Yaşar Nuri -70

“Aktyorluq çox çətin peşədi. Mən on yaşımdan səhnədəyəm, nəyə nail olmuşamsa, buna görə atama minnətdaram – o, mənə genlərini verib. Səhnə mənim oksigenimdi. Bu sənətə hörmət etmək lazımdı” deyən, komik, psixoloji və dramatik rolların mahir ifaçısı, teatr və kino aktyoru, Xalq artisti Yaşar Nurinin ad günüdür, yaşasaydı 70 yaşını qeyd edəcəkdi.

Y.Nuri 3 sentyabr 1951-ci ildə Bakıda anadan olub. 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilib.

1968-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb, sənətin sirlərini kurs rəhbərləri-Rza Təhmasib və Əliheydər Ələkbərovdan öyrənir.
1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Fəaliyyətə başladığı ilk illərdən ona xarakter rollar tapşırılıb. Teatrda ilk rolu Aleksandr Vampilovun “Övlad” (“Böyük oğul”) komediyasında Silva rolu olub. Daha sonra İlyas Əfəndiyevin “Bağlardan gələn səs” dramında Pərviz, Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı “Bəşərin komediyası və yaxud Don Juan”da Sqanarel, Mehdi Məmmədovun təfsirindəki “Dəli yığıncağı” faciəsində Sərsəm və s. obrazlar yaradır. Və beləliklə də teatr’ həyatının ayrılmaz hissəsinə çevirərək onunla bərabər addımlamağa başlayır.

Aktyor televiziya tamaşalarında da yadda qalan obrazlar oynayıb. Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Yarımştat”, “Ac həriflər”, “Göz həkimi”, “Yaşıl eynəkli adam”, “Səni axtarıram” trilogiyasında və bir çox teletamaşalarda rolları buna canlı misaldır.

Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, Yaşar Nuri bir aktyor kimi teatra necə bağlı idisə və teatrın inkişafında, formalaşmasında necə rol oynamışdısa, eləcə də kinoda əvəzsiz  xidmətləri var idi.

Kinoda ilk dəfə rejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı “Dörd bazar günü” filmində(1975) Seyran obrazını oynayıb. Bu filmdən sonra irili-xırdalı onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, nakəslərin, yaramazların, fırıldaqçıların obrazlarını yaratmaqla onları kinolentin yaddaşında yaşatdı.

Onun “Əzablı yollar” nağıl-filmindəki kiçik div obrazı nə qədər çox müasirləşdirilmiş və bir qədər də sosiallaşdırılmış mifik obrazdırsa, “Yol əhvalıatı” filmindəki Makintoş rolu bi o qədər hərəkəti, mimikası, yalnız onun özünəməxsus danışıq tərzi, ciddiliklə qeyri-ciddiliyin arasında olan anlaşılmaz xarakteri olan roldur.

Y.Nuri fərqli zövqə malik bir çox kinorejissorlarla çalışıb və bu təcrübə ona yaradıcılığında böyük imkanlar yaradıb. Əsasən tragikomik janrda işlənən filmlərdə bir-birindən fərqli, eyni zamanda milli xarakterləri yaratmaqla özünün aktyorluq imkanlarını üzə çıxarmışdır.

“Musiqili Xaş”, “Bəyin oğurlanması”(Ceyhun Mirzəyevlə birgə) filmlərində də aktyor tipik obrazlarla yadda qalır.

Yaşar Nurinin obrazlar kolleksiyasından söz açdıqda onun “Yaramaz”dakı Maşallahını, “Lətifə”dəki Məmmədini, “Qətl günü” ndəki Mahmud doktorunu,  “Nə gözəldir bu dünya”dakı Asim Əliyeviçi, “Hər şey yaxşılığa doğru”, “Nakəs”, “Fransız”, “Yoxlama”(serial) filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını yada salmamaq mümkün deyil. Sadaladığımız filmlərdəki rollar aktyorun sənətkarlığını ortaya qoymaqla yanaşı, onun hansı zəhmətlət hesabına belə bir yol qət etdiyinin də şahidi oluruq.

Bu gün hamımızın sevimli aktyoru Ya.ar Nurinin 70 yaşı tamam olur. İllər öncə 60 illik yubileyində özünü hələ də gənc hiss etdiyini deyən sənətkar eyni zamanda əlavə etmişdi ki, o rəqsləri ki, “Ər və arvad”da, “Məşədi İbad”da mən oynadım, deməli, hər şey çox yaxşıdır: “Yaşamaq yaxşı şeydir, amma rahat yaşayasan. Pul heç nəyi həll eləmir, amma rahatlıq həll eləyir. 60 yaş nədir ki, hələ çox iş görəcəyəm”…

Xaqlın sevimli, hazırcavab, təbii və dolğun ifaçılıq qabiliyyəti olan ustad aktyorunu ad günündə böyük sevgi və ehtiramla yad edirik!

aki.az