Əli Xamrayev: “Rejissor hansısa hadisəni uzaq məsafədən işıqlandıra bilməz, onun nə demək olduğunu hiss etməlidir”

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbində növbəti ustad dərsləri silsiləsində bu dəfəki qonaq, görkəmli ssenarist, kinorejissor Əli Xamrayev oldu. Ustad dərsləri üçün Kino Məktəbinə dəvət olunan kinorejissor artıq yaradıcı görüşlərinə başlayıb, tələbələrə kino təcrübəsindən, keçdiyi sənət yolundan bəhs etməyə davam edir.

Kino Evində rejissorun atasına həsr etdiyi “Mən səni unutmamışam”(2018) filminin təqdimatı keçirildi. Milli özbək bədii kinosunun yaradıcılarından, eyni zamanda “Özbəkfilm”də istehsal olunan filmlərin baş rollarının ilk ifaçılarından olan Ərqaş Xamrayevin keçdiyi həyat yolu filmdə öz əksini tapıb. Böyük marağa səbəb olan film Əli Xamrayevlə Azərbaycan kinosevərləri, kinematoqrafçıları arasında yaranan xoş münasibəti daha da dərinləşdirdi. Artıq onun yaradıcılığına daha böyük maraq var. Bu maraq və qarşılıqlı səmimiyyət, Əli Xamrayevin Real TV üçün, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü yazar Kamran Qasımova verdiyi müsahibəsində də özünü biruzə verir. Müsahibədən bəzi məqamları diqqətinizə çatdırmaq istərdik.

Yeri gəlmişkən, rejissorun həyatında dönüş nöqtəsi olan, Daşkənd səfəri zamanı rejissor Mikelancelo Antonioni ilə tanış olması və onun yeni bir layihəsini gerçəkləşdirmək üçün İtaliyaya səfər edərək orada yaradıcılığına davam etməsi kimi məqamlara müsahibədə geniş açıqlama verilib.

Müsahibəni Azərbaycanın paytaxtı Bakıya artıq bir neçə dəfədir səfər etməsi ilə başlayan Ə.Xamrayev bildirib ki, həmişə dəvət üzrə gəlib: “İlk dəfə Bakıya SSRİ dövründə-1974 -cü ilin yazında gəlmişdim. Bakıda keçirilən Ümumittifaq Kinofestivalına Özbəkistan nümayəndə heyəti ilə qatılmışdım. O  vaxt Azərbaycan kinematoqrafçıları ilə yaxından tanış oldum. İlk növbədə Azərbaycanın böyük rejissoru Həsən Seyidbəyli ilə tanış oldum. Zənnimcə, Bakı festivalı tarixə ona görə düşdü ki, Sovet İttifaqı KP MK-nın neqativ fikrinə baxmayaraq münsiflər heyəti qəhrəmanlıq göstərərək, baş mükafata Vasiliy Şukşinin “Qırmızı Kalina” filmini layiq gördü. Bu, sensasiya idi. Festivalda hamı çalışırdı ki, əsl incəsənətə qiymət versin”.

Sosializmi, kommunizmi yada salan rejissor qeyd edir ki, onlar Azərbaycan filmlərinə baxırlar və bu filmlərdə hər hansı bir sosializmin,kommunizmin qoxusunu duymurlar: “Biz dostluq edirdik, çoxlu ünsiyyətdə olurduq. Mənim bəzi dostlarım, hətta dünyadan köçmüşlər belə ox müstəqil idilər.Andrey Tarkovski, Kira Muratova, Alyoşa German və b. onların hər biri sanki xüsusi insanlar qrupu idi ki, bu rejimlə razı deyildilər. Əlbəttə ki, bu xarakterdən asılıdır.Şəxsən mənə bu xasiyyət atamdan keçmişdi. Atam ssenarist və aktyor idi. 1942-ci ildə, İkinci Dünya Müharibəsi zamanı həlak olmuşdu. Onun haqqında danışanlar deyirdilər ki, sözü üzə deyən, açıq insan idi. Heç kimdən və heç nədən qorxmurdu”.

Dostu Andrey Tarkovski söhbətlərində hər zaman deyirmiş ki, Əli Xamrayevə çox həsəd aparır. Səbəb olaraq isə onu göstərirmiş ki, o, öz istədiyini çəkir, ancaq Əli Xamrayevdə Şərq bicliyi var.

Ə.Xamrayev söhbətinə davam edərək deyir: “Tarkovski deyirdi ki, sən çoxlu film çəkmisən, onlardan bəziləri gözəl müəllif filmləridir. Digərləri isə komediyalar, film operalar, sənədli filmlərdir.Sən buna necə nail olursan? Mən isə deyirdim ki, Andrey, mən həmişə sənə həsəd aparıram.Çünki yalnız  xoşuna gələn, istədiyin mövzularda film çəkirsən. Hərçənd ki, bunun da öz çətinlikləri var, pulun olmur, ac qalırsan,əzab çəkirsən,  daima düşünmüşəm ki, mənim ailəm, uşaqlarım var.Nəyə görə mən qonşulardan çörək və süd üçün borc almalıyam?! Fikirləşdim ki, hətta komediyalar,film-operalar, vesternlər çəkməklə, yenə də öz sevimli peşəmlə məşğul olacağam. Yəni, beynimi məşq etdirəcəyəm, əlimi məşq etdirəcəyəm ki. Nəticə etibarilə də böyük layihələr üçün  hazırlaşacağam. Bir neçə il çəkməsən, əks halda peşəkarlığımı, peşəmi itirə bilərəm.Buna görə də mən hər şeyə razılaşırdım. Hətta deyirdim ki. Andrey, mənim kommunustlərlə gizli razılaşmam var. Bir filmi onların sifarişi ilə çəkirəm, birini isə özüm üçün çəkirəm- gələcək üçün”.

Rejissor sirləri üzərində qurulan müsahibədə Əli Xamrayev demək olar ki, bir çox şeyləri etiraf edir: “Mən V.İ.Leninin 100 illiyinə hər olunan dövlət sifarişli  film çəkdim. Bu filmdən sonra onlar mənə istədiyim filmi çəkmək imkanını verdilər. “İnsan quşların arxasınca gedir” filmim elə həmin ərəfədə  yarandı. Məni simvolçuluqda ittiham etdilər, adıma impressionist,mücərrədçi yapışdırdılar, bir sözlə, hər şeydə günahlandırırdılar.Bütün bunlara baxmayaraq isə elə həmin kommunistlər də mənim filmlərimi beynəlxalq festivallara göndərirdilər, mükafatlar alırdım. “Kabulda isti yay” filmini də belə çəkmişdim, sonra isə atam barədə film çəkdim”.

K. Qasımov söhbət əsnasında Sovet hakimiyyətinin Tarkovskiyə olan münasibətini soruşur. Maraqlı cavab: “Sistemin çatışmazlığı var idi. Əgər bu sistemdəki bəzi vəzifələrdə ağıllı insanlar işləməsəydi, o zaman Tarkovski məhv olardı, heç vaxt iş almazdı. Amma Mərkəzi Komitənin mədəniyyət şöbəsində, kino sektorunda, SSRİ Dövlət Kino Komitəsində, bir sözlə, müxtəlif vəzifələrdə ağıllı adamlar çalışırdı və  onlar Tarkovskin dəstəkləyirdilər. Onlar ali rəhbərliyi inandırırdılar ki, Tarkovski istedadlı insandır. Doğrudur, səhv edə bilərdi, ancaq bütün dünya onun filmlərini kinofestivallarda tələb edirdi. Deyirdilər ki, gəlin Tarkovskinin filmlərini Sovet İttifaqında göstərməyək, amma Kann Kinofestivalına,başqa ölkələrə göndərək. Çünki bu, bizim ölkənin nüfuzudur, bu, sovet kinosunun vizit kartıdır. Beləliklə də Tarkovski də xaricə üz tuturdu, Kira Muratova da, Alyoşa German da və mən də…Bizim filmlər xaricdə baş mükafatlar qazanırdı, “Pravda” qəzeti isə sadəcə bütün bunları yazırdı”.

Təzyiqlərdən bezən, yorulan Tarkovski İtaliyaya Gedir, orada film çəkir və orada yaşamağa başlayır.

Hazırda İtaliyada yaşayan Ə.Xamrayev bildirir ki, artıq Tarkovski ölüb, o isə İtaliyada həyatına davam edir.

Dünya şöhrətli rejissor Antonioni Ə.Xamrayev haqqında yaxşı fikirlər söyləyib və hər iki rejissorun birgə həyata keçirəcəyi “Teymur” layihəsi olub. Bi layihə həyata keçməyib, səbəbini rejissor izah edəcək: “Bu layihə ilə 1966-cı ildə maraqlanmışdım.Hələ də ktabçalardan birinin üstündə “1966-cı il Teymur” yazılıb. Ssenari üzərində işlədiyim zaman Mikelancelo Antonioninin təşəbbüsü ilə İtaliyaya dəvət olundum. Məşhur prodüserlər pul tapdı və onlar bu qərara gəldi ki, Sovet İttifaqı ilə müştərək bu filmi çəksinlər. Sonra SSRİ çökdü, dağıldı, Özbəkistan qərara aldı ki, bu filmi çəksin.Mən xaricdən 40 milyon dollar gətirmişdim, Özbəkistan isə 12 milyon dollar əlavə etmişdi, 52 milyon dollar var idi. İtaliyadan, Yuqoslaviyadan, Fransadan, Rusiyadan olan kinematoqrafçılar yaradıcı heyətdə çalışırdılar. Artıq min kostyum tikilmişdi, silah, rekvizit, Qazaxıstanda dekorlar, Teymurun sarayı inşa olunmuşdu”.

Məhz filmin hazırlığının tamam olduğu bir vaxtda SSRİ-nin dağıldığı elaan olunur və beləliklə də əldə olan bütün vəsait məhv olur. İtalyanlar iflas olduqlarını elan edib,

Sığorta pullarını alaraq özlərini xilas edirlər. Bir sözlə, layihə alınmır. Bu uğursuzluq heç də rejissoru ruhdan salmır. Uzun illərdir atası haqqında film çəkmək barədə düşünən Ə.Xamrayev bunun  üçün müharibənin necə ağır bir fəsadlar törətdiyini öyrənməyə başlayır: “Buna görə də Əfqanıstana getdim, orada “Kabulda isti yay” sənədli filmini çəkdim. Anam deyirdi ki, lazım deyil, səni öldürəcəklər. Mən isə deyirdim ki, axı atam haqqında film çəkməyə hazırlaşıram. Atamın həlak olduğu müharibənin nə demək olduğunu mən də bilmək istəyirəm.Rejissor hansısa hadisəni uzaq məsafədən, yalnız kitablara görə işıqlandıra bilməz, özün iştirak edib, onun nə demək olduğunu hiss etməlisən.Buna təcrübə deyirlər”.

Ə.Xamrayev yaradıclığı boyunca bir çox portret filmlr də çəkib ki, bu da dövlət sifarişli işlər olub. Belə sifarişlərdən biri də Nazarbayev haqqında olan film idi. Bir liderin keçdiyi həyat yolu, fəaliyyəti və onun lideri olduğu ölkə üçün gördüyü işlər.

Müsahibənin sonunda incəsənətin önəmli növü olan kinonun daima var olacağını diqqətə çatdıran rejissor yeni nəsillə bağlı fikirlərini də bölüşüb: “İndi Arximeddən, Leonardo Da Vinçidən danışan yoxdur, heç kim böyük əməllərdən, heç kim Puşkindən danışmır. Əvəzində cəfəngiyyat danışırlar. Məgər bu incəsənətdir? İncəsənətə yoluxmaq lazımdır. Yalnız dövlətin, mədəniyyətin, təbliğatın sükanı arxasına keçəcək ağıllı və ciddi insanlar bu sükanı fırlada biləcəklər”…

Azərbaycan Kinematoqrafçılar İttifaqı