35 illik şərəfli ömür və yaxud Cabbarlı dramaturgiyasına qısa baxış

Bu gün dramaturq, kinossenarist, kinoşünas, teatrşünas, bir sözlə, 35 illik həyatına sanki bütün sahələri birləşdirərək yaşamaq düşən Cəfər Cabbarlının dünyaya göz açdığı gündür.

Yaradıcılığa şerlə başlayan, ən gözəl əsərlərini dramaturgiya janrında yazan, Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi kimi tanınan, zəngin xalq yaradıcılığına əsaslanan C.Cabbarlı, əsasən Mirzə Fətəli Axundov realizmindən qidalanıb, onun maarifçi-demokratik fikirlərini, Azərbaycan ədəbiyyatı üçün ən düzgün bir yaradıcılıq yolu hesab edib.

Əslində onun yaradıcılığı zaman etibarilə çox da davam etməyib, sadəcə olaraq siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edib. Az ömürlə nələr etdi, çox yaşasaydı nələr etməzdi fikri Cabbarlı yaradıcılığını bilənlər üçün bir təskinlik rolunu oynayır. O mənada ki, onun yaratdığı sənət nümunələri illər keçsə də öz dəyərini itirmir, əksinə, hər dövrün nəbzini tutaraq daha da inkişaf edir.

O, teatr haqqında deyib: “Teatr – yüksək bədii bir dərəcədədirsə ölkə də ümumən gözəl inkişaf edəcəkdir. Mədəniyyət – elm və sənətdən ibarətdir. Teatr isə sənətin başqa qismlərini birləşdirir”. Dramaturq bütün ömrünü teatra həsr etməsinə baxmayaraq incəsənətin vacib sahələrindən biri olan kinoya da çox böyük diqqət ayırıb, ümumiyyətlə isə Azərbaycan milli kinosunun yaranmasında başlıca rol oynayanlardan biri olub.

Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə müdiri işləyərkən o vaxt yenicə inkişaf edən kino sənəti ilə maraqlanmağa başlayıb. 1928-ci ildə Bakı kino fabrikində Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə “Hacı Qara” əsərinin motivləri əsasında film çəkilir. Məhz bu filmlə Azərbaycanın ilk milli kino ssenaristi kimi tanınan dramaturq, qadınlarımızın çadradan xilas olub, siyasi-ictimai həyata çıxartmaq üçün kinematoqrafiyanın imkanlarından geniş istifadə etməyi düşünür. Və beləliklə də “Sevil” filmi ilə bu arzusunu həyata keçirir. Bu barədə bir qədər sonra…

Ömrünün son illərində böyük dramaturq müəyyən səbəblərdən, ola bilsin ki, bəzi onu gözü götürməyən bədxahların ucbatından teatrdan çıxıb Bakı kino fabrikində daimi fəaliyyətə başlayıb. Kino onu getdikcə daha çox cəlb etməyə başlayır. Əgər bunun bir səbəbi onun sənət ehtiraslı bir şəxsiyyət olması idisə, digər səbəbi ölkəmizdə sənətin bu sahəsində lazımi kadrların olmaması ucbatından vəziyyəti çox ağır olaraq qalırdı. Kino işlərini canlandırmaq məqsədi ilə əlindən gələni əsirgəməyən Cabbarlı, həm ssenarist, həm də rejissor kimi çalışırdı. O, azərbaycanlılardan ibarət operator, rəssam, rejissor və kino-aktrisa yetişdirmək barədə məsələ qaldırmış, kinoda işlədiyi zaman isə bu sahədə ciddi fəaliyyət göstərib. Bu da o deməkdir ki. Kino sənətində milli kadrların hazırlanmasında rol oynayan dramaturqlardan biri də məhz Cabbarlı olub.

Azərbaycanda milli kino sənətinin inkişafında böyük xidmətləri olan, milli kinosunun yaranmasında, milli kadrların yetişdirilməsində, kino işinin milli əsaslar üzərində qurulmasında böyük rol oynayan dramaturq ömrünün son ilində qadın azadlığını müdafiə edərək çəkilişinə can atdığı, bu arzusunu reallaşdırmaq üçün gecəsini gündüzünə qatdığı “Sevil” filmində bütün fikrini tam ifadə etməyə çalışıb. Bu film Azərbaycan kinematoqrafçılarının qadın əsarətinə qarşı olan ilk etiraz səsi idi. “Sevil” filminin böyük uğur qazanması, ümumiyyətlə kinodakı bu işindən hədsiz dərəcədə sevinən Cabbarlı “Almaz” və “1905-ci ildə” pyesləri üzrə kinossenarilər yazdı və “Sevil”dən dərhal sonra “Almaz” filminin çəkilişlərinə başladı. Dramatuirqun həyat yoldaşı Sona xanımın xatirələrindən belə məlum olur ki, Cəfər Cabbarlı bu quruluşu başa çatdıra bilməyib, vaxtsız ölüm onu bu işindən ayırıb, və onun sənət dostları “Almaz” filmini çəkilişini davam etdiriblər. Və sənət dostları 1935-ci ildə, onun ölümünün birinci ildönümündə uğurla başa çatdırdıqları film haqqında onun məzarı üstündə raport veriblər…

35 illik qısa ömür və bu ömrə sığmayan saysız-hesabsız sənət nümunələri, hələ bədxah insanlarla mübarizə apararaq milli sənəti, sənətkarlığı qoruması və bununla da göz görə-görə ömrünü qısaltması…bunu sadəcə Cəfər Cabbarlı kimi şəxsiyyətlər edə bilərdi. 121 yaşında belə oxunan, dəyərləndirilən ustadı böyük sevgiylə yad edirik…

Azərbaycan Kinematoqrafaçılar İttifaqı