Zamin Məmmədov: Şükür Həmidov sadə olduğu qədər də, zəngin daxili aləmə, böyük ürəyə sahib idi
Bir neçə gün öncə Qubadlının azadlığı uğrunda şəhid olanlar sırasında polkovnik Şükür Həmidov da var idi,..
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasının lentə aldığı “Aprel yüksəkliyi” adlı sənədli film məhz Şükür Həmidova həsr olundu, onun döyüş yolunu əhatə etdi.
Filmin rejissoru Zamin Məmmədov bildirir ki, Aprel döyüşlərindən sonra sanki bir oyanış yaranmışdı, vətənpərvər hisslər daha da güclənmişdi: “Döyüşdə hünər göstərənlərin igidliyi, qəhrəmanlığı dillər əzbərinə çevrilmişdi. İstər döyüşdə həlak olanlar, istərsə də sağlığında Milli qəhrəman səviyyəsinə yüksələnlər hər biri dövlətin diqqətində idi, prezident onların hər birini yüksək qiymətləndirmişdi. Onlardan biri də Şükür Həmidov idi. Şükür Həmidov Cəbhənin cənib hissəsindəki idarəçilik korpus komandirinin müavini vəzifəsində çalışırdı, döyüş vaxtı öndə gedən komandirlərdən biri idi. Aprel döyüşlərində Lələtəpə istiqamətindəki döyüşləri o idarə edirdi. Filmdə bu öz əksini tapıb”.
Rejissor qeyd edir ki, Aprel döyüşlərindəki milli qəhrəman səviyyəsinə yüksələnlərin hər biri haqqında film çəkildi və mənim də qismətimdə Şükür Həmidov haqqında film çəkmək var idi: “Etiraf edim ki, onun haqqında film çəkilişi zamanı döyüşçünü tapmaq, onunla döyüşdüyü ərazilərdə çəkiliş aparmaq, o qədər də asan deyildi. Şükür Həmidov şəxsən özü çəkiliş üçün lazım olan bütün şəraiti yaratmaqda bizə yaxından kömək etdi. Çəkiliş vaxtı onun ailəsi də haqqında xatirələr danışırdı”.
Z.Məmmədov onu da qeyd edir ki, Lələtəpə istiqamətində düşməndən azad olunan ərazi tam olaraq “Aprel yüksəkliyi” filmində öz əksini tapıb.
Yeri gəlmişkən, Şükür Həmidovu tanıyanlar, xüsusilə ailəsi onun haqqında danışarkən, sadə görünüşə malik, sakit təbiətli biri kimi təqdim ediblər.
Filmin rejissoru deyir ki, ilk baxışdan sadə görünən bu insanın daxili aləmi o qədər zəngindir ki, danışdıqca necə böyük ürəyə sahib olduğunun şahidi olub.
Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, operatoru Ömər Kutiyev, redaktoru Vüqar Əsgərovdur.
HAŞİYƏ: 26 fevral 2019-cu il tarixində Nizami Kino Mərkəzində “Aprel yüksəkliyi” sənədli filminin təqdimatı keçirildi. Təqdimatda Şükür Həmidov da iştirak edirdi…
Milli Qəhrəman çıxış edərək Xocalı soyqırımı, Qarabağ müharibəsi haqqında danışdı, həmçinin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi igidlikləri xüsusilə vurğuladı. Ümidvar olduğunu bildirdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağı gün heç də uzaqda deyil…
Ş.Həmidov 1975-ci ildə Qubadlı rayonunda anadan olub. Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülüb.
Şükür Həmidov oktyabrın 23-də doğma yurdu Qubadlı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak oldu, onun ölümündən 2 gün sonra Qubadlı işğaldan azad edildi…
aki.az
Filmə aşağıdakı linkdən baxa bilərsiniz: