  BQFF adı ilə fəaliyyət göstərib. Bakı BQFF 10 il ərzində Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlərin nümayiş məkanına çevrilib. Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 1500-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqrama daxil edilir. Artıq BBQFF onlarla xarici və yerli rejissor, prodüser, ssenaristin görüş nöqtəsidir.

aki.az