Ziya Şıxlinski yeni film çəkir

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Ziya Şıxlinski yeni filminin çəkilişlərinə başlayıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati  dəstəyilə çəkilən “Bella çao” sənədli qısametrajlı filmində İkinci dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya qəhrəmanı Tahir İsayevin keçdiyi həyat yolundan bəbs olunur.

Filmin çəkilişləri Qazax rayonunda – qəhrəmanın ev muzeyində lentə alınıb. Eyni zamanda Tahir İsayevin rayonda olan büstləri də çəkilib.

HAŞİYƏ: Tahir İsayev 28 aprel 1922-ci ildə Qazax rayonunun Şıxlı kəndində doğulub.

1942-ci ildə Mozdokun ətrafındakı ağır döyüşlərdə yaralanaraq əsir düşüb və Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçərək Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə daxil olub.

Döyüş yoldaşları tərəfindən “Serafino” adlandırılan T.İsayev “Fiamma Verdi” beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşub.

25 aprel 1945-ci ildə Milan şəhərinin faşistlərdən təmizlənməsi üsyanında qəhrəmanlıq göstərib.

O, Mehdi Hüseynzadə, Mirdamət Seyidov kimi Adriatik dənizi sahillərində qəhrəmanlıq, yenilməz şücaət nümayiş etdirmişdir.

Həmyerlimiz İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan “Qaribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” ordenləri, ümumən 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunub.

1945-ci ildən Milan şəhərinin fəxri vətəndaşı olan Tahir İsayev alman və italyan dillərini bilirdi.

1974-cü ildə çəkilən “Onun adı Serafino idi” filmi Tahir İsayevdən bəhs edir.

Tahir İsayev 2001-ci ildə vəfat etmiş və doğulduğu kənddə dəfn olunub.

Filmin adına gəlincə, “Bella Çao” italyan dilində olub, mənası (“Bella ciao”- Əlvida, Gözəl deməkdir. II Dünya müharibəsində İtaliya partizanlarının marş ya himn kimi ifa etdikləri, italyan xalq mahnısıdır. 1940 – cı illərin dillər əzəbərinə çevrilən bu mahnı bütün dünyada məhşurlaşır. Mahnı italyan partizanları tərəfindən ifa olunması sənədlərdə təsdiqlənib. Onun bir həkim və ya feldşer olan bir naməlum partizan tərəfindən bəstələndiyi zənn edilməkdədir.

Son olaraq qeyd edək ki, bu il Tahir İsayevin 100 illik yubileyi oldu. Filmin ilk nümayişi də qəhrəmanın dünyaya göz açdığı 28 apreldə baş tutacaq.

Filmin yaradıcı heyəti: Ssenari və rejissor işi Ziya Şıxlinskli, operator Yura Varnovski.

aki.az