Zemfira Babayeva vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir.

Əməkdar Mədəniyyət işçisi, Yeni Azərbaycan partiyasının üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan kinosunun veteranı Zemfira xanım Babayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir.

Zemfira Babayeva 17 noyabr 1954-cü ildə Bakıda anadan olub.

1971-1993-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında fotolaborant, kadrlar şöbəsinin müfəttişi, xarici əlaqələr şöbəsinin müfəttişi vəzifələrində çalışıb.

1990-cı ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində geyim üzrə rəssam kurslarını bitirmiş və “Azərbaycanfilm” kinostudiyasında həmin ixtisas üzrə çalışıb.

1993-cü ildən Azərbaycan Kinematoqrafçılar İttifaqında fəaliyyətinə davam edib. Sədrin köməkçisi, referent vəzifəsində çalışıb və ömrünün axırına qədər də adı keçən ittifaqda fəaliyyət göstərib.

Ömrünün 47 ilini Azərbaycan kinosuna həsr edən Zemfira xanım, bu sahədə bir çox uğurlu layihələrin gerçəkləşməsində yaxından iştirak edib. Fransada Azərbaycan Kinosu günləri (2001-ci il) , İsveçrə Kinosu günləri (Bakı, 2003-cü il), dahi bəstəkar Qara Qarayevin 90-illik yubileyinə  həsr olunmuş açıqca və  sd diskin nəşri, Beynəlxalq Uşaq Filmləri Festivalı (2007-ci il, Bakı), “Fokus” kino jurnalının nəşri,  UNESCO-nun sifarişi ilə  “İlahi səda”  sənədli filmi (2011-ci il), Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Şəbəkə” qısa metrajlı filmi və s. Zemfira Babayevanın uğurlu layihələrindəndir.

Onu da qeyd edək ki, onun fəaliyyəti sadəcə kino ilə məhdudlaşmırdı, eyni zamanda Azərbaycan teatrının inkişafında da yaxından iştirak edirdi. 2013-cü ildən Bakı Bələdiyyə Teatrının truppa müdiri kimi çalışmış və teatrın son illərdə qazandığı uğurlarda ciddi rol oynamışdır.

Aramızdan vaxtsız ayrılan Zemfira Babayeva onu sevənlərin qəlbində daima yaşayacaq, gördüyü uğurlu layihələrlə xatırlanacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti Zemfira Babayevanın ölümündən kədərləndiyini bildirir və mərhumun yaxınlarına, dostlarına, qohumlarına başsağlığı verir.

Allah rəhmət eləsin!

aki.az