Yusif Əlizadə - 75
“Yol əhvalatı” filmində Fərid obrazı ilə tamaşaçı sevgisi qazanan, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, aktyor, rejissor Yusif Əlizadənin yubileyidir, 75 yaşı tamam olur.
Y.Əlizadə 1 iyul 1947-ci ildə anadan olub. 1970-1973-cü illərdə görkəmli pedaqoq Adil İsgəndərovun aktyorluq kursunda, 1973-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1973-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışan Y.Əlizadə, 2006-2009-cu illərdə “Lider” televiziyasında dublyaj rejissoru olaraq çalışıb.
“Azərbaycanfilm”in istehsal etdiyi filmlərin əksəriyyətində (“Arxadan vurulan zərbə”(rejissor assistenti, aktyor (sürücü), “De ki, məni sevirsən! (aktyor (milis işçisi), “Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – rejissor assistenti, “Bizi bağışlayın (rejissor assistenti, aktyor (taksi sürücüsü), “İstintaq” (aktyor (milis), “Yarımçıq qalmış mahnı”(rejissor assistenti, aktyor (zavod işçisi), “Yol əhvalatı”(rejissor assistenti, aktyor (Fərid), “Qorxma, mən səninləyəm” (rejissor assistenti, aktyor, “Musiqi müəllimi” (ikinci rejissor), “Avqust gələndə” (ikinci rejissor, aktyor (kapitan), “Qara gölün cəngavərləri” (ikinci rejissor, aktyor, “Bircəciyim” (ikinci rejissor, aktyor (təhqiqatçı), “Həm ziyarət, həm ticarət”(inzibatçı, aktyor), “Özgə vaxt” (inzibatçı), “Otel otağı” (inzibatçı), “Yalan” (ikinci rejissor) və s.) rejissor assistenti, II rejissor və aktyor kimi iştirak edən Y.Əlizadə tamaşaçı yaddaşında daha çox “Yol əhvalatı” filmindəki Fərid kimi qalıb.
1980-ci ildə Asim Cəlilovun ssenarisi əsasında Teymur Bəkirzadənin quruluş verdiyi “Yol əhvalatı” filmi iki sevən gəncin məhəbbəti fonunda əliəyrilərin ifşası üzərində qurulub.
“Yol əhvalatı” filminin geniş şəkildə sevilməsinin səbəbini yaradıcı heyətin peşəkarlığı ilə əlaqələndirən, filmdə rejissor assistenti kimi çalışan Y.Əlizadə deyir ki, filmin bu gün də maraqla baxılmasının səbəbini kinorejissor Teymur Bəkirzadənin peşəkarlığı, həmçinin insanlarla olan mehriban münasibəti idi. Teymur gözəl insan, gözəl dost idi. Bəzi rejissorlar kimi aktyorlara əsəbiləşmirdi, əksinə, hamıya düzgün yol göstərirdi. Çox vaxt aktyorlara kamera qarşısında sərbəstlik verirdi”.
Qeyd etdiyimiz kimi, Y.Əlizadə filmdə çəkilməklə yanaşı, həm də rejissor assistenti olub: “Filmdə rejissor assistenti kimi işləyirdim. Fəridi oynamaq üçün müğənni Elxan Əhədzadə dəvət olunmuşdu. O, çəkilməli idi, paltarlarını da əvvəlcədən hazırlamışdıq. Ancaq Elxan həmin gün çəkilişə gəlmədi. Aydınlaşdırdıq ki, o qastrola gedib, hətta səfər qəfil baş tutduğu üçün bunu demək imkanı da olmayıb. Buna görə də ikinci rejissor Rafiq Dadaşov dedi ki, Elxan yoxdursa, Yusif Əlizadəni çəkək”.
Teymur Bəkirzadənin, Rafiq Dadaşovun israrından sonra Fərid rolunu oymağa hazırlaşan aktyor bildirir ki, rolun uğursuz alınacağından qorxmayıb: ”Çünki Teymur Bəkirzadə Mustafa obrazı üçün məni sınaq çəkilişlərində yoxlamışdı. Hətta sınaq çəkilişində Siyavuş Aslan da orda məni görən kimi “elə Yusifi çəkin baş rola” deyərək həmin rola məni uyğun görmüşdü. Amma Terymur Bəkirzadənin fikri başqa idi. Onun bir xasiyyəti vardı ki, bir aktyoru hansısa rola uyğun görəndə mütləq onu çəkirdi. Həmin vaxtlarda “Gürcüstanfilm” kinostudiyasının əməkdaşları Bakıda film çəkirdi. Teymur da Vaxtanq Pançulidzeni çəkilişlərdə görmüşdü və onu Mustafa roluna çəkməyi nəzərdə tutmuşdu. Ona görə də filmin çəkilişlərinə hazırlaşanda ssenarini mənə verib dedi ki, get Eldar Şengelayanın yanına, Vaxtanqı tapmaqda sənə kömək etsin”.
Filmin çəkildiyi illərdə Eldar Şengelaya Gürcüstan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini icra edirdi. Teymur Bəkirzadə də məsləhətləşmək üçün onu bədii rəhbər olaraq filmin yaradıcı heyətinə daxil etmişdi.
Yusif müəllim qeyd edir ki, Gürcüstana gedib Vaxtanq Pançulidzeni filmə çəkmək istədiyimizi ona bildirdim: “Şengelaya məni Pançulizdenin evinə gətirdi. Hətta yolda təəccübünü bildirdi ki, Bakıda sənin kimi elə bir oğlan yoxdurmu ki, ordan bura aktyor aparmağa gəlirsən… Biz Vaxtanqın evinə çatdığımızda o, hələ də yatırdı. Bizi qarşıladığında Teymur Bəkirzadənin fikirlərini ona çatdırdım və ssenarini verib Bakıda onu gözləyəcəyimizi bildirdim”.
Və bir müddət sonra filmin çəkilişləri baş tutur, yaradıcı heyət 11 ay ərzində maraqlı, əhval-ruhiyyəli bir film ərsəyə gətirirlər.
Y.Əlizadə onu da qeyd edir ki, rolu çox yaxşı alındı, rejissor razı qaldı: “Ümumiyyətlə filmin maraqlı alınmasında Yaşar Nuri, Siyavuş Aslan, Hacı İsmayılov üçlüyünün, eyni zamanda Paşa rolunun ifaçısı Kamil Məhərrəmovun böyük rolu olub. Teymur Bəkirzadənin yarım kəlməsi, bircə mimikası onlara bəs edirdi ki, onlar rejissorun nə demək istədiyini o an tuturdular”.
Azərbaycan Kinematoqrafçlar İttifaqının İdarə Heyəti adından ömrünü kinoya həsr edən rejissor Yusif Əlizadəni yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzulayırıq!
aki.az