“Yay məktəbi”nin Şəki mərhələsi arxada qaldı və ya səmimi düşüncələr

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə “Yay Məktəbi” 23-30 avqust 2021-ci il tarixində Şəki şəhərində həyata keçirildi.

“Yay məktəbi”ndə iştirakçılar ssenari yazılışının ana təməl qaydaları, ideyanı yazılı ssenariyə necə çevirməli kimi sualları əhatə edəcək intensiv təlim proqramı ilə yaxından tanış olmq fürsəti əldə etdilər.

Artıq “Yay məktəbi”nin Şəki mərhələsi arxada qalıb. Bu mərhələdə iştirak edən iştirakçılar öz səmimi düşüncələrini dilə gətiriblər.

Hacı Səfərov ssenari üzrə “Yay məktəbi”nin yüksək səviyyədə təşkil olunmasını qeyd edib: “Ssenari barəsində istinad nöqtələrindən xəbərdar olmağımız çox faydalı idi. Ümumi proses əslində yorucu keçirdi deyə bilərəm. Çünki gündəlik dərslər intensiv olaraq həyata keçirilirdi. Lakin sondakı nəticələrə baxdığımızda bu yorğunluğa dəyər bir təcrübə olduğu düşüncəsindəyəm”.

Nərmin Həsənova bildirib ki, “Yay məktəbi”ndən əldə etdikləri ssenari yaradıcılığında ilkin mərhələdə olan bir iştirakçı olaraq onu qane edib: “Kino təhsilinin inkişafı baxımından öyrədici təlimlərin uzunmüddətli dərs proqramları vasitəsilə bu işə yeni başlayanlar üçün təşkil olunmasını çox təqdir edərdim. İttifaqın öyrədici bir layihə ilə belə təşəbbüsünü yüksək qiymətləndirirəm”.

Həmid Piriyev “Yay məktəbi”nə qoşulanda ssenari yazmaq barədə demək olar ki, heç nə bilmədiyini qeyd edir: “çığı, çox şey öyrənəcəyimə də ümidim yox idi. Bir həftəyə nə qədər şey öyrənmək olar ki? Amma gözlədiyimin tam əksi oldu. Mentorumuz Cavid bəy loqlayn və tritmentin yazılmasından ssenarinin tam hazır vəziyyətə gətirilməsinə qədər bütün mərhələləri, qaydaları bizə öyrətdi. Yay məktəbində əldə etdiyim biliklərin gələcək yaradıcılıq həyatımda mənə çox kömək edəcəyinə inanıram”.

Günay Səlimzadə qeyd edib ki, təlimçimiz Cavid Zaidov tərəfindən ssenari necə yazılır və ssenarinin mərhələləri haqqında ətraflı məlumat aldıq: “Mən yeni əldə etdiyim məlumatlar və biliklər sayəsində hazırda dekabr ayında reallaşacaq filmim üzərində işləyirəm. Ümid edirəm ki, gələcəkdə belə layihələrin sayı çox olacaq və film sektorunda irəriləyişlər günbəgün artacaq. Öyrədici mühitə gəlincə, hər şey çox gözəl idi. Demək olar ki, bir-birimizin ideyasından yararlanmaq və onları tətbiq etmək zövqverici idi”.

Murad Allahverdiyev deyir ki, “Qəlbdən qələmə ” layihəsi gözlədiyimdən daha maraqlı keçdi: “Layihənin əvvəlində sinopsis mərhələsində olan ssenarimi bir həftə ərzində mentorun köməyi ilə inkişaf etdirməyi bacardım. Düşünürəm ki, “Yay məktəbi”nin ən maraqlı tərəfi komanda şəklində işləməyimiz oldu. Belə ki, bir həftə ərzində paralel olaraq doqquz iştirakçının müxtəlif mövzularda və janrlarda olan ssenarilərini birgə inkişaf etdirdik. Bu da hər bir iştirakçının ssenaridə strukturu daha aydın qavramasına kömək etdi”.

Orxan Adıgözəlov maraqlı və məhsuldar təcrübə ilə qarşılaşdığını qeyd edir: “Öz adıma deyə bilərəm ki, bu tip təlimlərin ölkədəki mövcud vəziyyətini nəzərə alaraq çox az gözlənti ilə qatılmışdım. Daha çox əyləncə xarakterli gəzinti olar deyə düşünürdüm. Amma nəyinki yetərincə əyləndik, hətta çox ciddi dərs rejimində olduq və şəxsən mən öz ssenarimi bu təlim sayəsində 90% yekunlaşdıra bildim”.

Pərvanə Rəhimlinin həyatında ssenari məktəbi dönüş nöqtəsi olub: “Həmçinin film üçün yazılan hekayənin skeletini öyrənmək baxımından maraqlı təcrübə mübadiləsi yaşadım. Kinoda heç bir hadisənin, aktın təsadüfü olmadığını öyrəndim. Ssenaristlər, filmlə maraqlanan hər kəs üçün belə layihələrin təşkilinə çox ehtiyac var”.

Elşad Rzayev layihəyə “Çevrilmə”adlı qısametrajli psixoloji dram ilə qatılıb: “Layihədə tritment, onun strukturu ve inkişaf etdirilmə mərhələləri ilə bağlı çox elementlər öyrəndim ki, bu da gələcəkdə öz müsbət bəhrəsini verəcəkdir. Onu da qeyd etmək istərdim ki, bütün layihə boyu bizə təlim verən mentor, Cavid bəy, öz bilik və təcrübəsini maksimum bütün iştirakçılarla bölüşürdü. Təlim şəxsən mənə ssenari və tritment yazılışında, düzgün pitçinq etmə,ssenari strukturu və onun inkişafında çox böyük təkan verdi”.

Leyla Atayeva isə deyib ki, “Qəlbdən qələmə” ssenari layihəsi mənim üçün kino sənətinə doğru böyük addım oldu: “Bura gələrkən əlimdə olan ssenari sinopsisi üzərində işləmək niyyətində idim və nəticədə tam bir tritment forması ilə qayıtdım. Mentorumuz Cavid bəy bizlə gözlədiyimizdən daha çox bilikləri bölüşdü ki, bu çox sevindirici haldır. İnanıram, bu layihədə iştirak edən bir çox gənc ssenaristlər gələcəkdə Azərbaycan kino industriyası üçün xeyirli işlər həyata keçirəcəklər”.

aki.az