Zəfər günündə “Yazılsın tarixə bir qızıl xətlə” sənədli filmi nümayiş olundu
Noyabrın 6-da Azərbaycan Respublikasının İkinci Qarabağ müharibəsində qazandığı Zəfər günü münasibətilə “Yazılsın tarixə bir qızıl xətlə” sənədli filminin nümayişi olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinskinin çəkdiyi sənədli filmin nümayişi Qazax rayonunun Ədəbiyyat Muzeyində təşkil olunub.
Qeyd edək ki, “Yazılsın tarixə bir qızıl xətlə” sənədli filmi 1918-ci ildə Azərbaycanın paytaxtı Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinə həsr olunub. Filmin əsas məqsədi Azərbaycan və Türkiyə qardaşlığını, dostluğunu göstərmək, çətin günlərdə biri-birinə necə dayaq olduğunu çatdırmaqdır.
Azərbaycan türkləri Çanaqqalada, Anadolu türkləri Azərbaycanın müstəqilliyi uğrunda döyüşlərdə biri-birinin ağır günlərində daima yardıma gələrək döyüş meydanında cəsarət göstəriblər, on minlərlə şəhid veriblər.
1918-ci ilin mart ayında Türk ordusu generalı Nuru Paşanın rəhbərlik etdiyi hərbi qüvvələr Gəncədən Bakıya qədər böyük qurbanlar hesabına Azərbaycan Demokratik Respublikasının müdafiəsinə gəliblər.
“Yazılsın tarixə bir qızıl xətlə” filmində general Əliağa Şıxlinskinin Azərbaycan korpusunun formalaşdırması, rəhbərlik etdiyi ordu hissələrinin türk hərbi qüvvələri ilə birləşməsi və Azərbaycan Demokratik Respublikasının paytaxtının Gəncə şəhərindən Bakıya köçürülməsi və s. məqamlar sənədlər əsasında göstərilir.
Ziya Şıxlinski bildirib ki, filmdə 15 sentyabr 1918-ci ildə Bakının rus bolşevik-erməni daşnak qüvvələrindən azad edilməsi kimi tarixi bir hadisəyə həsr olunub: “Kadrlarda xronoloji ardıcıllıqla əks olunan hadisələrdən — XX əsrin əvvəllərində dünyanın siyasi təlatümlərindən, Cənubi Qafqazın o zamankı durumundan, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını şərtləndirən amillərdən və Azərbaycan-Anadolu türklərinin birliyindən bəhs edilib”.
Rejissor onu da qeyd edib ki, yeni yaranmış Azərbaycan Cümhuriyyətinə hərbi dəstək məqsədilə Osmanlı ordusunun generalı Ənvər paşanın göstərişi və Nuru paşanın rəhbərliyi ilə yaradılmış Qafqaz İslam Ordusunun keşməkeşli və şərəfli yolu filmdə əks olunub. Bundan başqa,
Qafqaz İslam Ordusunun dəstəyi ilə yaradılmış Azərbaycan Ordusunun ilk komandanı general Əliağa Şıxlinskinin bacarıqlı sərkərdəlik fəaliyyətini də xüsusilə qeyd edib.
Qazaxlı tamaşaçılar Zəfər günündə tarixi faktlar üzərində yaranan sənədli filmləı vasitəsilə bir daha Azərbaycanın tarixinə səyahət ediblər.
Böyük maraqla qarşılanan “Yazılsın tarixə bir qızıl xətlə” sənədli filmi Azərbaycan Kİnematoqrafçılar İttifaqının dəstəyilə baş tutub.
Filmin ssenari müəllifi və rejissoru Ziya Şıxlinski, operator Yura Varnovskidir.
aki.az