Əli İsa Cabbarov: “Fokus” kino jurnalının bərpası Kino şöbəsindəki dəyişikliklərlə bağlıdır

Kino peşəkarlarının və kino həvəskarlarının maraqla izlədiyi peşəkar dərgilərdən biri olan “Fokus” analitik kino jurnalı növbəti, 10-cu nömrəsilə oxucularının görüşünə gəldi.

Qeyd edək ki, Gənc Film İstehsalçıları Assosiasiyasının nəşri olan “Fokus” analitik kino jurnalı Qafqazda çap formatında dərc edilən yeganə analitik kino dərgisidir.

10-cu nömrənin nəşri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilib. Gənc Film İstehsalçıları Assosiasiyası ilə Mədəniyyət Nazirliyi arasında bağlanan müqaviləyə əsasən, nazirlik jurnalın növbəti 4 nömrəsinin nəşrini maliyyələşdirəcək.

Yeri gəlmişkən, Azərbaycan Kinematoqrafçılar İttifaqı da jurnalın nəşrinə maliyyə və təşkilatı dəstək verib.

Bu nömrədə jurnal ənənəvi olaraq Sevda Sultanova, Aliyə Dadaşova, Aygün Aslanlı  ilə yanaşı yeni müəlliflərlə, Qismət Rüstəmov, Hacı Səfərovla da əməkdaşlıq edib. Jurnal yeni müəlliflər də cəlb etmək, yeni kinoşünaslar nəsli yetişdirmək əzmindədir.

“Fokus” analitik kino jurnalının redaktoru Əli İsa Cabbarov jurnalın “Ön söz”ündə qeyd edir ki, 10-cu nömrənin ana məqsədi “kinomuz hardadır”  və “kinomuz hara gedir” suallarına cavab tapmaqdır.

Bu səbəbdən dramaturq Cəfər Cabbarlının “Litеraturnaya qazеta”nın 20 iyun 1930-cu il, No 30 (67) nömrəsində çap olunan “Hara gedir Azərkino” adlı məqaləsi jurnalın ilk məqaləsi kimi seçilib.

Kinorejissorlar Elvin Adıgözəl, Hilal Baydarov, Rüfət Həsənov nömrənin əsas qəhrəmanlarıdır. Bununla yanaşı, Rüstəm İbrahimbəyovdan və məşhur ssenari təlimçisi Kristofer Voqlerdən də məqalələr yer alıb. Kinooperator Orxan Abbasov, kinorejissorlar Teymur Daimi və Teymur Hacıyevlə müsahibələr bu buraxılışın maraqlı yazılarındandır.

Jurnalı nəşr edən, Gənc Film İstehsalçıları Assosiasiyasının sədri Əli İsa Cabbarovun dediyinə görə, jurnalın nəşrinin bərpası Mədəniyyət Nazirliyinin Kino şöbəsində (yeni adı Audiovizul və interaktiv media şöbəsi)  gedən dəyişikliklərlə bağlıdı: “Prosesləri analiz etmədən heç bir sahədə irəliləyiş əldə etmək olmaz. “Fokus”un ana missiyasını bunda görürük”.

Aki.az