Əjdər Həmidov...Vida...

Azərbaycan kino və teatr sənətinə ağır itki üz vermişdir. Xalq artisti Əjdər Həmidov 67 yaşında haqq dünyasına qovuşub.

Əjdər Həmidov 14 avqust 1953-cü ildə anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. İlk fəaliyyət illləri Sumqayıt Dövlət Musiqili Dram Teatrından başlayıb, teatrın səhnəsində bir sıra maraqlı rollar ifa edib.

1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilən aktyor həmin teatrda müxtəlif janrlı obrazlar yaratmaqla özünü aktyor kimi təsdiq edib.

“Azərbaycanfilm”in istehsal etdiyi bir sıra filmlərində çəkilən aktyor ilk dəfə rejissor Cahangir Mehdiyevin quruluş verdiyi “Kişi sözü”(1987) filmində Qasım obrazı ilə tamaşaçılarının görüşünə gəlib.

Müasir Azərbaycan kəndindən bəhs edən kinolent əxlaq, ləyaqət və şan-şöhrət kimi məsələlər üzərində qurulub ki, əsas qəhrəman olan Qasım da – Sözünün ağası olmaq asandırmı, həyatda öz yerini necə tapmalı və s. sualların cavabını tapmağa çalışır. Filmin qəhrəmanı Qasım üçün də həyat sınaq məktəbinə çevrilir ki, bu qəhrəmanı canlandıran Əjdər Həmidovun həyatından da yan keçməyib. Kinoda ilk dəfə oynayan aktyor, məhz ilk ifası ilə kiinorejissorların diqqətini cəlb edib. Sonralar bir çox filmlərdə (“Gənc qadının kişisi”(1988), “Sahilsiz gecə”(1989), “Lətifə”(1989), “Girişmə, öldürər”(1990), “Mənim ağ şəhərim”(1993), “Hər şey yaxşılığa doğru”(1997), “Yerlə gör arasında”(1999), “Hacı Qara”(2002), “Milli bomba”(2004), “Yoxlama”(2006) və s.) yaddaqalan obrazlar oynayıb. Onun bütün rolları tamaşaçılar tərəfindən sevilib, xüsusilə “Yoxlama” adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı daha çox marağa səbəb olub, hətta sənətçiyə böyük uğur qazandırıb. Bəlkə də ona görə ki, aktyor ilk dəfə fərqli xarakterli bir obrazla ekranda görünüb.

Aktyor çəkildiyi filmlərdə yaratdığı obrazları xarakterizə edərək deyirdi  ki, istər düşüncə tərzində, istər pisixologiyada, həyata baxışda böyük dəyişikliklər var: “Mən indi həyata cavanlıq dövrümdə baxdığım kimi baxmıram. Şübhəsiz ki, burada təcrübə böyük şərtdir. İndiki dövrdə çəkildiyim filmlərə gənclik dövrümdəki kimi yanaşmıram. Bu məsələlərə artıq peşəkar kimi yanaşıram. Çalışdığım zaman daha təcrübəli və daha da peşəkar iş ortaya çıxartmaq istəyirəm. Fərq ondadır ki, mən indiki filmlərə gənc yaşlarımda baxdığım kimi də baxmıram”.

– Əgər “Kişi sözü”ndə bir də çəkilsəydim, mən onu artıq tam başqa cür oynayardım. Bu günün ruhuna və ən əsas bu günün tələblərinə uyğun oynayardım – deyən aktyor onu da əlavə edib ki, çünki zaman dəyişib, tamaşaçıların filmlərə baxışı dəyişib, həm də aktyorların oyun tərzi dəyişib. Ona görə də tamaşaçıların tələbatını ödəməyə çalışmalıyıq.

Əjdər Həmidov üçün tamaşaçı fikri əsas idi, məhz bu səbəbdən tamaşaçı tələbatının ödənməsini xüsusilə vurğulayırdı.

Dünənə kimi yaşayan aktyorun haqqında, bu gün, keçmiş zamanda danışmaq çox çətindir, ancaq bu da həyatın amansız qanunlarından biridir – Zamanı gələndə getmək və ya vidalaşmaq kimi –

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir – Allah rəhmət eləsin – deyirik!

aki.az