“Yalan” var ki, günaha yazılmaz

2006-cı ildə filmin premyera gününü yaxşı xatırlayıram. Öncədən nəzərdə tutulduğu kimi Heydər Əliyev Sarayında keçirilməməsi təəssüf doğurmuşdu, çünki “Azərbaycan” kinoteatrının zalının oturacaqlarında nəinki boş yer qalmamışdı, hətta ekran əsərini ayaq üstə izləyənlərin sayı oturanlarla az qala bərabər idi.
“Yalan” Orxan Fikrətoğlunun ssenarisi üzrə Ramiz Əzizbəyli tərəfindən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilib. Süjetin əsasını ailənin böyük oğlunun Qarabağ müharibəsində həlak olması, bu faktdan xəbər tutan atanın (Yavər – xalq artisti Vidadi Həsənov) oğlunun həlak olması xəbərini ürək xəstəliyindən əziyyət çəkən anaya (Nisə – əməkdar artist Gülşad Baxşıyeva) deməməsi fonundakı məqamlar təşkil edir. Yavər Quliyev adlı-sanlı çobanlardandı. İki oğul atasıdı. Günlərin bir günü böyük oğlu Vasif könüllü cəbhəyə getməyə hazırlaşdığını və vidalaşmağa gəldiyinu söyləyir. Bu epizodda “sağollaşmaq” deyil, məhz “vidalaşmaq” kəlməsinin işlənməsi tamaşaçıları filmin qəhrəmanları ilə birlikdə faciəli anlar yaşamağa kökləyir. Əsgər gedəndən bəri bircə məktubu gələn oğlu sarıdan, üstəlik televiziya ilə bir-birindən sarsıdıcı görüntülər izləyən ananın nigarançılığını təsəvvür etmək və onun oğlunu evə qaytarmaq üçün yola çıxmağa hazırlaşmasını anlamaq çətin deyil…

Aki.az olaraq Qarabağ müharibəsi mövzusunda çəkilmiş filmlərimiz arasında ən uğurlu ekran əsərlərindən biri olan “Yalan” filmində Nisə və Yavər rollarının ifaçılarının təəssürat və xatirələrini təqdim edirik.

Nisə ilə təkbətək

Gülşad Baxşıyeva: “Bu film çox tez çəkildi. 2005-in yaz aylarında başladıq payız aylarında tamamladıq. 2006-cı il 2 Avqust Milli Kino Günündə isə mənə Nisə roluna görə “Qızıl Çıraq” mükafatı təqdim edildi. Daha öncə Ramiz Əzizbəyli ilə “Bəxt üzüyü” filmində işləmişdik. Ordakı Sara roluna məndən başqa namizəd yox idi. “Yalan”dakı Nisənin isə namizədləri çox idi. Hətta bəzi aktrisalar Ramizdən xahiş edirdilər ki, o rola çəkilsinlər. Ramiz mənə bu film və Nisə obrazı haqqında danışanda qeyd etdi ki, başqa namizədlər də var. Mən də dərhal dedim ki, onda get onları çək, bizim söhbətimiz bununla bitsin. Məsələ ondadı ki, mən ümumiyyətlə filmlərə çəkilmək istəmirdim və üstəlik foto və kinosınaq çəkilişlərindən keçməyimi, bir neçə namizədin arasından seçilib-seçilməməyimi qəbul etmirdim, anlamıram bu prinsipi. Ramizə elə bu cür də dedim: “Əgər məni bu rola çəkmək istəyirsənsə, o obrazda məni görürsənsə başqa namizəd olmalı deyil”. Sonradan bildim ki, digər namizədlərin arasında məhz mənim çəkilməyimi doğru sayıb. Bilirsiz, bizə böyük miqdarda qonorar ödənmirdi ki, belə namizədlər seçimi prosesini qəbul edək. Nisə roluna görə ümumilikdə 800 manat qonorar almışam. Çəkilişlər Qubada aparıldı. Ramizdən xahiş etdim ki, mehmanxanada təkadamlıq otaqda qalım. Bu da ondan qaynaqlanırdı ki, rolum üzərində tam mənada işləyə bilim, Nisə obrazı ilə təkbətək qalıb onun daxili aləmini, hiss və duyğularnı anlayıb içimdən keçirə bilim. Mən bəzi aktrisaların rejissor çəkiliş komandası verən ana qədər deyib-gülməyini, ekranda canlandıracağı obraza aidiyyatı olmayan tərzdə davranmağını anlamıram. Belə edib normal obraz canlandırmaq mümkün deyil. Nisənin oğlu Qarabağ müharibəsinə yollanıb və bir müddətdir ki, ondan xəbər tuta bilmir. Belə bir vəziyyətdə olan ana necə ola bilərsə mən də özümü o cür aparırdım – makiyaj etmirdim, hətta saçımı da daramırdım… Amma elə epizodlar da var ki, gəlini kimi gördüyü, oğluna almağı niyyət etdiyi kənd qızlarından biri ilə rastlaşanda üzündə təbəssüm yaranır. Digər vaxtlarda isə obrazımın öz oğlu sarıdan nigarançılığına tamamilə qapılmış əhvalda olurdum. Hətta qidalanmağıma da fikir vermirdim. Və bir gün hiss etdim ki, ürəyim yaman incidir məni. Çox ağır kadrlar idi. Artıq ürək dərmanı istifadə etməyə başlamışdım. Elə həmin vaxt oğlum zəng elədi, hal-əhval tutdu, ürəyim barədə heç nə demədim ona, elə yalandan dedim ki, mehmanxananın şəraiti o qədər də yaxşı deyil, yaxşı rahatlana bilmirəm, məni çəkilişlərarası Bakıya, evə gəlib-aparmağı təkid etsə də razılaşmadım”.
Gülşad xanımın tərəf-müqabili Vidadi Həsənov yox, başqa bir aktyor ola bilərdi. Quruluşçu rejissor Ramiz Əzizbəyli Nisə rolunun ifaçısına  Yavər rolunun ifaçısını özü seçmək imkanı yaratmışdı. Amma nədənsə Gülşad xanımın seçimi rejissorun tələblərinə uyğun gəlməyib. Belə olan halda Yavər rolunun ifaçısını seçib müəyyənləşdirməyi Gülşad xanım Ramiz müəllimin öz öhdəsinə buraxıb və rejissorun seçimi Vidadi Həsənovun üzərində dayanıb.
G.Baxşıyeva: “Tərəf-müqabili çox vacib amildir. Ümumilikdə filmin və ayrılıqda hər bir obrazın uğurlu alınması üçün gərək tərəf-müqabilləri arasında anlaşma olsun, tapıntılar mübadiləsi baş versin. Kinoda aktyorların tərəf-müqabili daha çox kamera olur, nəinki canlı aktyor. Bu filmdə mənimlə də belə oldu: əsas tərəf-müqabilim kamera idi”.
Rejissorun tələblərini müzakirəsiz gerçəkləşdirən aktrisalardan olan Gülşad Baxşıyeva “Yalan” filmindəki ekrana çıxmayan kadrlardan bəhs etdi: “Məsələn, kənddə toydu, Nisə də əlində xonça gedir səbəbkarları təbrik etməyə gedir, mağaraya çatana qədər kənd sakinləri ilə rastlaşır, onların hər biri Nisəyə “o gün olsun sənin oğlun üçün olsun” deyir, o da hər birinə təşəkkür edib “Amin!” söyləyir və toy keçirilən mağaraya çatır. Amma təəssüf ki, bu epizod bu cür çəkilmədi – nə Nisənin rastına çıxan kənd camaatı var idi, nə də toy mağarası. Mən bunların hamısını təsəvvür edib çatdırdım tamaşaçıya. Bax, belə əyər-əskikliklər filmin ruhuna mənfi təsir göstərir. Bir neçə məqam var idi ki, mən Nisənin sarsıntılarını daha qabarıq oynamaq istəyirdim, içimdən gəlirdi, təəssüf ki, imkan yaradılmadı”.
Gülşad xanımın özü bu filmdəki işini bəyənmir. Tamaşaçılardan isə əksərən təqdir sözləri eşidib həmişə. G.Baxşıyeva: “Müxtəlif adamlardan müxtəlif fikirlər eşitmişəm bu rolumla bağlı. Hətta Nisəni Sara ilə eyniləşdirənlər də olub. Amma əksəriyyət Nisə ilə Saranın fərqli xarakterlər olduğunu anlayır, “Yalan”ın süjet xəttini açmağımızın dərəcəsindən son dərəcə təsirləndiyini deyir. Arzu edirəm ki, bir aydan çox davam edən qələbə müjdəli müharibə tezliklə bütün ərazilərimizin işğaldan azad olunmasıyla başa çatsın ki, anaların nigarançılığına son qoyulsun”.

İsmarış

Yavər roluna Vidadi Həsənovun seçilməsi filmdəki digər çoban obrazlarının ifasının təklifi ilə başlayıb.
Vidadi Həsənov: “…Bir gün Ramiz müəllim birgə çalışdığımız Mədəniyyət və İncəsənət Universitetində mənə dedi ki, bir film çəkməyə hazırlaşır, orda bir neçə çoban obrazı var, onlardan birini oynamaq lazımdı. Məni kinostudiyaya dəvət etdi, orda ssenarini verdi mənə ki oxuyum. Bir neçə gündən sonra yenidən görüşdük, ssenari və epizodik çoban rolu haqqında fikrimi soruşdu. Dedim, ssenari də maraqlıdı, rol da, oynamaq olar. Xəbər aldı ki, bəs baş rol haqqında nə düşünürəm? Mən də cavab verdim ki, onsuz da bu barədə danışmağı nəzərdə tutmuşdum, Yavər rolunun sınaq çəkilişlərində mən də iştirak etmək istəyirəm. İştirak etdim və təsdiq olundum”.
Vidadi müəllim film çəkilişinin ümumiyyətlə mürəkkəb proses olduğunu, belə ağrılı mövzuya malik filmin ərsəyə gəlməsinin isə daha artıq səy tələb etdiyini vurğuladı.
V.Həsənov: “…Özü də o dövrdə film istehsalına elə də böyük vəsait ayrılmırdı. Amma bunlara baxmayaraq, bütün yaradıcı heyət bütün səylərini səfər bər etdi ki, film uğurla çəkilib tamamlansın. Və nə yaxşı ki, səylərimiz boşuna getmədi, tamaşaçıların dəyər verdiyi filmlər sırasında “Yalan” da var”.
Vidadi müəllim deyir ki, tamaşaçıların təsirləndiyi epizodlar yaradıcı heyətin də sarsıntıları hesabına başa gəlib. Həmsöhbətimiz ekran əsərinin Naxçıvandakı nümayişi ilə bağlı təəssüratlarını bölüşdü: “Naxçıvanda bu filmi ilk dəfə hərbçilərlə birlikdə izlədik. Əlbəttə, zalda başqa, adi tamaşaçılar da var idi. Film bitəndən sonra Ramiz Əzizbəylini bağrına basan, hətta əllərini öpən tamaşaçıların reaksiyasını görmək lazım idi. Çox təsirli məqamlar idi.
“Yalan” filmi Birinci Qarabağ Müharibəsinin həqiqətlərindən bəhs edir. O müharibə Yavərin də ailəsinə toxunandan, böyük oğlunu əlindən alandan sonra yeniyetmə yaşında olan kiçik oğlunun belinə onun kəmərini bağlayır. Bu bir ismarış idi, bu gün yaşadığımız günlərin ismarışı idi; son bir ay ərzində torpaqlarımızı azad edən o vaxtın yeniyetmələridir, “Yalan” filmi bu gün yaşadığımız Vətən Müharibəsinin ismarışını verirmiş. Allah bizim əsgərlərimizə yar olsun, onların hər gününü uğurlu etsin, biz də günlərin bir günü tam qələbə sevinci yaşayıb qalibiyyət filmləri çəkməyə başlayaq”.

“Əsgər atası”, “Mən ki gözəl deyildim…”, “Yalan”

Filmdə Rezo Çxeidzenin 1964-cü ildə çəkdiyi “Əsgər atası” və Tofiq Tağəzadə, Ağarza Quliyev, Ramiz Əsgərovun 1968-ci ildə təqdim etdikləri “Mən ki gözəl deyildim…”  ekran əsərləri ilə paralel məqamların sezilməsi qətiyyən plagiat və ya yamsılama anlamına gəlməməlidir. Bəli, azərbaycanlı əsgər atası da gürcü əsgər atası kimi çoxdan bəri xəbər-ətər gəlməyən oğlunun ardınca cəbhə bölgəsinə yollanır, bəli, yolda müharibənin insanlığa xəyanətə sürükləyə bilmədiyi gerçək qəhrəmanlar, real simalarla bərabər möhtəkirlik və varvarlıq edən simasıza təpinir də; amma gürcü əsgər atası almanların üzümlüyünü əzib keçmək istəyən, tənəklərin məhv olacağının fərqinə varmayan sovet tankçısına təpinir, azərbaycanlı əsgər atası isə öz millətindən olan şəhidin əynini, öz soydaşı, həmyerlisi olan didərginin evini soyub-talayan simasızın varlığından şoka düşüb ona təpinir. Gürcü əsgər atasından fərqli olaraq azərbaycanlı əsgər atası oğlunu sonuncu dəfə görə bilmir, hətta məzarını da qucaqlamaqdan məhrum olur, çünki hər hansı psixoloji hazırlıq keçmədən Vasifi kəşfiyyatçı dəstəsinə daxil ediblər, o isə minaya düşüb həlak olub, kəşfiyyatçıların isə məzarı da məxfi saxlanılır. Bəli, gürcü əsgərin də döyüş yoldaşları onun xatirəsinə ehtiram göstərirlər, azərbaycanlı əsgərin də döyüş yoldaşları eyni davranışda bulunurlar. Bütün bu məqamlar bədii həllin oxşarlıqları kimi səciyyələnə bilməz, çünki oxşarlıq sırf və yalnız hadisələrin baş verdiyi  şəraitdədir. Eyni xarakterizəni “Mən ki gözəl deyildim…” filmi ilə bağlı kənd poçtu epizoduna, Yavərin, oğlunun adından evə məktub yazıb yollamasına, kənd camaatının Nisəyə Yavərin yalanını gerçəklik kimi göstərməsinə də aid etmək olar. Hər üç filmin mövzusu eyni olsa da, fabulanın açılmasında oxşar yanaşmalar görünsə də, hər bir fim fərqli ovqata, özünəməxsus ruha malikdir. Vidadi Həsənov belə müqayisə və bənzətmələrdən darılmamağı doğru sayır, deyir ki, yaxşı filmimizi başqa bir yaxşı filmlə müqayisə etməkdə heç bir qəbahət görmürəm, hətta bir çoxları elə bizim filmi də ” Əsgər atası” adlandırır, deməli dəyər verirlər, hörmət edirlər…

Ramiz Əzizbəyli nəinki aktyor, rejissor kimi də özünü təsdiqləmiş sənətkardır. Başqa sözlə, çəkdiyi mətləbin fərqinə varmağı bacaran, mövzuya hərtərəfli fərdi yanaşması ilə seçilən quruluşçu kinorejissorlardandı. Və onun Qur`ani-Kərimdən götürülmüş belə bir misra ilə tamamlanan ekran əsəri realist filmdir. Həmsöhbətimiz olan sənət yoldaşlarına qoşularaq ona səhhətinin yaxşılaşmasını, kinomuza isə sənətkarın əziyyətlə ərsəyə gətirdiyi “Yalan” kimi yaddaqalan ekran əsərləri arzu edirik…

Samirə BEHBUDQIZI