“Əzablı yollar” - 40

“Milli Kino Tariximizdən” rubrikasının növbəti filmi ““Əzablı yollar”dır,  çəkilişindən 40 il keçir…

1982-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Əzablı yollar” filmini istehsalata buraxdı. Oqtay Məmmədzadənin ssenarisi əsasında çəkilən filmə Tofiq İsmayılov quruluş verdi.

“Məlikməmmədin nağılı” adlı Azərbaycan xalq nağılının motivləri əsasında çəkilən filmin əsasını şən macəravari əhvalat təşkil edir.

Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyasında nağıl janrında bir çox filmlər çəkilib. 1950-ci ildən 1982-ci ilə qədər, yəni “Əzablı yollar” filmi ilə birgə 5 nağıl filmi çəkilib kinosevərlərin baxışına təqdim edilmişdir. “Bir qalanın sirri”, “Sehrli xalat”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında” və “Əzablı yollar” filmi. Əslində adı sonuncu hallanan filmin adı “Məlikməmmədin nağılı” adlandırılmalıydı. Ancaq Moskvanın tələbi ilə necə ki, “Qaçaq Həbi”-“Atları yəhərləyin”, “Həzi Aslanov”-“Sizi dünyalar qədər sevirdim” adı ilə əvəz edilmişdisə eləcə də, “Məlikməmmədin nağılı”-“Əzablı yollar” adlandırılmışdı.

 

ÖTKƏM İSGƏNDƏROV: REAL HƏYATDAN FƏRQLİ OLARAQ NAĞIL DÜNYASI YARATMAQ ÇƏTİNDİR

 

“Əzablı yollar” filminin ssenarisi təsdiq edildikdən sonra tez bir vaxtda yaradıcı heyətin tərkib hissəsi müəyyənləşdirilir. Hər filmdə olduğu kimi,  bu filmin baş rollarının sınaq çəkilişlərində də onlarla aktyor iştirak etməli olur.

Filmdəki padşah roluna Həsənağa Turabov, padşahın oğlu roluna isə aktyorun oğlu Daşqın təsdiq olunmasına baxmayaraq bir ay davam edən çəkilişlərdən sonra məlum olmayan səbəblərlə bağlı, çəkilişlər dayandırılır.

Günlərin birində kinostudiyanın rəhbərliyi aktyor Ötkəm İsgəndərovu çağırtdıraraq onu Məlikməmməd roluna çəkmək fikrində olduğunu bildirir və rola təsdiq edirlər. Məlikmmədin atası -padşah roluna isə Həsən Məmmədov təsdiq olunur.

Ötkəm İsgəndərov sınaq çəkilişləri zamanı qrup şəklində çəkilən aktyorların əksəriyyəti ilə yoxlanıb. Ancaq aktyor heç də uğursuzluq qazanan həmkarlarının adını çəkmək fikrində deyil.

Ö.İsgəndərov deyir ki, 41 filmdə çəkilib, 43 filmin sınaq çəkilişlərində isə uğursuzluq qazanıb: “Hər bir filmdə əsas və son söz rejissora məxsus olur. Rejissor hansı aktyoru hansı rolda görürsə onu da təsdiq etmək ixtiyarına malikdir. Bu film Tofiq İsmayılovun çəkdiyi ilk nağıl filmi idi. Bildiyiniz kimi, digər janrlardan fərqli olaraq nağıl janrının öz çətinlikləri olur. Real həyatdan götürülmə səhnələri yaratmaqdan fərqli olaraq nağıl dünyası yaratmaq bir o qədər də çətindir. Bu baxımdan T.İsmayılov ilk dəfə quruluş verdiyi nağıl filminin çəkilişlərinə böyük məsuliyyətlə, aktyorların ifalarına tələbkarlıqla, seçilən məkanların gözəl görünüşlərinə xüsusi səylə yanaşırdı. Bütün bunlara tam nail olmaq üçün isə o bir rejissor olaraq işlərini planlı şəkildə həyata keçirir, çəkilən kadrların keyfiyyətinə fikir verir və sonra isə onları montaj vasitəsilə bir-birinə uyğunlaşdırırdı”.

Filmdəki kadrların daha maraqlı alınması üçün seçilən məkanlar böyük rol oynayıb.

Aktyorun dediklərindən: “Filmdə əsas götürülən üç qardaşın yol ilə əziyyətlər çəkə-çəkə gəldiyi kadrların çəkilişi Naxçıvanın Cülfa rayonunun dağlarında lentə alınıb. Bakının Qala kəndinin yaxınlığında olan çöllükdə-düzənlikdə, İçərişəhərdə-karvansaranın içində, kənarında, mağara səhnəsi pavilyonda, ən təhlükəli səhnələr isə “Ovçular evi”ndə çəkilirdi. Qeyd edim ki, filmdə hər bir kadrın çəkilişi çox çətinliklə başa gəlirdi”.

Nağıl janrında çəkilən filmdə at çapma, qılınc oynatma səhnələri çoxluq təşkil edib. Xoşbəxtlikdən aktyorların əksəriyyəti həmin kadrlarda canlı olaraq oyun nümayiş etdirməyi bacarıblar. Çünki kənardan dəvət olunan kaskadyorlar filmə ayrılan maliyyə hesabı ilə əmək haqqı alırmışlar ki, bu da ümumi büdcəyə ziyan vururmuş.

“Əzablı yollar” filminin çəkilişində isə kənardan kaskadyor dəvət olunmasına yox dərəcəsində ehtiyac olub. Moskva təhsil sistemində daima güclü qayda-qanun hökm sürdüyü hamıya məlumdur. Bu baxımdan Moskva Dövlət Kinematoqrafiyasında təhsil alan tələbələr sənətin sirlərinə dərindən yiyələnməklə yanaşı, eyni zamanda üzgüçülük, qılınc oynatma, at çarma və s. kimi idman növlərini də öyrənirdilər. Belə olan halda Ötkəm İsgəndərov və Həmidə Ömərova üçün nağıl filmində çəkilmək o qədər də çətin olmayıb. Çünki hər iki aktyor Moskvada təhsil aldıqları üçün at çarma, qılınc oynatma kimi idman növlərinə yaxşı bələd idilər.

Ö.İsgəndərov fikrimizə şərik olaraq deyir ki, təvazökarlıqdan uzaq olsa da qeyd etməliyəm ki, sizin sadaladığınız idman növlərini filmdə öz ifamızla nümayiş etdirmişik.

 

ÇƏKİLİŞ SİRLƏRİ VƏ YA KADRARXASI MƏQAMLARA SƏYAHƏT

 

Filmdə kənddə cərəyan edən hadisələrdən birinin çəkilişi zamanı yaradıcı heyətin bir neçə digər millətlərə mənsub olan üzvü içkili vəziyyətdə kamera qarşısına çıxıb. Doğrudur ki, onların iştirak etdiyi kadr çəkilərək lentə alınırdı, ancaq təsvir alınmırdı. “Belə olan halda qeyri millətdən olan şəxslər həmin çəkiliş aparılan obyektdən uzaqlaşdırıldılar. Növbəti dəfə həmin kadrın çəkilişləri zamanı sırf azərbaycanlı qrupu arasında yeganə olaraq Ukranya aktyoru Viktor Dəmirtaş(xatırladaq ki, Viktor Dəmirtaş Rasim Ocaqovun quruluşunda lentə alınan “Ölsəm, bağışla” və başqa bir neçə filmində çəkilmişdir) iştirak edirdi. Deməli Dəmirtaş ortancıl qardaşı-Xanməmmədi oynayırdı. Növbəti dəfə çəkilən bu kadr çətinliklər hesabına olsa da alındı, ancaq bir çox kadrlar var idi ki, maliyyə problemləri ilə əlaqədar olaraq çəkə bilmədik. Misal olaraq onların bir neçəsini yada salmaq istərdim. Çəkiliş vaxtı çox mənzərəli olan bir məkanda düşmənlərlə olan vuruş səhnəsi yaratmalıydıq, alınmadı, sonra dağların yüksəkliklərinə qalxaraq yıxılma səhnələri var idi ki, o da alınmadı” deyir Ötkəm İsgəndərov.

Ö.İsgəndərov Məlikməmməd roluna təsdiq olunan günün gecəsi bir qrup çəkiliş iştirakçısı ilə Naxçıvanda – Əbrəqunis kəndinə yola düşür. Təbii ki, səhəri gün Məlikmmədin geyimini geyinərək çəkiliş meydançasına gələn aktyor ilk növbədə atın üstünə qalxmalı olur.

Aktyor deyir ki, ilk əvvəl atı çapmaq aktyor üçün çətin olur: “Artıq bir neçə il idi ki, at çapma ilə məşğul olmurdum, necə deyərlər, bir növ yadırğamışdım. Əbrəqunis kəndinin düzəngahında ən maraqlı kadrlardan birinin çəkilişlərini aparmalı idik. Həmin kadrda mən atı sürətlə çapmalı və kaskadyorların tryuk nümayiş etdirdikləri nöqtədə (əvvəlcədən həmin yerə daş qoyulmuşdu) dayanmalı idim. Və mənim atı dayandırmağımla kaskadyorlar başıma tor atmalı, bu zaman isə hər iki tərəfin vuruş səhnəsi canlandırılmalı idi. Təsəvvür edin ki, onların atdığı tor atın başına düşdü. Yerə yıxılma səhnəsində isə kaskadyorlar məni qoruya bilmədilər. Yəni onlar kiçik bir tryukun öhdəsindən gələ bilmədilər ki, nəticədə də həmin kadr alınmadı”.

Mahnı teatrının səhnəsində aparılan çəkilişlər zamanı da belə bir hadisə baş verib: “Bu o kadrdır ki, biz üç qardaşı tutublar və divin əmri ilə boynumuzu vurmalıdılar. Bu zaman üç bacı bizi xilas etməyə gəlir. Onlar ilk növbədə oxla cəlladı öldürməli olurlar. Bundan sonra isə üç bacı və üç qardaş divin adamları ilə vuruşmağa başlayır. Belə məqamda Həmidə Ömərova bir dəfə qılınc atmaqla iki-üç nəfəri yerə sərirdi. Sonra məlum oldu ki, hamı yerə sərilib ancaq Həmidə hələ də qılıncla vurmağında davam edir. Bir də ki, cəllad dediyimiz aktyor ox bədəninə batmamışdan yerə yıxılmışdı ki, bu da gülüşə səbəb olmuşdu”.

Qeyd etdiyimiz kimi, filmin çəkilişi bir çox məkanlarda aparılmışdır. Qız qalasının yanında olan çəkilişləri isə Ötkəm İsgəndərov əbədi olaraq xatırlayacaq: “Çünki həmin çəkilişin vuruşma səhnəsində əvvəlcədən görülən hazırlıq proseslərinə baxmayaraq sırf kadra uyğun şəkildə məşqlər etməyimizə baxmayaraq lazım olan hərəkətləri etmək tələb olunurdu. Ancaq aktyor yoldaşımın hissə qapılması, özünü unudaraq doğrudan da vuruş meydançasında hiss etməsi və yaxud ola bilsin mənim hər hansı bir səhvə yol verməyim nəticədə ona gətirib çıxartdı ki, onun çaldığı  qılınc zərbə ilə qaşımın üstünə dəydi. Doğrudur ki, qaşımın üst tərəfinin partlaması çəkilən kadr üçün əlverişli məqam idi, ancaq mənim üçün yox. Təəssüf ki, həmin kadr filmdən çıxarıldı. Ancaq bu günə kimi də qaşımın üstündə qalan çapıq mənə filmi, çəkiliş günlərini xatırladır”.

 

HƏMİDƏ ÖMƏROVA: MOSKVADA TƏHSİL ALMAĞIM SƏNƏTLƏ BAĞLI HƏRTƏRƏFLİ BİLGİYƏ SAHİB OLMAĞIMA KÖMƏK EDİB

 

Yaradıcı heyət filmin növbəti kadrlarından birinin çəkilişinə hazırlaşırdı. Bu o kadrdır ki, Həmidə Ömərova at çapmalı və təbii ki, oyun nümayiş etdirməlidir. Belə bir məqamda heç kimin gözləmədiyi bir hadisə baş verir. At aktrisanı götürüb qaçır. Qorxu ilə atı minən, hətta onun üstündə qorxu ilə oturaraq çəkilişin başlanmasını gözləyən aktrisa birdən-birə karıxmış vəziyyətə düşür. Yaradıcı heyət hər hansı bir tədbir görməyə hazırlaşana qədər Ö.İsgəndərov H.Ömərovanı götürüb sürətlə qaçan atın ardınca düşür və nəticədə də aktyor yoldaşını xilas edə bilir.

Həmidə Ömərova deyir ki, bu filmlə bağlı xatirələrimiz çoxdur: “Filmdəki kadrlardan birinin çəkilişini isə heç bir vaxt unutmuram. Düşmənlərlə üz-üzə gəlmişik, lazımdır ki, onlarla vuruşaq, onları məhv edək. Hələ məşq prosesində bu kadrın çəkilişinə xüsusi olaraq hazırlaşmışdıq. Etiraf edirəm ki, Moskvada təhsil almağım mənim sənətlə bağlı hərtərəfli bilgiyə sahib olmağıma böyük kömək etmişdi. Bu baxımdan at çapma, qılınc oynatma, üzgüçülük kimi idman növlərini mənimsəyə bilmişdim. Elə ki, rejissor hazırlıq komandası verdi o saat qızğın döyüş başlandı. Mən qılıncı oynada-oynada düşmənlərin(təbii ki, düşmən libasında olan aktyor yoldaşlarımın) üzərinə hücuma keçdim, onları bir-bir məhv edərək irəliləməyə başladım. Özümü unudaraq o dərəcədə döyüşə aludə olmuşam ki, rejissorun “stop” komandası verməyini belə duymamışam. Bir vaxt ayıldım ki, boş yerə qılınc atıram və bütün çəkiliş qrupu da gülməkdən özlərini zorla saxlayırlar”.

Aktrisa onu da xüsusilə qeyd edir ki, filmin çəkilişinin maraqlı alınmasına səbəb yaradıcı heyətin üzvlərinin ruh yüksəkliyi ilə iş başında olması olub: “Yaxşı yadımdadır, filmə kənar studiyalardan da aktyor dəvət olunmuşdu. Onlardan Dəmirtaş adlı birisi heç öz yerində-yurdunda əməlli-başlı tanınmamasına baxmayaraq onu bu filmdə ikinci qardaş olan Xanməmməd roluna təsdiq etmişdilər. Çəkiliş vaxtı-qardaşların quyuya salınma kadrında-ikinci qardaş olan Xanməmməd rolunu yaradan Dəmirtaş iki ayağını da sındırdığı üçün onu növbəti kadrlarda ancaq oturulu vəziyyətdə çəkirdilər. Qalan səhnələrdə isə Dəmirtaşı öz aktyorumuz olan Ömər Nağıyev əvəz edirdi. Təsəvvür edin ki, at çapma, qılınc oynatma və digər tryuklarda çəkilən Ömür Nağıyev idi, ancaq yaxından olan çəkilişlərdə Dəmirtaş çəkilirdi”.

Xatırladaq ki, Həmidə Ömərovanın filmdə oynadığı Nurzad rolunun sınaq çəkilişlərində bir neçə aktrisanın ifası yoxlanılıb. Ancaq son məqamda üstünlük Həmidənin ifasına verilib. O vaxta qədər isə Həmidə Ömərova artıq bir neçə filmdə yaddaqalan obrazlar yaratmışdır: “Bu filmdən əvvəl mən Nəbi Xəzrinin pyesi əsasında çəkilən “Anlamaq istəyirəm” filmində baş qəhrəman olan Çinarə obrazını yaratmışdım. Sonra isə “Qızıl uçurum” filmində Şəfiqə obrazı mənə həvalə olundu. Hər iki filmdə yaddaqalan obraz yaratmağıma baxmayaraq inanmırdım ki, hələ aktrisa kimi tanına bilərəm. Elə ki, “Əzablı yollar” filminin “Dostluq” kinoteatrında olan ilk nümayişi başlandı onda hər şeyin əksini gördüm. Məni ekranda görən tamaşaçılar yerbəyerdən qışqıraraq “Həmidə Ömərovadır, tanıdınız” deyə bir-birlərinə tərəf səsləndilər. Bu sözlərdən sonra çox sevindim və başa düşdüm ki, artıq bir aktrisa olaraq tanınıram”.

 

YAŞAR NURİ: YAXŞI Kİ, ZAMANINDA BELƏ BİR FİLMİ ÇƏKMİŞİK

 

Adamları yemək olmur, adamların zayı çıxıb. Ramiz Rövşənə məxsus olan bu fikirlər filmdə divlərin ifasında təqdim olunur. Əgər xatırlayırsınızsa, filmin ən maraqlı kadrları divlərin iştirakı ilə çəkilən kadrlardır. Mərhum Eldəniz Zeynalovun, Səyavuş Aslanın və Yaşar Nurinin div rolunda çəkilmələri heç də asanlıqla başa gəlməyib. Əvvəla ona görə ki, hər üç aktyor ilk dəfə olaraq belə rolda çəkildikləri üçün kamera qarşısında div kimi dayanmaq lazım gəlirdi. Eyni zamanda isə hər üç aktyorun saçı tamamilə keçəl qırxdırılmışdı.

Görkəmli aktyor,  Xalq artisti Yaşar Nuri deyirdi ki, yaxşı ki, zamanında belə bir filmi çəkmişik: “Filmin çəkilişlərinin, xüsusilə də divlərlə olan səhnələrin çəkilişlərinin 90 faizi Naxçıvanda lentə alınıb. Sünilikdən tamamilə qaçmaq şərtilə divi canlı yaratmaq üçün öncə saçlarımız tamamilə qırxdırıldı. Bu ona görə idi ki, parik başımıza yaxşı yapışsın. Divlərin geyimini geyindikdən sonra başımıza parik keçirtdik. Onu da qeyd edim ki, div parikini başda gəzdirmək çox çətin olduğu üçün çəkiliş vaxtı əziyyət çəkməli olurduq”.

Filmə baxanlar yaxşı bilirlər ki, divlərin göstərildiyi kadrlar dağlarda çəkilib. Dağlarda aparılan çəkilişlərin də hansı çətinliklər hesabına başa gəldiyini yalnız həmin çəkilişə qatılanlar bilər. Təsəvvür edin ki, gündüz çəkilişdə olan, dağlarda aparılan çəkilişlərin əziyyətinə qatılan aktyorların bir neçəsi həmin günün axşamı Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində də rol oynayırmışlar.

Yaşar müəllim deyirdi ki, “Dünya gülməsəydi, yaşamazdı” proqramında Naxçıvan teatrının aktyorları ilə çıxış edirdim, Səyavuş Aslan isə onların hazırladığı “Hicran” tamaşasında oynayırdı: “Etiraf edim ki, teatr rəhbərliyinin bu təklifi həm bizə, həm də onlara xeyir verirdi. Onların planı dolurdu, biz isə qonorar alırdıq”.

Hələ sınaq çəkilişləri zamanı Tofiq İsmayılov belə qərara gəlib ki, div rollarına dəvət etdiyi aktyorları sınaqsız olaraq çəksin. Bu da ondan irəli gəlirdi ki, rejissor hər üç aktyorun talantına bələd idi. Eyni zamanda isə hər üç aktyor o vaxta qədər bir neçə  filmdə çəkilmiş, geniş tamaşaçı auditoriyasının alqışını qazanmışdılar: “Filmdə div rolunu, div paltarını geyinməyimizə baxmayaraq xarakterimiz insan xarakteridir. Əgər fikir vermisinizsə, kadrların birində mən kitab oxuyarkən kitabı əlimdən alaraq atırlar və oxumamağı məsləhət görürlər. Yəni bu üçlük div olmalarına baxmayaraq onların canında ziyankarlıq yoxdur, xoşrəftarlı divlər idi”.

Filmdə kitabı əlindən alınaraq atılan, üstünə acıqlanan divin(Yaşar Nuri) ağlama səhnəsi var. Adətən ağlama səhnəsi ya süni hazırlanır, ya da ürəkdən olan ağlama nəticəsində çəkiliş aparılır. Ancaq Yaşar Nurinin ağladığı səhnə bu səbəblərin heç birinə görə yaranmayıb.

Aktyorun dediklərindən: “Öncə həmin kadrın çəkilişi alınmırdı. Ən sonda isə Tofiq İsmayılov rejissor hiyləsindən istifadə etməyi qərar aldı. O vaxtlar mən cavan idim. Gənclikdən doğan bir xasiyyətim də ondan ibarət idi ki, söz götürən deyildim. Hiylə ilə bu xasiyyətimdən istfadə edən rejissor məni hirsləndirdi, o dedi, mən dedim, mən dedim, o dedi, nəhayət necə qəzəbləndimsə, özümü saxlaya bilmədim söyə-söyə ağlamağa başladım. Mənə ziyan gətirən bu ağlama rejissorun xeyrinə oldu ki, nəticədə də kadr inandırıcı alındı”.

Sonralar Yaşar Nuri Tofiq İsmayılovun çəkdiyi “Sürəyya”, “Xəzan yarpaqları” filmlərində də çəkilib.

 

“MƏLİKMƏMMƏD” ADI “ƏZABLI YOLLAR”LA ƏVƏZ EDİLDİ

 

“Əzablı yollar” filminin istehsalata buraxıldığı illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Əlibəyov olub. Onun rəhərliyi ilə filmə baxış keçirilir. Filmi qəbul edən rəhbərlik onu Moskvanın baxışına təqdim edir. Moskva ilk olaraq filmin adını- “Məlikməmməd”i dəyişdirərək “Əzablı yollar” edir. Filmin neçənci kateqoriyaya layiq görüldüyünü dəqiq öyrənə bilməsək də, yalnız onu deməliyik ki, “Əzablı yollar” amerikan kinoprodüserlərinin seçib 1989-cu ildə ABŞ-da nümayiş etdirdikləri 17 ən yaxşı sovet kinolentinin siyahısına daxil edilmişdir.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi Oqtay Məmmədzadə, rejissor Tofiq İsmayılov, operator Şərif Şərifov, Vladimir Sarocnikov, rəssam Elbəy Rzaquliyev, Rafiq Nəsirov, bəstəkar Tofiq Quliyev, səs operatoru Vladimir Savin.

Rollarda iştirak edirlər: Eldəniz Zeynalov, Səyavuş Aslan, Yaşar Nuriyev(divlər),  Həsən Məmmədov(padşah), Məmmədrza Şeyxzamanov(nağılçı), Ötkəm İsgəndərov(Məlikməmməd), Elşad Qazıyev(Şahməmməd), Viktor Dəmirtaş(Xanməmməd), Sonaxanım Əliyeva(Rərizad), Həmidə Ömərova(Nurzad), Leyla  Manafova(Gülzad), Həşim Qadoyev(Qara qasırğa).

Saleh ŞƏKƏRLİNSKİ