Məqaləm, bu il 15-ci Bakı Beynəlxalq Film Festivalında “Tələbə filmləri” kateqoriyasında nümayiş olunan qısametrajlı bədii filmlər haqqındadır.
Oktay Mir-Qasımın kursunu bitirmiş Məhəmməd Məmmədovun “Həqiqət axtarışında” filmi, adından göründüyü kimi fərdin (müəllifin) həqiqət (və ədalət) axtarışı və bu kontekstdə dünyamıza eksperimental cəhdlə ekspressiv baxışdır. Bir qayda olaraq, eksperimental xarakterli audiovizual işlərdə müəlliflər abstrakt təsvirlər, fikirlər arxasında öz istedadsızlığını gizlədir və belə təsəvvür yaratmağa çalışırlar ki, guya onlar hansısa böyük ideyalar, fəlsəfi məna axtarışındadırlar. Tarixi dokumental epizodların (1918-ci ildə azərbaycanlıların soyqırımı, 20 yanvar, İkinci Dünya müharibəsi və s.) bədii səhnələrlə (operator Şirin Əhmədov) hibridləşdirildiyi bu filmdə isə gənc rejissor mövzuya sadə yanaşır, gərəksiz fəlsəfəçiliyə girişmir. Digər tərəfdən isə rejissorun yaşının və həyat təcrübəsinin azlığını nəzərə alsaq, həqiqət axtarışı bir qədər iddialı görünür. Yəqin ki, iddiasının fərqinə vardığından, hekayəsinin məğzini daha çox müxtəlif rejissorların (Hollis Frampton, Filip Qarrel və s.) filmlərindən sitatlarla, arxiv materialları və dünya musiqisinə istinadlarla şərh edir.
Bədii hissədə isə rejissor sadə dramaturji konstruksiya qurur. Həqiqəti axtaran qəhrəman (Səmədzadə Xasıyev), nağıllarda olduğu kimi, sirli 40-cı otağa gəlib çıxır. Düzdür, müəllif, nağıllardakı “sirli məkan” simvolunu dekonstruksiya etmir (hərçənd, düşünürəm ki, dekonstruksiya daha maraqlı olardı, üstəlik eksperimentallığa cəhd varsa); O, nağıllarda olduğu kimi hansısa sirri çözən otaqda, sanki əsrlərlə iztirablar çəkmiş qadının (Gülcahan Salamova) ismarışını (problemlərin düyününü açmalı olan ismarış) alır: “Daha yetər, insan olduqlarını unutmasınlar” və beləcə səthi yanaşma ilə kifayətlənir.
Ümumilikdə isə “Həqiqət axtarışı” filmi M.Məmmədovun rejissor kimi potensialını göstərə bilir. O, hekayəsinin dramaturji ardıcıllığını, sənədli və bədii kadrları nəzərdə tutduğu ideya ətrafında mərkəzləşdirə bilib. Məsələn, Fransua Trüffonun məşhur “400 zərbə” ekran əsərində balaca qəhrəmanların kukla tamaşasına getdiyi səhnədən istifadə edir. Bu səhnədə, tamaşanı dərin təəccüb və heyrətlə izləyən uşaqların emosional vəziyyəti, həyata yaşından böyük baxan məktəblilərin paralel vəziyyəti ilə ziddiyyətdə verilir. Məhəmməd Məmmədov isə finalda yerləşdirdiyi sözügedən səhnəni digər səhnə ilə (müasir bağçada əylənən uşaqlar) əlaqaləndirməsini, uşaqların təbəssümünü, sevincini bir növ, sülhə çağırış kimi təqdim edir. O həmçinin, səs effektlərini yaxşı və düzgün qurub; həqiqətin və ədalətin olmadığı dünyanın çətin, təhlükəli olduğunu kadrarxası təhrif olunmuş səslər vasitəsilə çatdıraraq (qeyd edim ki, müəllif Azərbaycan Dövlət Kukla Teatrında və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında səs rejissoru kimi fəaliyyət göstərib), ayrı-ayrı epizodlarda mistika, qorxu janrının elementləri ilə işləməyi bacarıb.
Sadəcə, on səkkiz dəqiqəlik filmi daha lakonik etmək olardı, xronometrajı uzatmadan, müəyyən kadrları ixtisarla, emosional, təsirli və daha güclü iş alınardı. Onlarsız da ideya-fikir anlaşılır və məzmunda əyər-əskiklik meydana çıxmırdı.
Vaqif Mustafayevin kursunu bitirmiş Sahil Məmmədovun “Soyuqqanlı” qısametrajlı bədii filminin ideyası, əslində, məna etibarilə dərinliyə malik deyil. Lakin bu filmi, mənim üçün cazibəli edən, rejissorun adi bir əhvalatı maraqlı nəql etmək bacarığıdır.
Süjetə əsasən, axşam dostları ilə yeyib-içəndən sonra sərxoş düşmüş qəhrəman (Nicat Əsgərzadə) səhər ayılanda, axşam nə baş verdiyini dərk etməyə çalışır. Haidsələri dumanlı şəkildə yadına salan gənc, qətl törətdiyini güman edir…
Film – komediya, kriminal elementlərinin ehtiva etdiyi psixoloji dram təsəvvürü formalaşdırır. Qəhrəmanın şüurundakı nizamsız, yarımçıq təsvirlərin sürətli montajla, qeyri-müəyyən göstərilməsi (operator İsmayıl İsmayılov) əhvalatı təbii şəkildə gərgin ritmdə saxlayır, əminəm ki, tamaşaçıda da suallar yaradır. Şərab-qan dilemması (qəhrəman köynəyindəki ləkənin şərab yoxsa qan olduğunu ayırd edə bilmir) bir növ Tarantinonin bol qanlı epizodlarına xas tərzdə mübaliğəli, bir qədər də dekoraritv təsvir edilir.
Musiqidən, yumordan ölçülü istifadə (ata rolunu oyanan Rauf Şahsuvarovun bəzi improvizasiyaları yerinə düşməsə də), rejissorun müəllimi Vaqif Mustafayevə ehtiramı yerində işlənir (Qəhrəman krossvordla əlləşən atasına “Yaramaz” filminin adını tapmaqda kömək edir).
Kiçik qardaşın ailədəki naqolay vəziyyətləri kamerasına çəkməsi xətti isə natamam qalır və həllini tapmır. Məsələn, təxmini eyni xətt Teymur Hacıyevin “Şanxay-Bakı” (2015) qısametrajlı bədii filmində də var; yeniyetmə telefonun kamerası ilə bacısının sevgilisiylə öpüşməsini çəkir və bu, hadisələrin sonrakı inkişafında rol oynayır.
Həmçinin, qəhrəmanın dostu ilə danışarkən, başına gəlmiş hadisəni araşdıranda içki şüşələrinin reklam estetikasındakı təsvirinə də ehtiyac yox idi. Ola bilsin, başqa situasiyada, başqa hekayədə və başqa intonasiyada belə bir vizual fənd yerinə düşərdi. Amma bu hekayədə kadrın məzmununu, görüntüsünü və ritmini korlayır. Çünki kadr, ümumilikdə hekayə onsuz da dolğundur, üstəlik, Nicat Əsgərzadənin istedadlı oyunu bu kimi detallara yer qoymur.
Rəssam işini (Elturan Məmmədov) xüsusi qeyd etmək lazımdır. Qəhrəmanın otağı kifayət edir ki, onun mühiti, kimliyi haqda dəqiq məlumat alaq.
Məqaləni işləyəndə, Sahil Məmmədovun ilk kurslarda çəkdiyi “Döyüntü” filminə də baxdım. Müəyyən qüsurlara rəğmən o, bir otaqda bir aktyorla maraqlı əhvalat qura bilir. Hekayə, gecəyarısı, qapısı naməlum adam tərəfindən döyülən gəncin psixoz vəziyyətə düşməsi, qorxuları haqdadır. Finalda gəncin uşaqlaşaraq anasının qucağına atılması, bizim qorxu ilə üzləşəndə valideynlərimizə sığınmaq ehtiyacını ifadə edir. Sahil Məmmədovun, belə demək mümkünsə, maraqlı final qurmaq hissiyatı və istedadı var.
Analoji final yaxud səhnə, müəyyən mizan, kompozisiya, məna korrektələri ilə müasir rejissorların – Asif Rüstəmovun “Mərmər soyuğu”, Rüfət Həsənovun “Daxildəki ada”, Azər Quliyevin “İkinci planetin qırımızı rəngi” – işlərində də var. Düşünürəm ki, Azər Quliyev və Sahil Məmmədov müqayisədə daha təsirli, orijinal yanaşma tapıblar….
Festivalda “Tələbə filmləri” kateqoriyasının qalibi olmuş Ayşə Mirzəzadənin “Sükut” filminə gəlincə… AKİ-nin ənənəvi film baxışı layihəsində Ayşə Mirzəzadənin “Yelləncək” filmi nümayiş olunmuşdu. Hər iki filmdə gənc rejissor qadın travmasına fokuslanır. Bununla belə, “Yelləncək”, “Sükut”la müqayisədə bitkin, yetkin təsəvvür yaratdı. Çünki “Sükut”un süjeti bəzi suallar doğurdu… Süjetə əsasən, gənc qız (Rəhimə Abdinova) sevgilisi (Mirzə Səfərov) tərəfindən zorakılığa məruz qalır, zorlanır, huşunu itirir və kənddə bir ailə qıza sahiblənir. Gözəl təbiət təsvirləri (Qriqoru Krılov) qoynunda bir-birini sevən qadın və kişi, lirik-dini mətnlər, poetik pafos, zamansızlıq və məkan konkretliyinin olmaması, hekayədə pritça janrının xüsusiyyətlərini əks etdirir, bir az da Adəm və Həvva rəvayətinin traktovkası təəssüratını yaradır.
Qadının yaddaşında, keçmişdə baş verənlər fraqmentar canlanır, bəzən, keçmiş indiyə qarışır. Filmin rus dilindəki annotasiyasında yazılır ki, kişi qadına zorakılıq etdiyini xatırlamır. Aydın deyil ki, yaddaşında problem olan kişinin psixoloji çətinlikləri mi var? Psixopatdır mı? Şüuru qeyri-sabitdir mi? Sevdiyi, qorumağa çalışdığı qadına zorakılıq motivi nədir? Ümumiyyətlə, qadın və kişi arasında konflikt nədən ibarətdir, konfliktin əsasında nə dayanır? Həmçinin, qadının travmasının mahiyyəti, travmanın uşaqlığından qaynaqlanıb-qaynaqlanmaması, yoxsa kişi ilə münasibəti zamanı ortaya çıxması da aydınlaşmır. Filmdə mücərrədlik çoxdur və ümumiyyətlə onun nədən bəhs etdiyi aydın deyil: Travmaları olan iki gəncin özünə əminliyinin, inamının sarsılmasından? Hazırda dünya kinosunda trend olan feminst rejissorların ənənəvi mövzusundan – kişinin qadına zorakılığından?
Təklif olunmuş vəziyyətlərin dramaturji bəraəti, təsvirləri yox idi. Məsələn, bir səhnədə kişi qadına deyir: “Səni qorxudan şeylərdən səni qorumaq istəyirdim”. Qadın nədən, kimdən qorxur? Bəlkə o şəxsiyyət ikiləşməsi yaşayırmış? Gecənin bir aləmi qadın qorxulu yuxudan oyanır, səhəri kişi israrla onu səmimiyyətə dəvət edərək gecə oyanıb-oyanmadığını soruşur, qadın cavabdan yayınır və sonra kişi onu yalan danışmaqda ittiham edir, sərt şillə çəkir. Məsələn, bu vəziyyətdə konfliktin motivi bilinmir; axı qadının kabus görüb, qorxudan oyanması və bunu kişidən gizlətdiyi üçün şapalaq yeməsinə səbəb ola bilməz axı.
Təsvir nöqteyi-nəzərindən isə filmdə teatral estetika güclü idi. Xüsusən, qadınla kişinin birgə səhnələri (yataq, dalaşma, bir-birini oxşama və s.) teatral, funksiya daşımayan frontal mizanlarla işlənib, kadrların dərinliyi yoxdur. Bəzi epizodlar isə (qadınla kişinin çəmənlikdə uzanması, rəsm çəkmələri) ənənəvi klip klişeləridir.
Məndə belə təsəvvür yarandı ki, rejissor daha çox, kadrların estetik qurulmasına, sterilliyinə çalışıb. Ona görə də kadrlar canlı, təbii, həyati deyil, daha çox şərtidir, ifadəsizdir, təsadüfi nəsə baş vermir, emosional məzmun azdır. Zorlandıqdan sonra çöllükdə tək, huşsuz vəziyyətdə düşmüş qadının əks olunduğu kadrın şairanə, haradasa ilahi intonasiyası əsaslandırılmayıb. Ayşə Mirzəzadə daha çox gəncdir, istedadlıdır, amma yaşından çox böyük mövzulara girişməsi, həyat, emosional təcrübəsinin azlığı natamam hekayə ilə nəticələnir…
Nəhayət, Azərbaycan Kinematoqrafçılar İttifaqının “Kino istehsalı A-dan Z-yə” intensiv rejissorluq kursunda istehsal edilmiş “Qəfəs” qısametrajlı bədii filmi…
“Qəfəs” kollektiv (ssenarist Şahin Hüseynli, rejissorlar Murad Allahverdi, Farid Ayvazov, Ruhulla Rəhimov, İlahə Nurullayeva, Tural Ələsgərli, Şahin Hüseynli, Sevinc Quliyeva, Sərxan Nəciyev, Səadət Qurbanova, Mirtalib Həsənov, quruluşçu operator Orxan Adıgözəlov və bədii rəhbər Mirbala Səlimlidir) işdir. Kollektiv işlərdə filmin müəlliflərini fərqləndirmək, işlərini dəyərləndirmək çətindir. Bu halda, hansı rejissorun iş prosesində daha çox iştrak etməsi, hansının fikir və ideyalarının daha çox rol oynaması nöqteyi-nəzərindən deyirəm. Və gənc rejissorların iş metodu, yaradıcı manerası, üslubu hələ formalaşmadığından nəyin hansı müəllifə aid olduğunu aydınlaşdırmaq çətinləşir.
Bununla belə, “Qəfəs” filmi ideyasına, qoyduğu problemə görə vacib filmdir. Süjetə görə, qəhrəman (Fərid Ayvazov), anasının əməliyyatına pul tapmaq məqsədilə kafe sahibinin (Murad Allahverdi) kimlərəsə narkotik maddə çatdırılması təklifini qəbul emtəlidir. Gənc isə tərəddüd keçirir. Proloqda qəfəsdəki quşa qəhrəmanın dən verməsi hekayənin metaforik hissəsidir. Çünki o da özünü düşdüyü vəziyyətdə qəfəsdəki kimi hiss edir. Metaforik hissə bir də hekayənin finalında – qəhrəman, quşu azad edəndə yer alır. Çünki sonda o, verdiyi qəti qərarla özünü mənəvi sıxıntılardan azad edir. Dramaturji baxımdan bütün detallar demək olar ki, dəqiq düşünülüb. Əvvəldə narkotik maddələrlə bağlı televizorda xəbərlərin səslənməsi hekayənin tərkib detalıdır.
Gənc müəlliflər mümkün qədər maraqlı təsvir həlləri, mizanlar tapmağa çalışıblar. Narkotik aparacağı ev, qəhrəmanın yaddaşında kabus kimi canlanır. Həyatı məhv edilmiş, bədheybətləşmiş, insanlıqdan çıxmış məxluqun qəfəsdən qəhrəmana donuq baxışla boylanması, qaranlıq fonla kontrastda olan bəyaz tül pərdələrin arasından onun vahimə ilə qaçması kabus epizodun qurulması üçün yaxşı düşünülüb. Sadəcə, səhnəni bir az daha uzatmaq, daha gərgin, təsirli etmək üçün geniş vizual imkanlar vardı ki, onlardan istifadə edilməyib. Digər məsələ, anasına görə çətin seçim qarşısında qalan gəncin qərarından dönməsi, dəyişməsi hissələrində də sanki tələskənliyə yol verilməsi idi. Yəni onun qərarından dönməsi bir qədər tez, asan alınıb, halbuki, nisbətən ağır, ləng proses kimi göstərilməsinə ehtiyac duyulurdu. Bütün hallarda, yuxarıda qeyd etdiyim kimi festivalın diplomuna layiq görülən “Qəfəs” diqqətəlayiq və istedadla ərsəyə gəlmiş filmdir.
Sevda Sultanova