İyulun 2-də “Azərbaycan” CinemaPlus-da Ayşə Mirzəzadənin “Yelləncək” və Elmar Bayramovun “Nəfəs” qısametrajlı bədii filmləri nümayiş olundu.
“Yelləncək” filmi bir gənc qızın, uşaq yaşlarında ailəsində şahidi olduğu mübahisələr səbəbindən aldığı travmaların sonralar həyatına mane olmasından bəhs edir.
“Nəfəs” filmi isə 1994-1996-cı illərdə əsirlikdə olan hərbçi Bəxtiyar Nağıyevin hekayəsindən bəhs edən psixoloji dramdır. 28 illik düşmən işğalından sonra kəndinə qayıdan Bəxtiyar, əsirlikdən sonrakı həyata alışmaqda çətinlik çəkir.
Tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sultanova müəlliflər haqda məlumat verdi: “Ayşə Mirzəzadə Sankt-Peterburqda Kinematoqrafiya İnstitutunda təhsil alır və hazırda sonuncu kursdadır. “Yelləncək” filmini 18 yaşında çəkib və bu, onun ikinci işidir. Ayşə xanım, bu gün tədbirə qatıla biımədiyindən onu atası, filmin prodüseri Elvin Mirzəyev təmsil edəcək. “Nəfəs” filminin rejissoru Elmar Bayramov isə daha təcrübəlidir. O, sənədli filmlər, “Don Marleone” tammetrajlı bədii filmini və sosial çarxlar çəkib. Elmar Bayramov hazırda Amerikada yaşayır”.
Nümayişdən sonra filmlərin müzakirəsi keçirildi. Moderator hər iki filmin yaradıcı heyətini səhnəyə dəvət etdi.
Elmar Bayramov bildirdi ki, Bəxtiyarı şəxsən, uzun illərdir ki, tanıyır: “Bu gün gəlmədi bura. O, tək yaşayır, insanlar arasına çıxmır. Filmdə təsvir olunan, əslində, Bəxtiyarın özüdür və bu hekayədə onun halını verməyə çalışmışıq. Bəxtiyarın ailəsi var, iki uşaq atasıdır. Amma ailəsi ilə birlikdə yaşaya bilmir. Təhlükəli olduğuna, özünü nəzarətdə saxlaya bilmədiyinə görə… Bu filmin qəhrəmanı kimi onu şəxsən tanıdığıma görə seçdim. O dönüb canavara baxarkən, necə baxmalı olduğunu bilirdim. Özü filmə baxıb və bəyənib, dedi ki, sən məni yaxşı tanıyırsan”.
Filmin ssenari müəllifi Ülviyyə Heydərova, “Nəfəs”in onun kinoda ilk işi olduğunu dedi: “Kinoda ilk qonorarımı da bu filmdə aldım. Bu film bizi Elmar müəllimlə görüşdürdü, tanış elədi. İdeya müəllifi odur. O deyəndə ki, belə bir film istəyirik, təbii ki, mən də araşdırma apardım, əsir həyatı yaşamış insanları yaxşı tanımaq üçün. Amma onun məqsədi qəhrəmanın ovqatını vermək idi. Düşünürəm ki, filmdə lazımi atomosfer verilib. Elmarın özü ilə işləmək, bayramdır. Ssenarinin yazılması dövründə biz onunla hər gün onlayn əlaqə saxlayırdıq”.
Moderatorun “Rejissorun mütləq şəkildə həyat təcrübəsinin olması vacibdir. Belə bir klassik hekayəni çəkmək üçün Ayşənin həyat təcrübəsi yetərli oldumu və sizinlə məsləhətləşdimi?” sualına cavab verən prodüser Elvin Mirzəyev bildirdi ki, prodüserin missiyası yaradıcı insana öz yaradıcılığını bütünlükdə ifadə etməsinə şərait yaratmaqdır:
“Mən müdaxilə etməmişəm. Ayşə bu sahə üzrə ali təhsil alır, yaxşı ustadları var. Yetərincə yaxşı təlimlər keçirlər. Bizim onunla ünsiyyətimiz daha çox inzibati oldu. Bu film onun özünün məhsuludur. Niyə Ayşə məhz bu mövzunu seçdi? O artıq üç film çəkib. Yəqin, hər bir insan bütün suallara hər şeydən əvvəl özündə cavab axtarır. Burada da qəhrəman, problemi özündə həll edir”.
“Nəfəs” filmində baş rolu ifa edən aktyor Vüsal Hacı-Qədir bildirdi ki, bu onun rejissorla ikinci işidir: “Elmarın kommersiya xarakterli “Don Marleone” filmində çəkilmişəm. Hər aktyorun öz rejissoru var. Elmar da mənim rejissorumdur. Elmarla işləmək zövqdür. Çəkilişdən qabaq 3 aydan çox məşqimiz oldu. Burada hansısa fövqəl bir tapşırıqdan danışmağa ehtiyac yoxdur. Bir insanın taleyidir, daxili fəlsəfəsi var. Tapşırıq verildi rejissor tərəfindən, o texnikaya uyğun oynadım. Rol üzərində işləyərkən əsir taleyi yaşamış insanlarla maraqlanmadım. Çünki düşündüm ki, bəlkə çaşa, aza bilərəm. Mən Elmardan tapşırıq aldım. Ona inanıram və ruhumu da onun ixtiyarına buraxıram. O məni kənardan daha rahat görür”.
Çəkiliş prosesini onlayn idarə edən Elmar Bayramov dedi ki, o zaman kimin interneti daha yaxşı tuturdu, biz dərhal onunla əlaqəyə keçirdik: “Çəkilişlər İsmayıllıda soyuq aylarda oldu. Bir dəfə ikinci rejissora dedim ki, Vüsalın vəziyyətini de, çünki dublu bəyənməmişdim. Dedi ki, Vüsalın ayaqları əsir, dayana bilmir. Vüsal dedi ki, mən yenə də çəkilərəm, amma indi alınmır, fiziki cəhətdən cavab verə bilmirəm. Çox çətinliklər oldu. Bütün heyətə təşəkkür edirəm ki, çətinliklərin öhdəsindən gəldi”.
“Yelləncək” filminin əsas qəhrəmanlarından birini oynayan balaca Mədinə Musayeva bildirdi ki, filmdə çəkilmək onun xoşuna gəlir: “Yəqin sizin də xoşunuza gəldi. Mən bilmirəm, Elmar Bayramov filmi çəkəndə hansı çətinliklərdən keçib, amma onun filmini çox bəyəndim”. Elvin Mirzəyev Mədinənin aktyor Məhərrəm Musayevin nəvəsi olduğunu diqqətə çatdırdı:
“Biz bunu çəkilişdən sonra bildik. Mədinə 14 saat çəkilişə dözdü. 5 yaşı olsa da. Gecə ikinin yarısıdır. Səhər də 15 sentyabrdır, dərsə getməlidir. Təbii tələbatını ödəməyə getmədi ki, çəkilim sonra. Balaca olmasına baxmayaraq, çox məsuliyyətlə yanaşdı işinə”.
Filmlər haqda təəssüratlarını bölüşən tamaşaçılardan biri qeyd etdi ki: “Yaxşı olardı, “Yelləncək” filminə baxan ailələr müsbət tərəfləri götürsünlər. Başa düşsünlər ki, ailələrdə baş verən münaqişələr övladlarımıza təsir edir. “Nəfəs” filminə gəlincə, bu cür filmlər çox çəkilsin. Biz qalib gəlsək də, müharibə travmalarından əziyyət çəkən insanlarımız var. Onlar da düşünsünər ki, unudulmayıblar. Cavan nəsil də tariximizi unutmasın”.
Başqa bir tamaşaçı Elmar Bayramova suallar ünvanladı:
“Son səhnədə sarı şar S.Spilberqin “Şindlerin siyahısı” filmindən ilhamlanıbmı və animasiyanın məqsədi nə idi?”
Elmar Bayramov bildirdi ki, animasiyanın məqsədi atmosferi qorumaq üçün lazım idi: “Animasiya real şəkillərdən ibarətdir. Rəqəmsal animasiya deyildi. Sarı şarın “Şindlerin siyahısı” ilə bağlantısı yoxdur. Sadəcə, sarı rəng gözəl rəngdir və bir ümidlə bağlıdır. Bəxtiyar vasitəsilə müharibəyə “yox” deməyə çalışmışam. Bütün hallarda, “Müharibə, insanı öldürür” ismarışını verməyə çalışırdıq. Məsələ, sağ qalmaq deyil. Bu, posttravmatik sindromun nəticəsində bir çox insan normal həyata adaptasiya oluna bilmir”.
Rejissor Afaq Yusifli də fikirlərini bölüşərək Elmar Bayramova suallarını verdi: “Sizin filmdə Qarabağ mövzusu adamı üşüdür. Vizual həllinə görə operatoru təbrik edirəm. Basdırılan məktub latın qrafikası ilə yazılmışdı. O dövrdə hələ latın qrafikasına keçməmişdik. Siz bununla milli kimliyəmi vurğu etmisiniz? Finalda şar uçurtdunuz. Amma öz qəhrəmanınızı ağlığın içinə, qara qaytardınız. Rejissor düşüncənizdə Bəxtiyarı hara göndərdiniz? Sizin interpretasiyanız maraqlıdır”.
Elmar Bayramov dedi ki, əslində, Bəxtiyarın finalı ilə bağlı cavabım çox uzundur: “Amma qısa deyəcəyəm. Rodriqo Kortesin “Torpağa basdırılmış” filminə baxmışdım. Orada qəhrəman, əvvəldən sona qədər torpaqdan çıxmağa cəhd göstərir. Və düşünürdüm ki, bir qəhrəmanla necə davam etmək olar. Bəxtiyarın hekayəsində bu vəziyyətlə üz-üzə gəldik. 1996-cı ildə Bəxtiyar artıq yox idi. 1996-cı ildən qabaq da yox idi. Sadəcə, cismən qalmışdı. O, son ümidlərini də basdırıb, tamamlandı. Bugünkü Bəxtiyarla heç bir halda əlaqəyə girmək və razı salmaq olmur. Heç kəslə görüşmür. Mən Amerikadan gəlmişəm, 8 ildir ki, oradayam. Mənimlə də görüşmədi. Bilirdi ki, onu tanıdığım üçün razı sala bilərdim. Bəxtiyarın “finalı” yoxdur. Onun “finalı” 1996-cı ildə olub. Bu, sadəcə Bəxtiyarı göstərməyə cəhd idi. O ki qaldı yazıya, bu, məqsədli olmayıb. Rəssamımıza eşq olsun”.
Aktyor Məhərrəm Musayev Vüsal Hacı-Qədirlə vaxtilə “Barama” serialında çalışdığını dedi: “Mən onu rejissor kimi yaxşı tanıyram. “Barama” serialında da çəkilmişəm. O, aktyorun düşdüyü vəziyyəti yaşamağı bacaran rejissordur”.
“Yelləncək”də əsas rollardan birinin ifaçısı Rəbiyyə İmanquliyeva dedi ki, “Baxmayaraq ki, Ayşə çox cavandır, çəkilişdə onun peşəkarlığını gördüm, sanki artıq 40-cı filmini çəkirdi. Halbuki ikinci filmi idi. Atmosfer əla idi. Təəssüf ki, bu mövzu hələ də aktualdır. Ümid edirəm ki, bu cür problemli ailələr filmə baxanda kənardan özlərini görüb, nəticə çıxararlar”.
Sonda Elvin Mirzəyev, bir tamaşaçı kimi Azərbaycan Kinematoqrafçılar İttifaqına iki fərqli filmi eyni motiv ətrafında birləşdirdiyi üçün təşəkkür etdi: “İnsan hər vəziyyətdə travma yaşaya bilər. Müharibə oldu olmadı, onu bu təhlükə gözləyə bilər”.
aki.az