AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQININ SƏDRİ RÜSTƏM İBRAHİMBƏYOV AKTYOR HACI MURAD YEGİZAROVU YUBİLEY MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Kinematoqrafçılar İttifaqının üzvü, xalq artisti Murad Yegizarovu yubiley münasibəti ilə təbrik edib. O facebook səhifəsində paylaşdığı təbrikdə deyir:

Avqustun 18-i Murad Yegizarovun yubileyidir. Tale bizi gənclik illərindən yaxın edib: bir ildə doğulduq, bir məktəbdə oxuduq, tələbəlikdə dostluq etdik, sonralar isə mənim pyeslərim və senarilərim əsasında film və tamaşalarda məmnuniyyətlə bir yerdə işlədik.

Gözəl görkəmi və təbii istedadı ilə Murad tez bir zamanda məşhurlaşdı. Amma peşəyə sadiqliyi onu ulduz xəstəliyindən qorudu və illər keçdikcə o aktyor sənətinin zirvələrinə qalxdı.

Əziz Murad,  peşə seçimində sən məni bir neçə il qabaqladın, mənim ilk senarim əsasında filmdə çəkiləndə sən artıq tanınmış aktyor idin. Amma onda da , indi də, sən məndən geri qalmısan – mən səndən yarım il böyüyəm. Sənə də , özümə də arzu edirəm ki, bu yaş fərqi necə var qalsın , nə kiçilsin , nə də böyüsün. Bizim çoxlu birgə xatirələrimiz var, amma bu günümüz də çox maraqlıdır və ümid edirəm ki, birgə işlərimiz hələ qabaqdadır.

Sənin son şəkillərini gördüm, deyə bilərəm ki, 80 yaş sənə çox yaraşır.

Bağrıma basır və bir daha səni təbrik edirəm!