“Yaşıl qapı arxasında qadın” pyesi əsasında ekranlaşdırılan – “Bağlı qapı”
Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkilən filmlərin yaranma tarixini əhatə edən məqalələr silsiləsində növbəti filmimiz 1981-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən, Rasim Ocaqovun quruluş verdiyi “Bağlı qapı” filmidir.
Rejissor Rasim Ocaqovla kinodramaturq Rüstəm İbrahimbəyovun kinoda olan birgə əməkdaşlığının ilk tarixçəsi “Ad günü” filminə təsadüf edir ki, bu barədə də geniş məlumat vermişik.
Rüstəm İbrahimbəyovun “Yaşıl qapı arxasında qadın” pyesi əsasında ekranlaşdırılan film lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Müəlliflər bu filmi əxlaqi mahiyyət daşıyan ibrətamiz, bir növ eyhamlı hekayə adlandırmışlar. Film aktual sosial-mənəvi problemlər qaldırır.
RASİM OCAQOV: “BAĞLI QAPI”NI ÇƏKMƏK İDEYASI “İSTİNTAQ” FİLMİNİN ÇƏKİLİŞLƏRİ ZAMANI YARANIB
Rasim Ocaqovun Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi filmlər sırasında “Bağlı qapı” üçüncüsüdür. “Bağlı qapı” filmini çəkmək fikri isə hələ “İstintaq” filminin çəkilişləri zamanı yaranıb.
Rasim müəllim deyirdi ki, “İstintaq” filminin çəkilişləri zamanı Rüstəm İbrahimbəyovun qələmə aldığı “Yaşıl qapı arxasında” pyesini oxuyub və çox bəyənib. Həmin ərəfədə də R.İbrahimbəyova pyesdən bəhs edərək onu film şəklində çəkmək istədiyini bildirib. Hər iki tərəfin razılığı əldə edildikdən sonra bu barədə fikirlərini kinostudiyanın rəhbərliyinə bildirirlər. Plana salınan filmin çəkilişləri “İstintaq” filminin istehsalata buraxılmasından dərhal sonra başlanır: “Rüstəm pyesi yenidən işləyərək onu ədəbi ssenari şəklinə saldı. Və ssenarinin hazırlıq prosesi zamanı mənə təklif etdi ki, əsərin adını dəyişərək onu “Bağlı qapı arxasında” adlandıraq”.
Müəlliflərin fikrindən fərqli olaraq kinostudiyanın rəhbərliyi başqa söz deyir, məsləhət görürlər ki, filmin adı sadəcə “Bağlı qapı” olsun.
Rasim Ocaqov: “Rəhbərliyin təklifi ilə razılaşdıq. Çünki tamaşaçı filmə baxan zaman konkret olaraq hadisələrin bağlı qapı arxasında cərəyan etdiyinin və təbii ki, orada nələrin baş verdiyinin şahidi olacaqdı”.
Ədəbi ssenari qəbul edildikdən sonra R.Ocaqov filmin rejissor ssenarisi üzərində işləyir. Təbii ki, özünəməxsus şəkildə ssenaridə bəzi dəyişikliklər edir. Bu dəyişikliklərə Rüstəm İbrahimbəyovun heç bir etirazı olmur: “Rüstəm mənə inandığı üçün, ssenarilərində etdiyim dəyişikliklərə qarşı heç bir etiraz etmir. Çünki mənim ssenaridə etdiyim dəyişikliklər əsərin ruhuna belə toxunmur. Sadəcə olaraq bir rejissor kimi quruluş verdiyim filmi özümə məxsus sərgidə kino dilinə çevirir və çəkilişlərə başlayıram. Təbii ki, etdiyim dəyişikliklərdən sonra Rüstəm İbrahimbəyovla birgə oturub rejissor ssenarisinə yenidən nəzər saldıq. Bütün bu proseslərdən sonra isə yaradıcı heyətin tərkib hissəsini müəyyənləşdirmək işlərinə başladıq”.
NƏSİBƏ ZEYNALOVA, ALEKSANDR KALYAGİN, RODİON NAXAPETOV ROLLARA SINAQSIZ TƏSDİQ OLUNUBLAR
Ssenaridən də məlum olur ki, filmdə cərəyan edən hadisələr sırf azərbaycanlı ailələrinin həyatından bəhs edir. Gözləmək olardı ki, azərbaycanlı obrazları elə öz aktyorlarımıza da tapşırılacaq. Ancaq sınaq çəkilişləri zamanı vəziyyət tamamilə dəyişir. Belə ki, kənar studiyalardan dəvət alan aktyorlar çoxluq təşkil edir. Ümumiyyətlə Rasim Ocaqov bir rejissor olaraq quruluş verdiyi filmlərin, demək olar ki, hamısına kənar studiyalardan olan aktyorları dəvət edərək çəkib. İş burasındadır ki, Rasim Ocaqov başqa millətlərin nümayəndələrindən olan aktyorları azərbaycanlı obrazında çəkməklə, onları bir növ azərbaycanlaşdırıb. Bu özü də böyük işdir.
Rejissor bu barədə deyirdi: “Məni tanıyanlar bilirlər ki, bir rejissor olaraq kənar millətlərdən olan aktyorları azərbaycanlı obrazında çəkməyi bacardığım kimi, onları Azərbaycan adət-ənənəsinə uyğunlaşdırmağı da bacarmışam. Bunun nəyi pisdir ki, rus azərbaycanlı obrazını elə azərbaycansayaq da oynayır. Və yaxud da digər millətlər əgər azərbaycanlı obrazını elə azərbaycansayaq oynamağı da bacarırsa, bunu ancaq alqışlamaq lazımdır. Bir də mənim üçün əsas olan odur ki, ssenaridə olan rollara seçdiyim aktyorlar obrazların öhdəsindən gəlsinlər, onlar mənim gördüyüm formada rolları mənimsəyib oynaya bilsinlər. İstər amerikalı olsun, istər fransız olsun, istərsə də digər millətlərdən olsun fərqi yoxdur, azərbaycanlıya oxşayan siması varsa kifayətdir. Bu baxımdan “Bağlı qapı” filminin sınaq çəkilişləri zamanı da kənar studiyalardan bir neçə aktyorları, təbii ki, azərbaycanlıya oxşar siması olan aktyorları uyğun olan rollara dəvət etdim”.
Öz aktyorlarımız da sınaq çəkilişlərinə dəvət olunub. Məsələn, Şahmar Ələkbərov Murad rolunda yoxlansa da son məqamda üstünlük Rodion Naxapetovun ifasına verilib. Bunun səbəbini rejissor belə izah etmişdi:
“Şahmar Ələkbərovun aktyorluq talantı məni çox qane edirdi. Hələ “Qatır Məmməd” filminin çəkilişi zamanı onun qabiliyyətinə bələd olmuşdum. Şahmar tapşırılan hər bir rolun öhdəsindən gəlməklə yanaşı, onu mənimsəməyi də bacarırdı. Doğrudur ki, onun “Bağlı qapı” filminin sınaq çəkilişləri zamanı yaratdığı Murad yaxşı alınmışdı, ancaq belə götür-qoy etdikdə Rodion Naxapetovun ifasında lentə alınan Murad obrazı məni daha çox qane edirdi. Onu da qeyd edim ki, Şahmar Ələkbərovun sınaq çəkilişlərində lentə alınan ifasını Bədii Şuraya göstərmədim. Digər rollara isə əvvəlcədən seçdiyim aktyorları təsdiq etdim. Məsələn, Nəsibə Zeynalovanı, Aleksandr Kalyagini, Rodion Naxapetovu sınaqsız olaraq gördüyünüz rollara təsdiq etmişdim”.
FİLMİN ÇƏKİLİŞİNƏ NEFT AKADEMİYASININ TƏLƏBƏLƏRİ CƏLB EDİLİB
Filmin ssenarisinə əsasən təsvir olunan hadisələr bir həyətdə cərəyan etməli idi. Bunun üçün də çəkiliş üçün elə ssenaridə təsvir olunan həyətin axtarış prosesi başlanmışdı.
Rejissor deyirdi ki, filmdə gördüyünüz həyətin axtarışı öncə bir səmərə vermirdi. Ancaq mən çox təkidlə israr edirdim ki, həmin həyət tapılmalıdır. Həmin həyət elə olmalı idi ki, orada iki mərtəbəli bina olduğu kimi, bir mərtəbəli bina da olsun. Bu ona görə lazım idi ki, mənim qəhrəmanlarımın hamısı həmin həyətin sakinləri idi. Məsələn, filmin baş qəhrəmanı olan Murad atası ilə birgə həmin həyətdəki binanın ikinci mərtəbəsində yaşayır. Nəsibə Zeynalovanın oynadığı obrazın sahibi Zeynəb isə birinci mərtəbədə yaşayır. Bir sözlə, mənə lazım olan o idi ki, təsvir olunan həyətdə 5-6 ailə yaşaya bilsin”.
Nəhayət ki, yaradıcı heyətin 1 aylıq gərgin axtarışı sayəsində ssenaridə təsvir olunan həyət tapılır. Ancaq filmə baxarkən elə düşünmək olar ki, çəkiliş aparılan həyət quraşdırma səhnədir.
Raim müəllim deyirdi ki, son məqamda, yəni ssenaridə təsvir olunan həyətin maketi tapılmasaydı, o zaman quraşdırma səhnələrdən istifadə etmək məcburiyyətində qala bilərdik: “Çox şükür ki, gərgin axtarış nəticəsində istədiyimizə nail olduq. Yalnız həyətdə qışqırtı yaradan qadının evinin qarşısında məhəccər qoyduq. Həyətdə digər nə varsa hamısı olduğu kimi çəkilişdə görsənir”.
Filmin çəkilişləri Bakının küçələrində, Neft Akademiyasının qarşısında, tramvay gələn yerlərdə, dava düşən səhnə adı çəkilən institutun zalında lentə alınıb: “Hətta çəkilişə Heft Akademiyasının tələbələrini də cəlb etmişdik. O dövrdə Neft Akademiyasında əcnəbi tələbələr çoxluq təşkil edirdi. Həmin əcnəbi tələbələri də çəkilişə cəlb etdik. Qeyd edim ki, dava səhnəsini yaratmağın da öz çətinlikləri var. Buna görə də çalışdıq ki, problemsiz olaraq həmin kadrı çəkək. Bunun üçün isə əvvəlcədən tələbələri lazım olan qaydada başa saldıq. Bir sözlə, hər kəs dava düşən səhnədə öz üzərinə düşən ifanın öhdəsindən gələ bildi ki, bu da həmin kadrın canlı alınmasına səbəb oldu”.
Filmdəki bir neçə epizod Kislovodskda lentə alınıb. Hətta Kislovodskda lentə alınan epizodları da quraşdırma səhnənin vasitəsilə yaratmaq mümkün imiş. Ancaq Rasim Ocaqov filmdə hər xırda detala belə çox diqqətlə yanaşmış və nəticədə də film səviyyə baxımından çox güclü alınmışdı: “Kislovodskda çəkilən kadrda ssenariyə əsasən qəhrəmanımın gedişi olur. Belə ki, həbsxanadan çıxan Murad kamera yoldaşının məktubunu bacısına çatdırmalıdır. Onun kamera yoldaşının bacısı isə Kislovodskda yaşayır. Deməli Kislovodskda bir epizodun çəkilişini apardıq ki, buna görə də bir həftə orada qaldıq. Təbii ki, dövlət tərəfindən film üçün ayrılan pul bizə imkan verdi ki, bir həftə Kislovodskda çəkiliş apara bilək”.
FRUNZİK MKRTÇYAN VARTAN OBRAZINDA
Filmdə diqqət mərkəzində dayanan rollardan biri də erməni aktyoru Frunzik Mkrtçyanın yaratdığı Vartan obrazıdır.
Onu da qeyd edək ki, Frunzik Mkrtçyan ilk dəfə olaraq “Azərbaycanfilm” kinostdiyasının istehsal etdiyi filmdə iştirak etmişdir. Ona görə bu qənaətə gəlirik ki, o yaradıcılıq həyatı boyunca bir aktyor olaraq hər rejissorun dəvətini qəbul etməmişdir. Bunu Rasim Ocaqov da təsdiqləyir. “Tamamilə doğrudur. Mkrtçyan SSRİ miqyasında tanınan, sevilən bir aktyor idi. Mən onu “Bağlı qapı” filmində epizod rola dəvət etmişdim. Lap doğrusunu desəm isə filmin ikinci rejissoru vasitəsilə ssenarini ona göndərərək oxumasını xahiş etdim”. Ssenarini qəbul edib oxuyan və təbii ki, bəyənən Frunzik Mkrtçyan “qardaşlarımızdır, gərək dəvətlərini qəbul edək” deyir.
“Onu rola təsdiq etdik və təbii ki, Mkrtçyan Vartan rolunun öhdəsindən çox asanlıqla gəldi. Doğrudur ki, hazırda belə bir əməkdaşlıq etmək heç mümkün olan iş deyil. Mən istəməzdim ki, erməni aktyoru ilə bağlı söylədiyimiz fikirlər ikimənalı qarşılansın. Axı hamıya da yaxşı bəllidir ki, yaxın keçmişdə biz onlarla necə münasibətdə olmuşuq. Təbii ki, hələ 1980-1981-ci illərdə heç kimin ağlına belə gəlməzdi ki, vaxt gələcək bizim torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt olunacaq”.
Bu, filmin çəkilişindən düz səkkiz il sonra baş verəcəkdi. Rasim Ocaqovun filmlərinə baxanlar yaxşı bilirlər ki, o bir aktyorun imkanlarından bir neçə dəfə istifadə edir. Ancaq “Bağlı qapı” filminə dəvət alan Nəsibə Zeynalovanı Rasim Ocaqovun quruluş verdiyi digər filmlərdə görmədik. “Bilirsinizmi, mərhum Nəsibə Zeynalova elə bir aktrisa idi ki, onu hər roldan ötrü narahat etmək olmazdı. O mənada ki, Nəsibə xanım artıq korifeylik zirvəsinə ucalmış ustadlardan biri hesab olunurdu. Lazım idi ki, ona həvalə olunan rol da adına-sanına layiq olsun. Mən çox istərdim ki, onunla digər filmlərimdə də işləyim. Ancaq hər dəfə ssenarilərə baxarkən ona uyğun rol görə bilmədim. Bu baxımdan da aktrisanı sonralar narahat etmədim. Yalnız onu deyə bilərəm ki, “Bağlı qapı” filmində onun ifasına bir daha valeh oldum. Hətta bu gün də həmin filmə baxarkən öz-özümə düşünürəm ki, hər bir aktyor öz rolunun öhdəsindən bacarıqla gəlib. Son olaraq onu da qeyd etmək istərdim ki, əgər bu filmə yenidən quruluş verməli olsaydım, heç düşünmədən belə həmin aktyorları yenidən çəkiliş meydançasına dəvət edərdim”.
HACI İSMAYILOV: “BAĞLI QAPI” FİLMİ RASİM OCAQOVLA BİRGƏ İKİNCİ İŞİMDİR
Xatırladaq ki, Hacı İsmayılovu kinoaktyoru kimi ilk dəfə kəşf edən məhz Rasim Ocaqov olub. Və ilk çəkilişin uğuru zamanı rejissor öz-özlüyündə etiraf edib ki, hələ Hacı İsmayılovun aktyor imkanlarından geniş istifadə etməli olacaq.
Doğrudan da sonralar Rasim Ocaqov quruluş verdiyi bir neçə filminə Hacı İsmayılovu dəvət edir. Bunlardan “Özgə həyat”, “Bağlı qapı”, “Ölsəm, bağışla”, “Ad günü”, “Həm ziyarət, həm ticarət” filmlərini misal göstərmək olar. Qeyd edək ki, Hacı İsmayılov “Bağlı qapı” filmində quşbaz Əli obrazını yaradıb.
Hacı İsmayılov deyir ki, “Bağlı qapı” filmi mənim Rasim Ocaqovla birgə ikinci işimdir: “Ad günü” filmindən sonra o artıq ikinci dəfə idi ki, məni öz filminə dəvət edirdi. “Bağlı qapı”da yaratdığım obraz Əlidir. Film rus dilində lentə alındığı üçün rolum sadəcə Alik adlandırılırdı. Filmdə söhbət köhnə Bakının həyətlərindən birində cərəyan edən hadisələrdən gedir. Əlinin işi-gücü həmin həyətdə yalnız quş uçurtmaqdan ibarətdir. Quşbaz kimi tanınan Əlinin həyat kredosu göyərçin saxlamaqdan və öz işindən ləzzət almaqdan ibarətdir. Evdə Alikin lal-kar olan bir bacısı da var. Bizim anamızı isə Azərbaycanın böyük aktrisası Nəsibə Zeynalova oynayırdı. Nəsibə xanımın da bir ana olaraq ailə üzvləri arasında ən çox qayğı göstərdiyi birinci lal olan qızıdır, ikincisi isə oğlu Alikdir. Onu da qeyd edim ki, Alik ərköyün böyüdüyü üçün bir az ipə-sapa yatan deyil. Hətta hərdən dostlarına qoşularaq içki içir, həyətdə səs-küy də salır ki, bu da Əlinin bacısının həyat yoldaşına xoş gəlmir və hər dəfə o qaynını danlayaraq bu yoldan əl çəkməsini tələb edir”.
Aktyor onu da etiraf edir ki, Əli rolu maraqlı obrazdır. Hətta “Ad günü” filmindəki Mustafa rolu ilə müqayisə olunarsa, Əli rolunun də özünə məxsus yaddaqalan xüsusiyyətləri var.
Quşbaz Əli obrazını yaratmaq aktyor üçün maraqlı olduğu qədər də çətin başa gəlib. Çünki rejissor ondan tələb edirdi ki, kamera qarşısında peşəkar bir quşbaz obrazı canlandırılmalıdır.
Hacı müəllim deyir ki, həyatda quş saxlamaqla məşğul olmasam da, quşbazların iş prinsipi ilə tanış idim. O baxımdan ki, mənim yaşadığım ərazilərdə quşbazlar olub və mən də hər dəfə onların quşlarla olan məşğuliyyətlərinə nəzər salmışam. Yaxşı yadımdadır, bir vaxtlar mən İçərişəhərdə yaşayırdım. İçərişəhərdə onun da şahidi oldum ki, orada quş saxlamaq sanki dəb halını alıb. Hər məhlənin də öz quşbazları var idi. Sonralar ordan beş mərtəbəli binaya köçdük. Və bu binada da quşbazlarla rastlaşdım”.
Bu bir təsadüf idi. Ancaq Hacı İsmayılovun ağlına belə gəlməzdi ki, vaxt gələcək ona quşbaz rolu tapşırılacaq: “Məşq prosesi zamanı quşbaz rolunu tam olaraq mənimsədim və eyni zamanda da filmdə çəkilən quşları da özümə öyrədə bildim”.
Bir sözlə, Hacı İsmayılovun quşlarla olan çəkilişdə heç bir problemi olmur. Buna görə də rejissor ondan çox razı qalır. Ancaq filmin bir kadrı da var ki, orada vəziyyət başqa cür olur.
Əgər xatırlayırsınızsa, Əlinin qaz tutma səhnəsini deyirik. Bu kadrda rejissor Hacı İsmayılova qarşı daha çox tələbkar olub: “Filmdə Əlinin yaşadığı həyətdə bir xanımın ondan xoşu gəlir. Bu xanım da qaz saxlayır. Həmin xanım hərdən qazları həyətə açıb buraxır və səs-küy salır ki, bəs qazlarım uçub getdi, kömək edin. Hər dəfə də Əli ona kömək edir. Bu xanıma elə gəlir ki, Əli quşlarla dil tapdığı kimi, qazları da saxlaya bilər. Ancaq etiraf edim ki, qaz tutmaq çox çətindir. Öncə mənə elə gəldi ki, qaz tutmağı asanlıqla bacara bilərəm. Ancaq çəkiliş vaxtı bunun əksini gördüm”. Ancaq nə qədər çətin olsa da Hacı İsmayılov qazı mütləq tutmalı idi. Təbii ki, film çəkilişində alınmayan kadrları montaj vasitəsilə yaratmaq olardı. Ancaq tələbkar rejissor olan Rasim Ocaqov bununla razılaşmırdı. O aktyordan tələb edirdi ki, məhz çəkiliş vaxtı qazı tutsun. Bunu necə etməyi isə Hacı İsmayılov özü düşünüb tapmalı idi. “Yaxşı ki, uşaq vaxtı futbol oyununda qapıçı kimi iştirak etmişəm. Etiraf edim ki, qapıya vurulan tor zərbələrini çox böyük məharətlə tuturdum. Bütün bunları yadıma salaraq qazın dalınca düşdüm. Bir neçə cəhddən sonra istədiyimə nail oldum. Ancaq hər dəfə qazın dalınca qaçarkən bir zədə aldım, dizlərim, dirsəyim əzildi ki, bu da kinoda hər dəfə mümkün olan, gözlənilən bir işdir”.
Film hazır olduqdan sonra ilk dəfə Moskvada nümayiş olunub. Filmi bəyənən Moskva kino işçiləri orada iki obrazı – Rodion Naxapetovun yaratdığı Murad rolu ilə, Hacı İsmayılovun yaratdığı Əli obrazını xüsusilə alqışlayıblar: “Həmin kino nümayəndələri arasında Eldar Ryazanov da olub. Əsasən o bizim ifamızı yüksək səviyyədə qəbul etmişdir. Onu da qeyd edim ki, Murad rolunu yaradan Rodion Naxapetov hazırda Amerikada yaşayır, orada çalışır”.
Yeri gəlmişkən, Hacı İsmayılov Əli roluna yeganə namizəd olub. Və Əli roluna tam oxşamaq üçün aktyorun geyim tərzində dəyişikliklər olmaqla yanaşı, rejissor ondan bığının da olmamasını tələb edib: “O vaxtlar bığ saxlayırdım. Əli obrazına görə bığımı qurban verməli oldum ki, bu da simamı dəyişdi. Eyni zamanda da saç düzümümdə də dəyişikliklər edildi. Bütün bu dəyişikliklərdən sonra mən həqiqətən də quşbazlara oxşadım”.
Onu da qeyd edək ki, Hacı İsmayılov da Nəsibə Zeynalova ilə ilk dəfə olaraq tərəfmüqabili olub. “Nəsibə xanımla tərəfmüqabili olmaq çətin olduğu qədər də şəxsən mənə böyük şərəf verirdi. O bir aktrisa olaraq qüdrətli olduğu qədər də, gözəl insan idi. Onunla tərəfmüqabili olmaq sanki adama güc-qüvvət verirdi. Səsindəki, hərəkətlərindəki hər bir çalar əsl sənət nümunəsindən xəbər verirdi. Nəsibə Zeynalova ilə yalnız bir dəfə tərəfmüqabil kimi görüşmək özü böyük bir məktəb keçməyə bərabərdir”.
Hacı İsmayılov onu da qeyd etdi ki, filmdə gördüyümüz həyət Respublika sarayının arxa tərəfində köhnə bir binanın köhnə həyətində lentə alınıb. Hazırda həmin həyəti sökərək, yerində tikinti işləri başlayıb. “İnandırım sizi həmin həyətdə çəkilişlər apararkən həyət sakinləri bizə böyük qayğı göstərirdilər. Çəkiliş üçün rahat şərait yaradan kim, yaradıcı heyəti çayla, kofe ilə təmin edən kim, bizi evinə dəvət edən kim və s. Bəlkə də filmin daha maraqlı alınmasına belə səmimi münasibətlərin də böyük köməyi olub”.
FİLM YÜKSƏK KATEQORİYAYA LAYİQ GÖRÜLÜB
Filmin hazırlıq prosesi bitdikdən sonra onu “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Bədii Şuranın baxışına təqdim edirlər. Qısa baxışdan sonra film Moskvanın təsdiqinə göndərilir. Moskva Dövlət Kino İdarəsi filmi qəbul edir, ancaq bir şərtlə ki, filmdə qadının həyat yoldaşı tərəfindən döyülmə səhnəsi çıxarılsın. Bu da o demək idi ki, Sovetlər ölkəsində qadın öz həyat yoldaşı tərəfindən döyülə bilməzdi. Yaradıcı heyət Moskvanın fikri ilə razılaşmaqdan başqa çarə görmür. Və filmin sonluğunu-yəni döyülmə səhnəsini sadəcə olaraq qadının iri planda göstərildiyi halda təbəssümlə kameraya baxması ilə əvəz edirlər. Belə bir yerdəyişmədən sonra film qəbul edilir və ən yüksək kateqoriyaya layiq görülür. Bundan başqa isə filmin bir çox şəhərlərdə təntənəli surətdə premyerası keçirilib. Misal olaraq Moskvanın, Praqanın, Buxarestin adlarını çəkmək olar. Eyni zamanda isə film Kanada da keçirilən Monreal kinofestivalının açılışında ilk olaraq nümayiş olunmuşdur. 1982-ci ildə Tallində keçirilən XV Ümumittifaq kinofestivalında müasir mövzuda çəkilmiş ən yaxşı bədii film olduğuna görə “Bağlı qapı” filminə diplom və mükafat verilmişdir.
Filmin yaradıcı heyəti: Ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissor Rasim Ocaqov, operator Rafiq Qəmbərov, rəssam-Fikrət Bağırov, bəstəkar-Emin Sabitoğlu.
Rollarda iştirak edirlər: Rodion Naxapetov (Murad), Nəsibə Zeynalova (Zeynəb), Aleksandr Kalyagin (Daşdəmirov), Dadaş Kazımov (Nuru), Hacı İsmayılov (Əli), Larisa Xələfova (Şərqiyyə), Məmməd Məmmədov (Saleh), Frunzik Mkrtçyan (Vartan), Svetlana Məmmədova (Gülya), Vaqif Həsənov (Ənvər), Viktor Dəmirtaş (Fərid), Gülya Salahova (Rəna), Elçin Məmmədov (Aydın), Sadıq Hüseynov (sahə müvəkkili), Nailə Mahmudova(Roza).
X.QİYAS