Əməkdar incəsənət xadimi Musa Bağırov vəfat edib

Yazıçı, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Musa Bağırov 11 may 2022-ci tarixində vəfat edib.

Musa Ağabəy oğlu Bağırov 10 may 1932-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” kafedrasının müdiri təyin edilib. 1997-ci ildə həmin kafedra əsasında “Televiziya rejissoru” və “Kinorejissorluq və operator sənəti” kafedraları yaranıb. “Televiziya rejissoru” kafedrasına professor Musa Bağırov rəhbərlik edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru idi.

Sənədli filmlər rejissoru olan Musa Bağırov uzun illər “Azərbaycanfilm” və “Ekran” Yaradıcılıq Birliyində 50-dən artıq sənədli filmə quruluş verib.

Ssenarilər əsasında “Azərbaycanın səhnə ustaları”, İncəsənət veteranı”, “Azərbaycan millisinin tarixi”, “Sovet Azərbaycanının yarım əsrlik salnaməsi” və s. filmlər çəkilib.

Rejissor kimi “Divlər sarayı”, “Azərbaycanın səhnə ustaları”, İncəsənət veteranı”, “Dostların görüşü”, “Mehdi Hüseyn”, “Qurultaydan qurultaya”, “Azərbaycan miniatürləri”, “Dəniz cəsurları sevir”, “60 il keşikdə”, “İnsana qayğı”, “Vətən sərhəddən başlanır” və s. sənədli filmlər çəkib.

M.Bağırov general Həzi Aslanovla bağlı araşdırmaların da müəllifidir. 1970-ci ildə “General Aslanov” sənədli filmini çəkib. Filmdə  II Dünya müharibəsində tank qoşunları briqadasının komandiri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun şanlı döyüş yolundan bəhs olunur.

Rejissor filmdə döyüş vaxtı arxadan xain düşmən gülləsinə tuş gəlmiş qəhrəmanın obrazını yaratmaq məqsədilə hərbi illərin tarixi xronikasından, sərkərdənin yaxınlarının, döyüş yoldaşları və dostları — Obçanski, Poqorelko, marşal Yeremenko, Moskva sirkinin məşhur aktyoru Mixail Şuydin, general-polkovnik Obuxov və akademik Samsonovun sinxron xatirələrindən istifadə etmişdir.

Musa Bağırovun filmləri bir çox beynəlxalq festivallarda mükafatlara layiq görülüb. Bundan başqa, o, 1988-ci ildə rus dilində nəşr olunmuş “Generalın yolu”, 1999-cu ildə Azərbaycan dilində işıq üzü görmüş “Sərkərdənin taleyi” kitablarının müəllifidir.  2010-cu ildə öz şəxsi kitabxanasını Dövlət Film Fonduna hədiyyə edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti Musa Bağırovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!