5-ci DokuBaku festivalı 3 - 7 noyabrda keçiriləcək

5-ci DokuBaku Beynəlxalq Sənədli Film Festivalı 3 – 7 noyabr 2021 tarixlərində Bakıda keçiriləcəkdir.

2017-ci ildə yaradılmış festival ilk müstəqil beynəlxalq sənədli film festivalıdır, məqsədi dünyanın hər yerindən qabaqcıl sənədli filmləri təqdim etməkdir. Festival, eyni zamanda, hər il olduğu kimi, yeni müəllifləri aşkarlamaq və yerli sənədli film üzrə filmmeykerlərə dəstək vermək niyyətindədir. Və builki festivalın əsas mövzusu “Hİsslər±” dir.

Yeri gəlmişkən, hazırkı dövrdə insanların hissləri sosial inkişaf, siyasi mühit, maddi rifah və qlobal pandemiya kimi ciddi sınaqlara məruz qaldığına görə belə bir seçim edilib. Fərdi təcrübələri və fiziki vəziyyəti də daxil olmaqla, bütün bunlar insanın dünyanı necə qavradığına təsir edir. Bu il münsiflər heyətini insanların daxili və xarici dəyişimlərinə, özünü axtarışlarına və yer üzündə var olma anlamlarına həsr olunmuş filmlər xüsusilə maraqlandıracaq. Bundan başqa, bu il müsabiqədən kənar filmlər də nümayiş olunacaq. Bundan əlavə, festival çərçivəsində Azərbaycan sənədli filmlərinin retrospektivi təşkil olunacaqdır. Bu, mərhum azərbaycanlı ssenarist və rejissor Çingiz Rəsulzadənin xatirəsinə həsr olunacaq. Müraciətlər 20 sentyabr tarixinədək FilmFreeWay-da təqdim oluna bilərlər.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı ənənəvi olaraq Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalı olan DokuBaku Beynəlxalq Sənədli Film Festivalıyla əməkdaşlıq edir və bu ənənəni davam etdirmək niyyətindədir.

aki.az