04.12.2020…SÜKUT
II Qarabağ müharibəsi başladığı gündən xalqımızın dövlətçilik, millətçilik duyğuları ilə həmrəy olması və dünya ölkələrində yaşayan soydaşlarımızın, ümumiyyətlə isə bütün türk, müsəlman dünyasının birləşərək Azərbaycana dəstək nümayiş etdirməsi bir daha sübut etdi ki, ölkəmiz haqq işi uğrunda mübarizə aparır və bu mübarizə uzun illərdir davam edib. Nəhayət gözlənilən gün yetişdi, Ali Baş Komandanın əmri ilə Azərbaycanın müzəffər ordusu Qarabağ uğrunda döyüş meydanına atıldı.
Bəzən deyirlər ki, müharibələr bir-birinə bənzəyir, çünki hamısında savaş var, ölüm, göz yaşı var. Bu, bəlkə də müəyyən mənada doğrudur, ancaq haqq işi uğrunda olan müharibələr heç də işğalçılıq siyasəti üzərində qurulan müharibələrə bənzəməz. Bu baxımdan Qarabağ müharibəsi 30 illik ağrının-acının müharibəsi idi və bu müharibədə Azərbaycan sadəcə öz ordu gücünə arxayın oldu, oğullarını qurban verərək torpaqlarını xilas etdi. Bizim şəhidlərimiz var və bu şəhidlərin hər birinin keçdiyi qısa ömür yolu bizim üçün artıq qəhrəmanlıq simvoluna çevrilib.
Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzaladı və bu gün – 4 dekabr saat 12.00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan xalqı şəhidlərimizin xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə etdilər, dövlət bayraqları endirildi, nəqliyyatın hərəkəti dayandırıldı, avtomobillərdən, gəmilərdən səs siqnalları verildi. Bu anım gününün ikonası Şuşanın rəmzi sayılan “Xarı Bülbül” seçildi. Azərbaycanın bütün şəhər və rayonlarındakı məscidlərdə, kilsə və sinaqoqlarda Vətən müharibəsi şəhidlərinin anma mərasimləri keçirildi.
Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olmuş, hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin tibb müəssisələrində müalicəsi davam etdirilir.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət, yaralı əsgərlərimizə isə şəfa diləyirik.VƏTƏN sağ olsun!
aki.az