Yenə də Sid Fild, yenə də Azərbaycan dilində
Sid Fildin məşhur “Kinossenari.Yazılma əsasları” kitabından 3 aktlı struktur haqda hissəsinin tərcüməsini Samirə Behbudqızının tərcüməsində yayınlamışdıq. Kitabın Azərbaycan dilində yayımının kino mütəxəssislərinə, ssenaristlərə vacibliyini nəzərə alaraq növbəti hissənin tərcüməsini yayımlayırıq.
QƏHRƏMAN YARADILMASI ALƏTLƏRİ
Bu bölümdə biz qəhrəman yaradılmasının alətlərini tədqiq edəcəyik. Baş qəhrəmanınızı yaradarkən sizi əvvəldən sonadək müşayiət edəcək prosesə başlayırsınız. Bu mərhələli prosesdir, eynilə siz və sizin qəhrəmanınız kimi daim böyüyən tədris təcrübəsidir. Bu fasiləsiz və xarakter formalaşdıran prosesdir.
Qəhrəmanın yaradılmasını tezləşdirən bir çox yollar var. Bəzi yazıçılar öz qəhrəmanlarını uzun müddət götür-qoy edəndən sonra dərhal oturub yazmağa başlayırlar. Digərləri detallarına qədər düşünülmüş səciyyələndirmə sırası tərtib edirlər; bəziləri qəhrəmanın həyatının əsas elementlərini 3×5 ölçüsündə lövhələrdə sadalayırlar, bir başqaları isə qəhrəmanlarının davranışının əhatəli sxemini çəkirlər. Elələri də var ki, qəzet və jurnallardan fotoları istifadə edirlər ki, qəhrəmanlarını daha yaxşı, daha aydın görə bilsinlər. Mən onların səslərini eşidirəm: “Budur, mənim qəhrəmanım”. Onlar bu fotoları iş guşələrində yerləşdirirlər ki, qəhrəmanlarla çuğlaşsınlar. Bəziləri qəhrəmanlarının modeli olaraq aktyor və aktrisalardan istifadə edirlər. İstənilən vasitə yaxşı alət ola bilər, yetər ki, qəhrəmanın yaradılmasında işinizi asanlaşdırsın. Özünüz öz yolunuzu seçin. Bəhs etdiyimiz alətlərin bəzilərini, hamısını istifadə edə və ya heç birindən yararlanmaya bilərsiniz. Bunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan yalnız odur ki, həmin alət işləyir, ya yox. Əgər işləyirsə, onu istifadə edin, ondan yararlanın, işləmirsə -lazım deyil, qoyun bir kənara. Qəhrəmanınızı yaratmağın sırf özünüzə xas olan tərzini tapın. Bu tərz sizə xidmət etməlidir.
Qəhrəmanın tərcümeyi-halı. Qəhrəmanın tərcümeyi-halı onun dünyaya gəldiyi vaxtdan qələmə aldığınız əhvalat başlayana qədərki dövrü əhatə etməlidir. Əgər siz bunu yazsanız, həmin qeyd qəhrəmanınızın xarakterini formalaşdırmaqda köməyinizə gələ bilər. Qəhrəmanınızın adı nədir? O, harada dünyaya gəlib? Əhvalat başlayanda neçə yaşı var? Atası çörəkpulunu necə qazanır? Anası ilə münasibətləri necədir? Bacı-qardaşı varmı? Yoxsa o ailənin yeganə övladıdır? Sevimli övladdırmı? Əvvəllər necə yaşayıb? Qəhrəmanınız cüssəlidirmi, xasiyyətcə əzazildirmi, ciddidirmi, ünsiyyətcildirmi yoxsa qapalı adamdır? Qəhrəmanınızın həyatına daxil olun: ömrünün ilk illəri, uşaqlığı, orta məktəbin 5-8-ci sinifləri, natamam orta məktəb (7,8,9-cu siniflər), orta məktəb, kollec, kollecdən sonra. Əgər qəhrəmanınız formal məktəb təhsili alıbsa, siz onun “təhsil” təcrübəsinin ekvivalentini bilməlisiniz. Müəyyənləşdirin ki, qəhrəmanınızın qadınlarla münasibətləri əhvalat başlayana qədər necə olub; bu münasibətlər ssenari boyunca qəhrəmanınızın davranışına təsir göstərəcək, bundan başqa o münasibətlərə bələdlilik sizə qəhrəmanınızın keçmişinə qayıtmaq “məqamları” verə bilər və ya onun xarakterini açmaq üçün dialoqlarda istifadə edə bilərsiniz. Məsələn, “Enni Holl”da Elvi Singer (Vudi Allen) Enni Hollu onun yanına qayıtmağa inandırmaq cəhdi boşa çıxandan sonra öz maşınına oturub geri hərəkət edir və başqa bir maşına çırpılır. Sonra o, avtomobili irəli sürür və daha bir maşınla toqquşur. Yenidən geri sürərək sürəti artırır və bu dəfə polis maşınını zədələyir. Polis maşından çıxaraq Elviyə yaxınlaşıb kamali-ədəblə sənədlərini təqdim etməsini xahiş edir. “Xahiş edirəm, məndən bunu istəməyin, deyə Elvi dillənir, lakin polis israrından dönmür. Elvi bir daha deyir: “Bunu etməyi istəməyin məndən”, lakin polis təslim olmur və tələb edir ki, o, pencəyin cibindən sənədlərini çıxarsın. Hər ikisi gözlərini bir-birinə zilləyib dayanırlar. Daha sonra Elvi çiyinlərini çəkib sənədlərini çıxarır, onları elə tutur ki, polis aydın oxuya bilsin, bundan sonra sənədləri parça-parça edib tullayır. “Mənim hökumətlə problemlərim var, – deyə o polisə bildirir. Qəhrəmanın həyatının bir lövhəsi olan bu səhnəcik çox məzəlidir.
Aktyor və aktrisalar obrazı yaratmaq üçün qəhrəmanın tərcümeyi-halından istifadə edirlər. Bir aktrisa Martin Skorseze ilə “Komediya kralı”ında sınaq çəkilişlərində olanda rolunun interpretasiyasına qəhrəmanın tərcümeyi-halını tərtib etməklə yaxınlaşmış, bundan sonra həmin səhnəni başlanğıc, orta və sonluq olaraq quraşdırmışdı. Aktrisanı bəyənən Skorseze müxtəlif vaxtlarda üç dəfə ondan qayıtmağı xahiş etmişdi, bunlardan ikisi Robert De Niro ilə sınaq çəkilişləri idi. Aktrisa De Nironun da xoşuna gəlmişdi, amma bütün bunlara baxmayaraq, o rol həmin aktrisaya verilmədi. Qərara alındı ki, boylu-buxunlu aktrisa lazımdır. Şou-biznes belədir.
Əgər obrazın daxilinə varma ilə çətinliyiniz varsa, qəhrəmanınızın tərcümeyi-halını birinci şəxsin adından yazmağa çəgd edin. Məsələn, “mənim adım Devid Xollisterdir. Mən Bostonda iyulun beşində anadan olmuşam. Mənim atam kommivoyajer idi və ömrünün çox hissəsini o səfərlərdə olurdu. Nəyə görə anlamıram, amma düşünürdüm ki, mənim “buna nə cürsə aidiyyatım var”.
Bəzi tərcümeyi-hallar üçüncü şəxsin adından, bəziləri isə birinci şəxsin adından yazılanda daha yaxşı hiss olunur. Sizin əlinizdən daha çox tutan tərzə üstünlük verin. Unutmayın ki, “alətlər” sizin üçün nəzərdə tutulub.
Qəhrəmanınızın peşəkar, intim və şəxsi aspektlərini müəyyənləşdirin. Qəhrəmanınızın qazancı hardan çıxır? Müdirlə münasibətləri necədir? Yaxşıdır? Pisdir? Saymazyanadır? Müdiri ondan öz maraqları naminə istifadə edirmi? Əməkhaqqını az ödəyirmi? Qəhrəmanınız indiki iş yerində neçə müddətdi işləyir? Həmkarları ilə münasibətləri necədir? Ünsiyyəti varmı onlarla? Karyerasını harda başlayıb? Poçt şöbəsində? Yoxsa hökumətin sərəncamı ilə məşq proqramının keçirilməsi zamanı? Siz bilmirsinizsə, bəs kim bilir? Eyni suallar qəhrəmanınızın intim həyatına da aiddir. Qəhrəmanınız təkdir, evlidir, duldur, boşanmışdır yoxsa xanımından ayrı yaşayır (boşanmadan)? Əgər qəhrəmanınız evlidirsə, çoxdanmı və kiminlə? Onlar harda rastlaşıblar? Ya bəlkə o tanımadığı qadınla rastlaşıb? Onlar təsadüfənmi görüşüblər? Bu görüş iş yerində baş verib? Uğurlu evlilikdirmi? Yoxsa nikah pozulma həddinə çatıb? Bunu bir və ya iki səhifədə təsvir edin. Şəxsi həyat – qəhrəmanınızın tək olarkən yaşadığı həyatdır. Hobbi və maraqları nədən ibarətdir? Qaçış? İdman sinfimi? Universitet nəzdində kurslarmı? Dadlı yeməklər hazırlanması, taxta üzərində oyma, evdə səliqə-səhman yaratmaq, rəssamlıq, yazıçılıq? Frankenheymerin filmlərindən birində baş qəhrəman – detektivdir – həftədə bir dəfə fransız mətbəxinə aid yeməklərin hazırlanması sinfində məşğul olur. Belə məqamlar insanı çox yaxşı səciyyələndirir. Bir və ya iki səhifədə qəhrəmanınızın peşə, intim və şəxsi həyatını təsvir edin. Bunları müəyyənləşdirin. Məhz bu proses qəhrəmanın xarakterini açır.
Tədqiqat – obrazın yaradılmasında imkanlarınızı genişləndirmək üçün istifadə edə biləcəyiniz daha bir alətdir. İki növ tədqiqat var: canlı insanlarla və mətnlərlə. Canlı insanlarla tədqiqat zamanı siz adamlardan ideyaya, fikrə, hisslərə, təcrübəyə və ikinci dərəcəli materiala aid müsahibələr alırsız. Tutaq ki, siz avtomatik xətt haqqında əhvalat qələmə alırsız və bilmək istəyiriz ki, bu xətt necə işləyir, necə idarə olunur. Bunlardan agah olmaqdan ötrü həmin müəssisəyə gedib xidmət personalı ilə, rəhbərliklə, layihə müəllifi ilə və yığma xəttində çalışan insanlarla danışmalısınız.
Özünüzlə kiçik bir kasset maqnitofonu və qeyd dəftərçəsi götürün. Müsahibə telefonla olacağı təqdirdə həmin adamın səsini maqnitofona yazmaq üçün icazə istəyin; əksər hallarda buna etiraz edən olmur, xüsusən kino və ya telessenari yazdığınızı biləndə. Ünvanlayacağınız sualların siyahısını tərtib edin.
Əgər siz qəzet məqaləsi ilə tanış olmusunuzsa və barələrində söhbət gedən şəxslərlə söhbətləşmək istəyirsinizsə, qəzet redaksiyasına zəng edib həmin məqalənin müəllifi olan müxbiri telefona çağırın və onun məqaləsinin qəhrəmanları ilə görüşüb-danışmağın mümkünlüyünü xəbər alın. Burda heç bir problem olmamalıdır. Həmin adamlara zəng edib müsahibəyə razı olub-olmadıqlarını xəbər alın, onlarla ünsiyyət zamanı yeni nələrisə öyrənmək imkanlarınızı nəzərdən keçirin. Mənim dostlarımdan biri, ssenari müəllifi kimi fəaliyyət göstərən tanınmış yazıçı peşəkar muzdlu qatil (killer) haqqında əhvalat qələmə almışdı. Birinci variantı tamamlayandan sonra mənə dedi ki, yazdığı onu qane etmir və məndən ssenarini oxumağımı xahiş etdi. Mən oxudum və bu qənaətə gəldim ki, mövzu yaxşı olsa da, əhvalat səthidir, dərinlikdən və miqyasdan məhrumdur. Mən ondan neçə tədqiqat apardığını xəbər aldım və cavab məni çox təəccübləndirdi; məlum oldu ki, o bir dənə də olsun tədqiqat aparmayıb. Mən ona izah etdim ki, əhvalatı yenidən işləməyə başlamazdan öncə o, baş qəhrəmanını araşdırmaq haqqında düşünməlidir. Elə bundan bir neçə həftə əvvəl Rollinq Stoun peşəkar killerlə ətraflı müsahibə dərc etmişdi və mən o müsahibəni dostuma yolladım. O, Rollinq Stouna zəng etdi, müsahibə almış müxbirlə danışdı, killeri tapdı və onunla görüş təşkil etdi. Mənim dostum killerlərin aləmi haqqında təsəvvür edə bilməyəcəyi qədər məlumat topladı. O, ssenarini yenidən yazdı (həmin adamla sövdələşdi ki, film çəkiləcəyi təqdirdə onu yaxşı ödəniş müqabilində xüsusi məsləhətçi kimi dəvət edəcəklər), və qısa bir zamanda bu ssenari prodüser tərəfindən seçilib-bəyənildi, studiyaya satıldı və kinofilm çəkildi.
Tədqiqat – qəhrəman yaradılması üçün gözəl alətdir. Düzənlik şəraitində işləyən arxeoloqdan bəhs edən ssenari üzərində işləyəndə mənə ilkin məlumat əldə etmək lazım idi. Mən Los-Ancelesdə yerləşən Kaliforniya universitetinin arxeologiya kafedrasına zəng edib düzənlikdə aparılan arxeoloji işlərdən yenicə qayıtmış aspirantla müsahibə haqqında razılaşdım. Daha sonra Şimali Arizona muzeyinə zəng edib kitabxanaçı ilə danışdım, o isə öz növbəsində mənə kitablardan, məqalələrdən, filmlərdən və söhbətləşə biləcəyim adamların soyadlarından ibarət tam kataloq göndərdi. Bu hər hansı dəyərə sığmayan bir kömək idi.
Mətn tədqiqatı – kitabxanadan, muzeydən və ya hər hansı başqa təşkilatdan informasiyanın alınmasıdır. Siz mövzunuzu müəyyənləşdirən kimi, fərq etməz, bu hər hansı şəxsdir, və ya hansısa məkandır, hadisədir ya da tarixi dövrdür, kitabxanaya gedin və həmin mövzuda yazılmış kitabları axtarıb tapın. Bu və digər kitabı oxumağa başlamazdan əvvəl mündəricatı nəzərdən keçirin. Mündəricat sizdə maraq doğururmu? Mövzu sadalaması sizi maraqlandıran sahəyə aiddirmi? Bir-iki bölməni vərəqləyin. Baxın, görün rahat oxunurmu? Fakt və təfsilatları kifayət qədərdirmi? Üç kitab bir neçə həftə məşğul olmaq üçün yetərli ola bilər. Zərurət yaranarsa, digər kitabları da götürə bilərsiniz.
Qəzet və jurnalları da unutmayın. Dövri ədəbiyyata və aparıcı mətbuata dair topluları oxuyun. Kitabların və dövri mətbuatın tapılmasında kömək lazımdırsa, kitabxananın məlumat şöbəsinə baş çəkin. Bundan başqa istifadə etdiyiniz hər kitabın sonundakı biblioqrafiya ilə tanış olun. Mən orijinal ssenari və ya sənədli film üzərində işə başlamağımdan asılı olmayaraq hər dəfə belə edirdim.
Əgər danışmaq istədiyiniz ekspert psixiatr, hüquqşünas və ya həkimdirsə, məsləhətə görə ona ödəniş etməlisiniz. Əgər həmin şəxs qonorar tələb edirsə, ondan alacağınız məlumatın sizinçün nə dərəcədə əhəmiyyətli olduğunu özünüz üçün müəyyənləşdirməlisiniz. Bütün digər tədqiqatları reallaşdıraraq məlumat almaq istədiyniz şəxsə ödəniş etməyə zərurət olub-olmadığını dəqiqləşdirin. Bəzən aşkar edə bilərsiniz ki, sizə peşəkar xidməti tələb olunmur. Kaliforniyanın keçmişindən bəhs edən ssenari yazan tələbələrimdən biri haqqında yazdığı Müqəddəs Youakim Vadisini heç vaxt görmədiyi üçün diskomfort hiss edirdi. Mən ona məsləhət gördüm ki, istirahət gününü gedib orda keçirsin, necə bir yer olduğunu görüb-hiss etsin. Gənc qız müəlliminin məsləhətinə qulaq asıb belə də etdi, vadinin misilsizliyini öz gözləri görəndən sonra ssenarini tamamladı.
“Soyuq qan içində”, “Peşəkarlar” və “Elmer Qantri” kimi filmlərin rejissoru, yazıçı Riçard Bruks bircə kəlmə yazandan əvvəl aylarla tədqiqat aparır. Bəli, tədqiqat gözəl alətdir.
Dialoqlarla da məsələ eyni cürdür. Burdakı və xaricdəkı simpoziumlarda, seminarlarda adamlardan həmişə belə bir sual eşidirəm: “Dialoqlarımı necə yaxşılaşdıra bilərəm?”. Mən onların məhz nədən narazı olduqlarını xəbər aldıqda cavab verirlər ki, dialoqlar zəif, qeyri-təbii və saxtadırlar. Bəlkə də bu belədir.
Dialoqların uğurlu alınmasına empirik yanaşmanın sirlərini öyrənməklə nail olmaq mümkündür. Nə qədər çox dialoq yazsanız bu istiqamətdə mükəmməlliyə çatmaq bir o qədər asan olar. Tələbələrimə deyirəm ki, yazmağa başlayanda 40-60 səhifə bərbad dialoqlar qura bilərsiniz. Nə olsun ki!. Qoy onlar bərbad olsunlar! Hazırki mərhələdə bunun heç bir əhəmiyyəti yoxdur. Bir müddət sonra siz onları onsuz da yenidən yazacaqsınız. Kağız üzərində yazılan əksər layihələr bu yolu keçirlər. Bir atalar sözündə deyildiyi kimi, “yazmaq – yenidən üzünü köçürməkdir”. Yazanların əksəriyyəti dialoqda ilişib qalırlar, çünki bunun nə olduğunu və nə verdiyini anlamırlar. Onlar dialoqa həddindən artıq böyük əhəmiyyət verirlər. Və deyirlər ki, yaxşı dialoq ssenarinin “canı”dır. Yazmağa başladıqları vaxt qurduqları dialoqlar onların ümidlərini doğrultmayanda isə həyəcanlanmağa başlayırlar. Və tezliklə aşkar edirlər ki, hər sözün üstündən xətt çəkib hər ifadəni mühakimə edərək ifrat tənqidi mövqe tutmuş olurlar. Onlar bu ruhda davam etsələr, yazmağı tamamilə tərgidə bilərlər. Yalnız ona görə ki, dialoqlarının kifayət qədər yaxşı olmadığını hiss ediblər.
Bu ağılsızlıqdır.
Əgər siz 40-60 səhifə bərbad dialoq qələmə almağa hazırsınızsa, bu, proses boyunca təbii şəkildə aydın olacaq. İlk söz layihəsinin sonuna yaxın siz dəyişiklikləri görüb təəccüblənəcəksiniz. Həmin səhifələrin üzünü köçürəndə sizin dialoqlarınız inanılmaz dərəcədə dəyişəcək. Aydın məsələdir ki, başqalarına nisbətən bəzi adamların dialoqları duyma qabiliyyəti daha itidir. Bu nadir vergidir. Amma bu o demək deyil ki, siz özünüzdə belə bir qabiliyyəti inkişaf etdirə bilməzsiniz. Siz yaxşı dialoqlar qurmağı öyrənə bilərsiniz. Dialoq – xarakterin funksiyasıdır. Daha effektiv dialoqlar qurmağa kömək edən alətlər mövcuddur. Onlardan biri müxtəlif adamların danışıqlarını yazıb sonra dinləmək üçün kassetli maqnitofondan istifadə etməkdir. Maqnitofona dostunuz və ya tanışınızla söhbətinizi yazın. Səsləndirin və dinləyin. Nə dərəcədə fraqmentar olduğuna, fikirlərin hansı tezlikdə gəlib-getdiyinə fikir verin. Əgər siz “real” dialoqun necə olduğunu bilmək istəyirsinizsə, onu ssenari şəklində yazın. Nitqin tərz və intonasiyasına qulaq kəsilin, nitqin tərzini, fikrin ifadə özəlliklərini tapın. Daha sonra başqa “ritmlərdə” və ya başqa “dillə” danışan qəhrəmanınız haqqında düşünün. Dastin Hoffmann bunu yeni rolunu “danışdırmağa” başlayanda edir. O, yazılı şəkildə olan dialoqu götürüb müxtəlif adamlarla danışaraq və səhnələri improvizə edərək onları maqnitofona yazır. Ardınca isə ən təbii və effetiv olan variantı istifadə edir. Yaxşı dialoqların qələmə alınmasını qaçışla, fortepiano çalğısı ilə üzgüçülüklə, yaxud at çapmaqla müqayisə etmək olar. Bu təcrübəyə bağlı bir məsələdir: bu işlə nə qədər çox məşğul olursunuzsa, o sizin üçün bir o qədər asanlaşır. Dialoqların nə dərəcədə mükəmməl və ya qeyri-mükəmməl olması haqqında heç vaxt əvvəlcədən düşünməyin: qoy, sizdə yaradıcı fəhm oyansın. Prosesə güvənin. O sizdən daha miqyaslıdır. İmkan yaradın ki, qəhrəmanlarınız özləri dillənib danışsınlar. Siz sadəcə qələmə alacaqsınız. Siz istənilən qənaət və ya qiymətinizi dərk edəcəksiniz, lakin onların sizə təsir etməyinə şərait yaratmayın. Əlbəttə, bunu demək reallaşdırmaqdan asandır. Bununla belə yolunuz açıq olsun!. Bərbad dialoqlar yazın!. İlk səhifədən mükəmməl dialoqlar yazmaq fikri ilə başınızı doldurmayın.
Tələbələrimdən biri olan gənc qız illərlə düşündüyü ssenarini yazırdı. Onun nəsrinin çox oxunaqlı və eleqant tərzi var idi və dialoqları qələmə alanda gözəl mükalimələr alınırdı. Çox rahat oxunurdular: hər bir cümlə aydın və dəqiq, hər bir ideya fikir və ifadə baxımından tamamlanmış şəkildə idi. Lakin bunlar dəhşətli dialoqlar idi!
Adamlar aydın və cilalanmış nəsrlə danışmırlar. Adamlar fraqmentar, bir-birinin üzərinə yeriyən cümlələrlə danışırlar, natamam fikirlər ifadə edirlər və bu zaman ovqatı və mövzunu bir göz qırpımında dəyişməyə belə macal tapırlar.
Dialoq – gözəl nəsr və ya yamb pentametri deyildir. Yaxşı, effektiv dialoq əhvalatı irəliyə aparacaq və oxucunu ssenarini sonadək oxumağa həvəsləndirəcək. Ssenari müəllifinin vəzifəsi də elə bundan ibarətdir: vizual eksperiment olmaqdan əvvəl ssenari oxunuş zamanı sınaqdan çıxmalıdır.
Dialoq nə edir? Onun funksiyası nədir? Əvvəla, dialoq əhvalatı irəli hərəkət etdirir. İkincisi, dialoq bir tərəfdən faktlarla informasiya arasında, digər tərəfdən oxucu və ya auditoriya ilə əlaqə qurur.
Üçüncüsü, dialoq qəhrəmanın xasiyyətini, xarakterini açır. Qəhrəman özü haqqında danışır, yaxud başqaları onun haqqında danışırlar. Henri Ceyms işıqlandırma nəzəriyyəsi adlandırdığı bir nəzəriyyə icad etmişdi: baş qəhrəman digər qəhrəmanlarla əhatə olunaraq dairənin mərkəzində dayanır. Qəhrəman hər dəfə baş qəhrəmanla ünsiyyətdə olanda onun aspektlərini “işıqlandırır”, sanki qaranlıq otaqda lapma yanır. Dialoq işıqlandırma funksiyasına malikdir: o, qəhrəmanda nələrəsə işıq salır.
Təsvir adətən dialoqla əldə edilir; qəhrəmanlar nə baş verdiyi haqqında danışırlar ki, əhvalatın inkişaf xəttini müəyyənləşdirsinlər. Həddindən artıq təsvir bayağı və yorucu olur. Və doğrudan da, sizə çox təsvir gərək deyil. Əhvalatın əsas aspektlərini müəyyənləşdirmək tamamilə kifayətdir: bu bir səhnədə də mümkün ola bilər, “İtirilmiş gəminin basqınçıları” və ya “Adi adamlar”dakı vizual tərzdə olduğu kimi. Təsvir üçün başqa yollar da var: diktor mətni ilə müşayiət olunan susan fotoqrafiya qəhrəmanda nələrisə “açır”. Vudi Allen bunu “Enni Holl”da edib və bizə göstərib ki, “rus təpələri” adlanan park atraksionunun altında böyüyən insan necə ola bilər. “Ola bilər ki, mənim individuallığım bununla izah olunur, məncə bu individuallıq bir qədər əsəbidir”, deyə o, bildirir.
Alen Resnenin “Mənim dayım Amerikadandır” filmində Cin Qruol baş qəhrəmanın necə böyüdüyünü göstərir və o özü uşaqlığı haqqında danışır. Bu qəhrəmanı vizual şəkildə açıb-göstərmək üsuludur. Dördüncüsü, dialoq qəhrəmanlar arasında münasibətlər qurur. Əgər siz baş qəhrəmanınızın nöqteyi-nəzərini müəyyənləşdirmisinizsə, konflikt yaranması və əhvalatınızın irəliyə doğru hərəkət etməsinin davam etməsi üçün dialoqdan bərabər dəyərli və təzadlı nöqteyi-nəzər yaratmaqdan ötrü istifadə edə bilərsiniz. Bütün bunlardan başqa dialoq hərəkəti şərh edir. “Dələduz”da cevik Eddi (Pol Nyumen) pul oyunu üçün nəzərdə tutulmuş məkana daxil olub Böyük Conu aldatmağa cəhd edəndə o nəhəng belə cavab verir: “Mən heç vaxt pul oyunu üçün nəzərdə tutulmuş məkana dəri çanta ilə daxil olan insanları aldatmıram. Məni aldatmağa çalışma”. Bircə sətirdə Çevik Eddi ilə ölçülü-biçili həyat tərzi keçirən adamlar arasında münasibətlər qurulmuş oldu.
Dialoqlar həmçinin səhnələri öz aralarında birləşdirirlər. Siz səhnəni qəhrəmanın nəsə deməsi ilə tamamlaya bilərsiniz, daha sonra dialoqu davam etdirən başqa qəhrəman olan yeni səhnəyə keçə bilərsiniz. Məsələn, sizin montaj edilmiş ardıcıl sıralama qələmə almaq istəyiniz ola bilər – qadın qəhrəmanınızın alış-veriş zamanı nəsə danışmasından, pul oynayan hüquqşünas ilə söhbət etməsindən, kosmetika etməsindən, taksiyə oturmasından, opera teatrına gəlib orda əri, sevgilisi və ya tanışı ilə rastlaşmasından ibarət bir sıralama və bu zaman eyni bir səhnə vaqe olurmuş kimi dialoq davam edir.
Dialoqlar sizin ssenarini bir vəhdət halında birləşdirir və onlar tamamilə effektiv kinematoqrafik alət kimi nəzərdən keçirilə bilərlər. Bu məhz o alətdir ki, ondan qəhrəmanınızı dərinləşdirmək və böyütmək üçün istifadə edə bilərsiniz.
“Qəhrəmanlarınızın obrazlarını yaratmaq üçün siz onları tanımağı bacarmalısınız və bu tanışlıq prosesi ləng və üzücüdür. Bir qayda olaraq mən dramlarımı üç variantda yazıram, bu variantlar bir-birindən süjetin işlənməsinə görə deyil, qəhrəmanların səciyyəsinə görə mahiyyət etibarilə fərqlənir. İşə başlayanda özümü qəhrəmanlarımla dəmiryol qatarında tanış olmaq ərəfəsində kimi hiss edirəm. İlk tanışlıq söhbətlə başlayır və biz ordan-burdan danışırıq. Bunu yenidən qələmə alanda mənimçün bir çox nəsnə aydınlaşır və mən artıq insanları tanıyıram – sanki onlarla eyni mehmanxanada bir ay yaşamışam. Mən onların xasiyyətinin əsas cəhətlərini və kiçik qəribəliklərini dərk edirəm”. Bunu Henrik İbsen yazırdı.
ÇALIŞMA
İki və üç qəhrəmanınızın tərcümeyi-halını yazın. Əvvəlcə fikrinizi onların uşaqlıq illərində cəmləşdirin. Qəhrəmanınız harda və nə zaman doğulub? Ata-anası çörəkpulunu necə qazanırmışlar? Valideynləri ilə münaibətləri necədir? Qardaşı-bacısı varmı? Onların aralarındakı münasibətlər necədir – bir-birinə dostcasınamı yanaşırlar, köməyə gəlməyə hazırdırlarmı, yaxud münasibətləri pisdir, aqressivdir?
Qəhrəmanınızın adamlarla formalaşmış digər münasibətlərini müəyyənləşdirin. İşıqlandırma nəzəriyyəsini xatırlayın: qəhrəmanlardan hər biri baş qəhrəmanınızın üstünə işıq salır. O, 5-8-ci sinifləri bitiribmi? Yaxşı tələbədirmi? Böyüyəndə nəçi olmaq ümidindədir? Dostları çoxdurmu? Xasiyyəti necədir: qapalımı, açıqmı?
Orta məktəbdəki təhsil illərini təsvir edin. Qəhrəmanınız hansısa klubun üzvü olubmu? İnsanlarla necə yola gedir? Hansısa şirkətin və ya bandanın, yaxud ictimai klubun üzvüdürmü? Atletik cəhətdən güclüdürmü? İlk dostu və ya rəfiqəsi kim olub? Bəzi adamlar orta məktəbdə “parlaqlıqları” ilə seçilirlər: qəhrəmanınız belələrindənmi idi?. Əgər qəhrəmanınız kollecdə oxuyubsa, hansında? Hansı ixtisas üzrə təhsil alıb? Qəhrəmanınız hansısa cəhətdən dəyişibmi? Siyasi cəhətdən fəallaşıbmı? Ya bəlkə inqilabçı olub? Ciddi tələbədirmi? Alkoqola aludə olubmu, ya bəlkə homoseksualdır? Kollec illəri onun həyatına necə təsir edib? Kollecdən sonra nələr baş verib? Qəhrəmanınız aspirant olubmu? Nə zaman? Əgər qəhrəmanınız kollecə getməyibsə, bəs nə işlə məşğul olub? İş tapıbmı? Məşğuliyyəti nədən ibarət olub? Vyetnamda döyüşübmü? Səyahətə çıxıbmı? Ailə qurmaq və digər mühüm münasibətlərlə bağlı işləri nə yerdədir? Qəhrəmanın əhvalat başlayana qədərki dövrə kimi olan zamanı əhatə edən tərcümeyi-halı varmı? Baş qəhrəmanınız və digər qəhrəmanlar haqqında üç-beş səhifə yazın. Qəhrəmanınızı bir neçə gün ərzində götür-qoy edin, sonra iki-üç saat ərzində fasiləsiz yazmaq imkanınız olanda oturub yazmağa başlayın. İşığın azaldılması və ya sakit musiqi sizə kömək edə bilər. Yerinizi rahatlayan kimi qəhrəmanınıza aid fikir, ideya və duyğularınızı kağıza köçürməyə başlayın. Qoy onlar içinizdə qalmasınlar. Qrammatika, dəqiqlik, orfoqrafiya və ya səliqəsiz xətt haqqında düşünməyin. Fikirlərinizi kağıza köçürün və başqa heç bir şey haqqında düşünməyin. Siz axı bu səhifələri başqa kiməsə göstərməyə hazırlaşmırsınız. Bu sadəcə qəhrəmanlarınızın xarakterininin açılmasında, “onları tanımaqdan ötrü” istifadə edəcəyiniz alətinizdir. Bir qədər sonra qəhrəmanınızın tərcümeyi-halının bir hissəsini ssenariyə daxil etmək istəyiniz yarana bilər. Çox gözəl. Hələlik isə qoy qəhrəmanınız kağız üzərində qalsın. Fikir seli. Qoy o, getsin; qoy qəhrəmanınız özünü açmaq imkanı qazansın.
Qəhrəmanın tərcümeyi-halı – onun xarakterini açan prosesdir. Bu proses qəhrəmanınızın “səsini tapmağa” şərait yaradır. Bu sehrbazın köynəyinin və ya pencəyinin qolundan burun dəsmalları çıxarmağını xatırladır. O, bir dəsmal çıxarır, sonra daha birini, daha birini, daha birini, daha birini. Biz sonsuz sayda dəsmal görəcəyimizi gözləyirik, lakin onların daha çox və daha çox çıxması gözləntilərimizi üstələyir. Onlar elə hey çıxmaqda davam edirlər, metrlərlə burun dəsmalları. İndi kağıza köçürdükləriniz sonrakı prosesin davamına yol açmış olacaq. Yetər ki, yazmağa başlayasınız, dayanmayın, prosesə aludə olun. Əgər siz 10 səhifə yazsanız onların üzünü köçürməyin və beş səhifəyədək ixtisar edin, çünki siz qeyri-iradiliyi itirmisiniz.
Mən qəhrəmanın tərcümeyi-halını hazırlayanda adətən təxminən 27-ci səhifədə tamamlanıram. Baba və nənələrdən başlayıb valideynlərə və yalnız bundan sonra qəhrəmana keçirəm. Mən hətta əcdadların həyatları və astroloji məlumatlardan da yararlanıram.
Qadın və ya kişi qəhrəmanınızın peşəkar, intim və şəxsi həyatı ilə bu əməliyyatı aparın. Qəhrəmanınızın çörəkpulunu necə qazanması haqqında bir, və ya iki səhifə yazın. Qəhrəmanınızın iş yoldaşları ilə münasibətləri necədir? Müdiri ilə münasibətləri yaxşıdırmı? Bəs həmkarları ilə? Kənarda eşq macərası yaşayırmı? Şirkətdən gözləntiləri nədən ibarətdir? Bunu müəyyənləşdirin.
Eyni yanaşmanı qəhrəmanınızın həyatının intim aspektinə də tətbiq edin. Münasibətləri müəyyənləşdirin. Həmçinin şəxsi aspekt, hobbi, maraqlar və arzularını da unutmayın, qəhrəmanınızın həyatına daxil olun və onun bir gününü təsvir edin: oyanıb çarpayıdan qalxan andan etibarən gecə yatana qədər nə işlə məşğul olur? Bunları bir və ya iki səhifədə qələmə alın. Əgər sizə daha çox yazmaq lazımdırsa, daha çox yazın. Daha az yazmağı lazım bilirsinizsə, belə də edin. Qəhrəmanınızın həyatına dair hər hansı mərhələlərdə özünüzü inamsız hiss edirsinizsə, bu mərhələləri bir və ya iki səhifəlik yazın. Sadəcə fikir seli. Sizinlə qəhrəmanlarınız arasındakı münasibətlər ən yaxşı dostlar arasındakı münasibətlərin eynidir. Siz qərarlaşdırmalısınız ki, sizə lazım olan məhz nədir və daha sonra bunu müəyyənləşdirməlisiniz. Əgər yazıb-yazmayacağınıza əmin deyilsinizsə, yazın! Axı bu sizin ssenaridir, sizin əhvalatdır, sizin dramaturji seçiminizdir.
Ssenarini yazıb-bitirəndə qəhrəmanlarınıza elə bələd olacaqsınız ki, sanki onlarla “bir ay bir mehmanxanada yaşamısınız”. Bu mövzu üzrə sizə demək istədiklərim bunlar idi.
Rus dilindən tərcümə Samirə Behbudqızı
Sid Fildin “Kinossenari. Yazılma əsasları” kitabının tərcüməsini təqdim etdiyimiz digər hissələrini burdan oxuya bilərsiz:
Dünya şöhrətli Sid Filddən Azərbaycan nasirlərinə məsləhətlər