Zemfira ilə vida…

22 iyul 2021-ci il Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində Azərbaycan kinosunun veteranı,  Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi Zemfira Babayeva ilə vida mərasimi keçirildi.

Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi mərasimdə kinorejissor, Əməkdar artist Elxan Qasımov, yazıçı-dramaturq Əmir Pəhləvan, Əməkdar incəsənət xadimi Ziya Şıxlinski, “Birlik” animasiya studiyasının rəhbəri, rejissor Firəngiz Qurbanova, rejissor Murad İbrahimbəyov, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov, Kino Məktəbinin direktoru, rejissor Oleq Səfərəliyev, “ Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu” ictimai birliyinin direktoru, prodüser Lalə Əfəndiyeva, rejissor Cahangir  Məmmədov, kinoprodüser Adil Qulamov, rejissor Mübariz Nağıyev, rejissor Tahir Əliyev, Bələdiyyə Teatrının bədi rəhbəri Aynur Muxtarova, sərəncamçı direktoru Əfqan Soltanov, eləcə də kollektivin bir qrup üzvü, Xalq artisti Suqra Bağırzadə, Əməkdar artist Mələk Abbaszadə və mərhumun yaxınları iştirak edirdilər.

Mərasimin başlandığı dəqiqələr sözün bittiyi yerdi, çünki Zemfira Babayevanın ekrandan baxan ifadəli gözləri çox sözü ifadə edirdi. Bir anlıq səssizlik və mərhum üçün oxunan dualar nəhayət ki, quruyan boğazları danışmağa sövq etdi.

İlk olaraq Əmir Pəhləvan çıxış etdi. O, bildirdi ki, Zemfira Babayeva Azərbaycan mədəniyyətinə bir çox töhfələr verib: “Azərbaycan mədəniyyətinin ən tanınmış simalarından biri idi. Hələ Sovetlər Birliyi dövründə Zemfira xanımı bir çox filmlərə – (“Dəli Kür”, “Gün keçdi” və s. filmlərin sınaq çəkilişlərinə dəvət olunub) dəvət olunsa da o, imtina etmişdi. Gözəl görünüşü imkan verirdi ki, aktrisa kimi filmlərə çəkilsin. Ancaq administrativ işləri gözəl bacardığına görə fəaliyyətinə həmin istiqamətdə davam etməyə üstünlük veirirdi. Etiraf edək ki, o,  Azərbaycan kino sənətində öz rolunu yüksək səviyyədə oynadı. Təşkilati işlərdə olan məharəti bunun bariz nümunəsidir. Peşəkarlığı sayəsində təşkilati işləri təkbaşına həyata geçirmə gücünə sahib idi. Çox səmimi insan idi. Böyüklə-böyük-kiçiklə kiçik olmağı bacaran, yeri gələndə ana-bacı olan, hətta qardaş olmağı bacaran bir insan idi. “Bakı nefti və Nobellər” 3 hissəli sənədli filminin Fransada Nant festivalına Zemfira xanımla birgə getmişdik. Birlikdə Avropa mətbuat nümayəndələrinə müsahibələr vermişik. Azərbaycan incəsənətini çox gözəl təbliğ edirdi. Bu təbliğatın, eyni zamanda yol yoldaşı kimi insani keyfiyyətlərinin şahidi olmuşam.  Kinematoqrafçıların yaxın dostu idi, aramızdan vaxtsız getdi. Buna baxmayaraq zəngin və mənalı ömür yolu keçdi”.

Suqra Bağırzadə onu gözəl bir rəfiqə kimi tanıdığını qeyd etdi: “Yaxşı rəfiqə, gözəl işçi, işinin peşəkarı bir insan idi. Onunla uzun illər “Azərbaycanfilm” kinostudiyasında çalışmışıq. Daima bir-birimizin dərdinə, sevincinə şərik olmuşuq. Çox təəssüflər olsun ki, dünyasını belə tez dəyişdi. Hər zaman zəng edərək soruşurdum ki, “Zema sənə nə lazımdır, sənə necə kömək edə bilərəm”, həmişə də cavabında, “İndi mənə ancaq Allah kömək edə bilər” deyirdi. Biz həmişə dua edirdik, əlimizdən başqa nə gəlirdi ki?! Moskvaya gedəndə düşündük ki, yenə sağ-salamat geri dönəcək, ancaq bu son idi… Zemfira, hər zaman ürəyimizdə olacaqsan”.

Firəngiz Qurbanova Zemfira Babayevasız çox ağır olduğunu vurğuladı: “Zemfira ilə tanışlığmız uzun bir dövrü əhatə edir.  Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi çalışmağa başladım. O vaxt Zemfira kinostudiyada fotosexdə çalışırdı. Gözəlliyi, işgüzarlığı, səmimiyyətilə diqqət mərkəzində dayanırdı. Bütün kinematoqrafçılar onun dostu idi, ünsiyyət qurmaq qabilyyəti var idi. Hətta mən deyərdim ki, Zemfira insanlar arasında zəncirvari əlaqələr qurulmasında böyük rol oynayırdı. Şəxsən mənim üçün həyat insani keyfiyyət çox önəmlidir. Zema xanım insani keyfiyyətlərə malik biri idi. Nə qədər çox gözəl, zərif qadın idisə, bir o qədər çox güclü xarakterə malik idi. Eyni zamanda vətənpərvər insan idi. II Qarabağ müharibəsində onun necə həyəcanla müharibəni izlədiyinin, ordumuz üçün dua etdiyinin və qələbəmizə inandığının şahidi oldum. Zemfira Babayeva belə bir insan idi…”.

Əfqan Soltanov sadəcə Bələdiyyə teatrı üçün deyil, Azərbaycan incəsənəti üçün ağır gün olduğunu qeyd etdi: “Bizim hamımızın sevimlisi Zemfira xanımın vida mərasiminə yığışmışıq. Həyatda elə insanlar var ki, onlar haqqında keçmiş zamanda danışmaq çox çətin olur. Zemfira xanım məhz elə insanlardan biri idi. Bizim kollektivin hər bir işində yaxından iştirak edən biri idi. Bizim üçün çox çətindir, Allah rəhmət eləsin, qəbri nurla dolsun”.

Mələk Abbaszadə Zemfira xanımın düşüncəli və incə ruhlu biri olduğunu qeyd etdi: Qəribədir ki, Zemfira xanım heç bir vaxt şikayət etməyən və şikayəti sevməyən bir insan idi. Bəzi insanlar var ki, onun hər zaman var olacağına inanırsan, həmin adama ölümü yaraşdırmırsan. Zemfira məhz  belələrindən idi. İstənilən vaxt axtarıb tapa bildiyin, sualına cavab ala biləcəyimiz bir insan idi. O, əsl insan idi – yumşaq qəlbli idi, sənəti çox sevirdi, həyatı, insanları çox sevirdi. Yeri çox hiss olunacaq…”.

Mərasimdə eləcə də rejissor Elxan Qasımov, rejissor Ziya Şıxlinski, aktrisa Hüsniyyə Mürvətova, eləcə də Zemfira Babayevanı yaxından tanıyan bir çox sənət adamları öz ürək sözlərini bildirdilər.

aki.az