“Əbədiyyətə uçuş” və “Malakanlar” sənədli filmlərinin nümayişi oldu

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində “Əbədiyyətə uçuş” və “Malakanlar” sənədli filmlərinin nümayişi oldu.

Rejissor Cəmil Fərəcovun quruluşunda çəkilən hər iki film Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsalata buraxılıb və “Salnamə” studiyasında lentə alınıb.

Yeri gəlmişkən, hər iki film vətənpərvərlik ruhunda çəkilməklə yanaşı, həm də böyük tərbiyəvi əhəmiyyətə malikdir. Bu baxımdan da bu sənədli filmlərin məhz 19 yanvar gününə təsadüf etməsinin də öz səbəbi var.

HAŞİYƏ: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanımızın paytaxtı Bakıda keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. O gündən etibarən bu tarix Qanlı Yanvar və ya 20 Yanvar faciəsi kimi qeyd olunur.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyovun iştirakı ilə keçirilən təqdimatda öncə 20 yanvar tarixi yada salındı və dövlət himnimizin sədaları altında 20 yanvar günü şəhid olmuş inasnlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra “Əbədiyyətə uçuş” filminin rejissoru Cəmil Fərəcov müraciət etdiyi mövzunun əhəmiyyətindən, Milli qəhrəmanların həyat yolunun və döyüş əzminin böyüməkdə olan nəsil üçün bir örnək olduğundan, müxtəlif millətlərin ümumi vətəninə çevrilmiş Azərbaycanımızın daim igidlər diyarı olmasından bəhs etdi.

Doğrudan da dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, öz qeyrətli insanlarımızla bərabər ölkəmizin azadlığı, müstəqilliyi uğrunda fədakarlıqla mübarizə aparan mərd oğulların keçdiyi həyat yolu hər zaman gənc nəsil üçün bir nümunədir.

C.Fərəcov yaradıcı heyəti təqdim etdikdən sonra iştirakçıları filmə baxmağa dəvət etdi.

“Əbədiyyətə uçuş” sənədli filmi isə Milli Qəhrəman Viktor Seryoginə həsr olunub. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında xidmətləri olan, Azərbaycanı öz doğma vətəni kimi sevən V.Seryogin 28 yanvar 1992-ci ildə Ağdam-Şuşa istiqamətində növbəti uçuş zamanı erməni silahlı dəstələrinin vertolyotu atəşə tutması nəticəsində heyətlə birlikdə qəhrəmancasına həlak olub. Onunla bərabər çalışan, onu yaxından tanıyan həmkarları film boyunca Milli Qəhrəman haqqında öz xatirələrinin bölüşür, onunla bərabər olan uçuşların hər birinin həyəcanını bölüşürdülər. Həmin pilotların bir neçəsi filmin nümayişində iştirak edirdilər.

Filmin rejissoru Cəmil Fərəcov, operatoru Nizami Abbas, icraçı prodüseri Kamil Məmmədovdur.

Növbəti təqdim olunan film “Malakanlar” adlanır. Bu sənədli filmin çəkilişləri yenicə başa çatıb və ilk nümayişi məhz Kino Evində baş tutdu.

İlk öncə qeyd edək ki, dünya şöhrətli sənətkarlarımızdan olan Rəşid Behbudovun “Azərbaycanım” adlı möhtəşəm mahnısı ilə başlanan sənədli filmin Müslüm Maqomayevin ifasındakı “Azərbaycan mahnısı ilə bitməsi, bir ölkənin, bir xalqın böyüklüyünü, qüdrətini göstərməklə yanaşı, bütün dünayaya səmimi şəkildə qucaq açmasını da canlı olaraq sübut edirdi.

Xatırladaq ki, malakan icmaları Azərbaycanda XVIII əsrin ortalarında meydana gəlib. O da təsadüfi deyil ki, onları bura Rusiyadan, kafirliyə və pravoslav kilsəsinin əleyhinə çıxdıqlarına görə sürgün etmişdilər. Son illərdə bir çox icmaların üzvlərinin sayının az olması səbəbindən bağlanması meyli də müşahidə edilir.Təxmini hesablamalara görə, ölkəmizdə malakan icmalarının bütün üzvlərinin ümumi sayı 500 nəfərə qədərdir. Bütün bunları nəzərə alan rejissor mövzuya böyük həssaslıqla və sevgiylə yanaşıb. Belə ki, Azərbaycanda malakanlar üçün yaradılan şərait, onlara olan gözəl münasibət, malakan adət-ənənəsi, onların Azərbaycan adət-ənəsinə olan marağı, hətta dilimizə olan hörmətləri, bizim dildə mükkəmməl səviyyədə danışmaları və s. diqqəti çəkir. Ən önəmlisi isə kənd həyatının gözəlliyini, mənzərəsini və bütün bunların insan zəhmətinə ehtiyacı olmasını geniş şəkildə qabardıb.

Filmin çəkilişləri Gədəbəy rayonunun  Novosaratovka kəndində baş tutub.

Sənədli filmin ssenari müəllifi və rejissoru Cəmil Fərəcov, quruluşçu operatoru Üzeyir Abbas, icraçı prodüseri Kamil Məmmədov, baş prodüser Nazim Hüseynovdur.

Azərbaycan Kinematoqrafçılar İttifaqı