Oktyabrın 5-də “Nizami” Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının təntənəli açılışı baş tutdu. Tədbirin aparıcıları Ruslan Sabirli və Kəmalə İsrafilovanın festivalın yaranma və inkişaf tarixi barədə məlumatından sonra, səhnəyə festivalın direktoru, prodüser və rejissor Fehruz Şamıyev dəvət edildi.
F.Şamıyev tədbirin qonaqlarını salamlayaraq “Baku Cinema Breeze” layihəsinin təşkilatçılarına, Mədəniyyət Nazirliyinin rəhbərliyinə dəstəyinə görə təşəkkür etdi, hər il olduğu kimi, bu il də rəngarəng proqram hazırladıqlarını, kinosevərlərin oktyabrın 8-ə qədər əsl kino həzzi yaşayacaqlarına əmin olduğunu bildirdi. Daha sonra o, artıq dörd ildir ki, Azərbaycan kinematoqrafiyasına verdiyi töhfələrə görə kino xadimlərinə təqdim edilən “Qızıl nar” mükafatının builki laureatları haqqında məlumat verdi. Bu il “Qızıl nar” mükafatı Xalq artisti Həmidə Ömərovaya və Xalq artisti Şükufə Yusupovaya təqdim edildi.
Qeyd edək ki, ötən illərdə rejissor, Kinorejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyev, rejissor Elçin Musaoğlu, Azərbaycan Dövlət Film Fondunun direktoru, rejissor Cəmil Quliyev, Əməkdar artist Nəcibə Hüseynova “Qızıl nar” mükafatına layiq görülüblər.
Açılış mərasimində Mədəniyyət Nazirliyi adından çıxış edən Azərbaycan Respublikası Kino Agentliyinin direktoru vəzifəsinin icraçısı Orxan Fikrətoğlu festivalın 15 yaşı münasibətilə təşkilatçıları təbrik edərək, Azərbaycanda çox az təsisatın 15 il davamlı mövcud olmağı bacardığını dedi: “Kinematoqrafiyanın inkişafına böyük təkan verən festivalların keçirilməsi zəruridir. Fehruz bəy on beş il ərzində bu yükü öz çiynində daşıyıb, amma ARKA və Mədəniyyət Nazirliyi artıq “Cinema Breeze” layihəsi çərçivəsində Fehruz bəyin arxasındadır, yanındadır”.
O.Fikrətoğlu, əcnəbi film istehsalçılarını Azərbaycana işləməyə dəvət edərək, burada sərf etdikləri vəsaitlərin 50%-ni geri qaytarmağa hazır olduqlarını, müştərək layihələrin həyata keçirilməsində maraqlı olduqlarını və belə layihələrə təkan vermək məqsədilə gələn ildən qanunvericilikdə vergi güzəştləri kimi müvafiq amillərin tətbiq ediləcəyini bildirdi. ARKA-nın rəhbəri çıxışının sonunda “Cinema Breeze” layihəsinin reallaşdırılmasında xüsusi əməyi olan əməkdaşlara – Fehruz Şamıyev, Rəşad Əzizov və digərlərinə minnətdarlığını çatdırdı.
Tədbir, münsif heyətlərinin təqdimatı ilə davam etdi. XV Bakı Beynəlxalq Festivalının “Qısametrajlı filmlərin beynəlxalq müsabiqəsi” kateqoriyasının qaliblərini iranlı rejissor İsmayıl Monsef, azərbaycanlı rejissor, prodüser və ssenarist Teymur Hacıyev, rusiyalı kinotənqidçi və kinoşünas Yevgeni Mayzel müəyyənləşdirəcəklər. “Yerli qısametrajlı filmlər” kateqoriyasında münsiflər heyəti azərbaycanlı rejissorlar Zaur Qasımlı, İradə Gözəlova, Nəsimi Əliyev və türkiyəli prodüser və rejissor Can Özbaturdan, “Asiya istedadları” kateqoriyasında isə özbək rejissoru Eldar Yuldaşov və türkiyəli aktrisa Zümre Ertürkdən ibarətdir.
Bu ildən etibarən Bakı Beynəlxalq Film Festivalı kinosevərlərin ixtiyarına yeni bir müsabiqə bölməsi də verir. Tammetrajlı debüt filmlərin yarışdığı bölmədə Almaniya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Hindistan, Sinqapur, İtaliya, Rusiya, Azərbaycan, Türkiyə istehsalı olan on debüt film “Qızıl nar” mükafatı uğrunda mübarizə aparır. Onların arasından qalibi seçmək isə azərbaycanlı rejissor və ssenarist, Azərbaycan Rejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev, əfqan rejissoru və prodüseri Siddik Barmak, türkiyəli rejissor və ssenarist Mahmud Fazil Coşqunun öhdəsinə düşüb.
Bunlardan əlavə, festivalın ənənəvi “Dili bizim” müsabiqədənkənar bölməsində dünyanın müxtəlif yerlərində yaşayan həmyerlilərimizin ana dilində çəkdikləri filmləri, “British Council”in dəstəyilə təqdim olunan, Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının “BAFTA” mükafatına namizəd olan qısametrajlı filmlərə baxmaq imkanı var. O cümlədən, XV Bakı Beynəlxalq Film Festivalı çərçivəsində “TRT Sinema”nın müdiri Faruk Güvənin təqdimatı, türkiyəli prodüser Əmrah Kılıç və azərbaycanlı prodüser Emin Nəcəfovun iştirakilə “Birgə film istehsalı” mövzusunda müzakirə, iranlı rejissor, festivalın beynəlxalq müsabiqəsinin münsifi İsmayıl Monsefin “Kömür” filminin Azərbaycan premyerası keçiriləcək. Film, İranın Şimal-Qərbində yaşayan Heyrat adlı kömürçünün həyatından, həbsə məhkum olunmuş oğlu Azərbaycana qaçandan sonra məruz qaldığı faciəvi hadisələrdən bəhs edir.
On beş yaşını qeyd edən, Gənc Kinematoqrafçılar tərəfindən təsis olunmuş Bakı Film Festivalı 2004-cü ildə START Beynəlxalq Qısametrajlı Filmlər Festivalı adı altında fəaliyyətə başlayıb. Növbəti illərdə miqyasını genişləndirərək fəaliyyətini Bakı Beynəlxalq Qısametrajlı Filmlər Festivalı kimi davam etdirib. Bu ildən isə tərkibinə debüt tammetrajlı filmləri də daxil edərək Bakı Beynəlxalq Film Festivalına çevrilib. Bu il festivalda ümumilikdə 26 ölkədən 79 film nümayiş olunur.
Festival oktyabrın 8-ə qədər “Nizami” Kino Mərkəzində davam edəcək, nümayişlərə giriş sərbəstdir.
aki.az