Yeni nəsil kinorejissorlar təqdim edir
Martın 29-da Azərbaycan Kinematoqrafçılar İttifaqının “Yeni Azərbaycan kinosu” layihəsi çərçivəsində “Azərbaycan Cinema” kinoteatrında yeni nəsil kinematoqrafçıların filmləri nümayiş olunub. Anşlaqla yadda qalan gecədə daha əvvəl bir neçə beynəlxalq festivalda mükafat alan Amil Amalın “Titrəmə”, Ərturan Nəcəfinin “Səs”, həmçinin, Azərbaycan Prezidentinin “Gənclər mükafatı”nın qalibi Azər Quliyevin “Təngənəfəs” və “Pa-pa” filmlərinə baxış olub.
Tədbirin moderatorluğunu kinoşünas Sevda Sultanova edib. Onun “Özünüzdə Azərbaycan yeni nəsil kinosunun siması olmaq gücünü hiss edirsinizmi və belə bir iddianız varmı?” sualına rejissorlar belə cavab verib:
Amil Amal : “Burda böyük bir kino cameəsi var. Nəyi isə iddia etmək böyük məsuliyyət olar. Əslində, o iddianı ortaya film qoymalıdır”.
Ərturan Nəcəfi: “Hələ ki, axtarışdayam. Konkret şəxsi stilistkamı axtarıram. Tapacam, tapmayacam bilmirəm. 5-10 ildən sonra 4-5 film çəksəm və o filmlərə baxanda, desələr ki, bu, konkret Ərturanın stilistikasıdır, onda bəlkə demək olar ki, hə, iddialıyam”.
Azər Quliyev: “Həmkarımın dediyi ilə razıyam. Amma konkret cavab verməli olsam, sadəcə “hə” deyə bilərəm”.
“Təngənəfəs” filmini şərh edərkən Sevda Sultanova rejissora “Özü ilə mübarizə aparan, daxili böhran yaşayan bir qadının hekayəsini vermisiniz. Düşünürəm ki, bəlkə də bu, tammetrajlı film materialı da ola bilərdi. Yəni, yaşınız üçün əslində, çox yüklü bir filmdir. Ssenarini yazanda yaş və təcrübə cəhətdən sizin üçün çətin olmadı?” sualını verib.
Azər Quliyev suala sadəcə “Yox” cavabı verməklə kifayətlənib.
Nümayişdə premyerası baş tutan “Təngənəfəs”in baş rol ifaçısı Şəhla İsmayılova Azər Quliyevlə tandeminin uğurlu olduğunu dilə gətirib: “Gənclərlə işləmək çox maraqlıdır. Ümumiyyətlə, aktyor əgər bir işə başlayırsa, özünü sıfırlamalıdır. Beynini, bildiklərini, hər şeyini sıfırlamalı, rejissorun xətti ilə işləməlidir. Mən də bacardığım qədər belə etdim. Hər halda, bir-birimizi anlamışıq ki, Azərin artıq 3 filmində işləmişəm. Üçüncü filmimiz hazırlıq mərhələsindədir”.
Gecədə premyerası baş tutan daha bir filmin- “Titrəmə”nin baş qəhrəmanına həyat verən aktyor Bəhruz Vaqifoğlu çıxışında çəkilişlər boyunca Amil Amalla bir-birilərinə çox kömək etdiklərini bildirib: “Bir azərbaycanlı, bir insan olaraq, bir ağrılı yerimiz olaraq mənim üçün belə filmlərdə oynamaq çox xoş və rahatdır. Bu filmdə mənim üçün çətin heç bir şey olmadı. Çünki mən Pantomima Teatrının aktyoruyam. Mən nəinki ordakı qəhrəmanı oynamaq həvəsində idim, eyni zamanda, bir Bəhuz olaraq, bir fərd olaraq o obrazın arxasında dayanaraq, öz fikirlərimi tamaşaçıya ötürmək istəyirdim. Bilmirəm alınıb, ya yox. Amma bu, mənim istəyim idi və bunun həyata keçməsidə Amil mənə çox kömək edib”.
Ərturan Nəcəfinin “Səs”ində İran filminin elementlərini sezdiyini deyən Sevda Sultanova rejissordan “Filmə baxanda, hətta o yazıları görməyəndə, orada fars dilində bir plakat var idi, dərhal hiss olunur ki, orada bir İran filmi estetikası var. Sizcə, bu filmi Azərbaycanda çəksəydiniz, hansı fərqlər ola bilərdi?” deyə, soruşub.
Rejissor Ərturan Nəcəfi isə sualı belə cavablandırıb: “Abbas Kiyarüstəmini çıxsaq, həqiqətən elə bir iranlı rejissor yoxdur ki, filmlərini maraqla izləyim, baxım. Əgər filmimdə İran kinosu elementləri varsa, bu, mənim üçün heç də sevindirici hal deyil. Çox istəyərdim ki, filmim İran filmlərinə bənzəməsin. Görünür, mən filmi İran filmləri ilə tanımışam deyə, bu təsir özünü göstərir” .
Kino tənqidçisi Sədaqət Kamal “Titrəmə”ni şərh edərkən Mayakovskinin “Şalvarlı bulud” poeması ilə paralellər aparıb: “Amil, siz Mayakovskinin “Şalvarlı bulud” poemasını oxumusunuzmu?”
– Xeyr, oxumamışam. Amma oxuyaram.
– Mən sizin filmə baxanda, düşündüm ki, Amil dəqiq həmin poemanı oxuyub. Həmin poemada belə bir yer var. Qadına müraciətlə deyir: ” Тело твое я буду беречь и любить,
как солдат, обрубленный войною, ненужный, ничей, бережет свою единственную ногу” Siz bayaq dediz ki, kimsə təkrarlayıbmı o hadisəni? Mən də bilmək istərdim ki, Mayakovski o hadisələri görmüşdümü? Mən “Şalvarlı bulud” poemasını əzbər bilirəm. Siz elə bil ki, həmin poemanı ekrana köçürmüsünüz. Bu poemanın ekran təcəssümünü görmək mənim üçün çox xoş oldu.
Tədbir izləyicilərin rejissorlara ünvanladığı suallardan sonra yekunlaşıb.
İzolda Ağayeva
Müzakirənin videoyazısı: