Ziya Şıxlinski: Ordumuz xalqın dəstəyini hiss edərək ön cəbhədə vuruşur
Qarabağ torpaqlarında gedən müharibəni böyük həyəcanla izləyir, qələbə xəbərlərinə sevinir, şəhid verincə ağlayır, ancaq nə olursa olsun,“Qarabağ Azərbaycandır” şüarına sığınmışıq – Qələbə bizimdir!
Kinematoqrafçılar haqq işi uğrunda olan mübarizəmizə səs verir, öz ürək sözlərini bölüşürlər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, Əməkdar İncəsənət Xadimi, rejissor Ziya Şıxlinski söhbətə bu gün Türkiyə qeyd olunan Cümhuriyyət bayramının 97-ci ildönümünü səmimi qəlbdən təbrik edərək başladı və Qafqaz İslam Ordusuna həsr etdiyi “Yazılsın tarixə bir qızıl xətlə” sənədli filmini yada saldı: “Filmi 1918-ci ildə Azərbaycanın və paytaxt Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsindən bəhs olunur. Ümumiyyətlə isə “Yazılsın tarixə bir qızıl xətlə” sənədli filminin əsas məqsədi Azərbaycan və Türkiyənin hər zaman biri-birinin yanında olduğunu çatdırmaqdır. Azərbaycan türkləri Çanaqqalada, Anadolu türkləri Azərbaycanın müstəqilliyi uğrunda döyüşlərdə biri-birinin ağır günlərində həmişə köməyə gələrək on minlərlə şəhid veriblər. 1918-ci ilin mart ayında Türk ordusu generalı Nuru Paşanın rəhbərlik etdiyi hərbi qüvvələr Gəncədən Bakıya qədər böyük qurbanlar hesabına Azərbaycan Demokratik Respublikasının müdafiəsinə gəldilər”.
Z.Şıxlinski onu da qeyd edir ki, filmdə general Əliağa Şıxlinskinin Azərbaycan korpusunun formalaşdırması, rəhbərlik etdiyi ordu hissələrinin türk hərbi qüvvələri ilə birləşməsi və Azərbaycan Demokratik Respublikasının paytaxtının Gəncə şəhərindən Bakıya köçürülməsi sənədlər əsasında öz əksini tapıb: “Demək istədiyim odur ki, tarix yenidən təkrar olunur, qardaş ölkələr, Azərbaycan və Türkiyə yenidən mübarizə meydanına atılıb. Azərbaycanın haqq işi uğrunda olan bu mübarizəsində hamıdan öncə Türkiyənin dəstək verməsi heç də təəccüblü deyil, çünki bu, hər zaman belə idi. Buna görə də hazırda həm Azərbaycanda, həm də Türkiyədə hər iki ölkənin bayraqları yanaşı asılıb, dalğalanır. Bu, dünyaya bir qardaşlıq mesajıdır. İgid oğlanlarımız müharibə meydanında böyük şücaətlər göstərir, ordumuz xalqın dəstəyini hiss edərək ön cəbhədə vuruşur. QƏLƏBƏ-yə lap az qalıb”…
GülQAR