Rejissor Mətləb Muxtarovun “Yaddaş sarayları” qısametrajlı sənədli filmi Ji.hlava Beynəlxalq Sənədli Film Festivalında 24 oktyabr – 2 noyabr tarixlərində yarışacaq. Ekran işi festivalın qısametrajlı sənədli filmlər üçün nəzərdə tutulmuş “Short Joy” bölməsində qaliblik üçün mübarizə aparacaq. “Yaddaş sarayları” filminin dünya premyerası da festival çərçivəsində keçiriləcək.
“Rental Azərbaycan” şirkətinin ərsəyə gətirdiyi sənədli filmin prodüseri Emil Nəcəfdir. “Yaddaş sarayları” 2024-cü ildə Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) həyata keçirdiyi postprodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin qaliblərindəndir.
Filmdə rejissor, doğulub-böyüdüyü Sumqayıt şəhərinin küçələrində “ilk xatirə”sinin axtarışına çıxır. Gəzintilər onu həmin xatirənin yarandığı yerə gətirir. Bu “ilk xatirə” körpəlikdə itirdiyi atası və vəfat etmiş nənəsi ilə bağlıdır. Yekunda fərdi xatirə axtarışları müəllifi SSRİ dağılandan sonra 1990-cı illərin əvvəlində azərbaycanlıların yaşadıqları travmalara aparıb çıxarır.
Mətləb Muxtarovun bundan əvvəl çəkdiyi “12/35” adlı sənədli filmi də bir sıra beynəlxalq festivallarda nümayiş edilib. Xatırladaq ki, 1997-ci ildən Çexiyanın Jihlava şəhərində təşkil olunan Festival ənənəvi olaraq oktyabrın sonunda keçirilir. Ji.hlava Beynəlxalq Sənədli Film Festivalı sənədli film sahəsində dünyanın ən nüfuzlu festivallarından sayılır.
Filmin prodüseri Emil Nəcəfin festivalda iştirakının yol xərcləri AKİ tərəfindən qarşılanıb. Qeyd edək ki, cari il iyunun 25-də Azərbaycan Kinematoqrafçılar İttifaqında sözügedən filmə qapalı baxış keçirilib.
aki.az

